ABŞ-da olan şahmatçımızdan Bakıya ilginc suçlama

"Mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur" deyən, Şəhriyar Məmmədyarova cavab gecikmədi: "Dəfələrlə ailəsinə dövlət tərəfindən mükafatlar və mənzillər verilib"

Azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov sponsorsuzluqdan gileylənib.

"Maqnus Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonda bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Buradan belə qərara gəldim ki, 40-45 gün sürən turnirlərə son qoyum. Gərək, az oynayıb, özümdə güc saxlayım".

"Report" xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi "facebook" səhifəsində yazıb.

Hazırda FIDE reytinqində 3-cü pillədə qərarlaşan 33 yaşlı qrossmeyster sponsorunun olmamasında şikayətlənib. O, qazanc məqsədi ilə çoxlu sayda oyun keçirmək məcburiyyətində qaldığını yazıb: "Əlbəttə, bu qədər ard-arda oynamaq biabırçılıqdır. Bu gün jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım "pul" deməyə. Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur.

Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün insanların sponsoru var. Amma sabah yenə oyunum var və gərək hazırlaşam. Çox heyf, amma şahmat belə, məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm - bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. Onda isə bu söhbətlər sadəcə, mənasız olacaq".

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov  unikal.org-açıqlama verib. O bildirib ki, o, bu günə qədər heç bir yarışa öz hesabına getməyib: "Şəhriyar Məmmədyarov hazırda çox ağır bir turnirdə oynayır. Bu ağır turnir yəqin ki, onun əhval-ruhiyyəsinə öz təsirini göstərir. O, heç bir turnirə öz hesabına getmir və hazırda onun ən böyük sponsoru Azərbaycan dövlətidir. Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, klubdursa, qatıldığı yarış həmin təşkilat tərəfindən maliyyələşdirilir. Əgər super turnirdirsə, öz şəxsi statusuna müvafiq olaraq turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm yol, həm də qalmaq pulu ödənilir. Ola bilsin ki, Şəhriyar Məmmədyarov onunla gedən şəxsi məşqçisinə öz pulundan xərcləsin.

Mən də istəyərdim onun şəxsi sponsoru olsun. Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti....

Ş.Məmmədyarov öz yüksək statusuna görə bundan da yüksəklərə layiqdir. Azərbaycan tarixində bu cür şahmatçı olmayıb. Yaxın gələcəkdə də olacağını düşünmürəm.

Ş.Məmmədyarov hər cür dəstəyə, sponsora layiq adamdır. Ona ölkə başçısı, federasiyamızın rəhbəri, Gənclər və İdman Nazirliyi tərəfindən daim dəstək göstərilir. Dəfələrlə Məmmədyarov və ailəsinə dövlət tərəfindən mükafatlar və mənzillər verilib".

Qeyd edək ki, "Sinquefield Cup" turnirində 8 turdan sonra 5 xal toplayan Fabiano Karuana liderdir. Rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Şəhriyar Məmmədyarov, ermənistanlı Levon Aronyan və norveçli Maqnus Karlsen 2 - 5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4,5 xal var. 6-7-ci yerləri hərəyə 4 xalla fransalı Maksim Vaşyö-Laqrav və hindistanlı Vişvanatan Anand tutur. Ardınca 3,5 xalla ABŞ təmsilçisi Uesli So və 3 xalla Hikaru Nakamura qərarlaşıb. Rusiyalı Sergey Karyakin isə 2,5 xalla sonuncudur. 

Şəhriyar Məmmədyarov  1985-ci ilin 12 aprelində Sumqayıtda anadan olub. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31