"Almaniyanın regionda siyasi aktivliyi ölkəmizin milli maraqlarına cavab verəcək"

"Almaniyanın federal kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda apardığı danışıqlar iki tərəfli siyasi-iqtisadi əlaqələrin inkişafına yeni təkan verməklə yanaşı, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasını tezləşdirəcək. Almaniya Avropa İttifaqının iqtisadi gücüdür, hazırda isə siyasi olaraq aktiv beynəlxalq arealda rol almağa başlayıb. Ona görə də ölkəmiz rəsmi Berlinlə ticari-iqtisadi əlaqələrlə paralel siyasi əlaqələri də möhkəmləndirməlidir".

Bu fikirləri Olaylar.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Almaniya beynəlxalq miqyasda dəyişən şərtlər fonunda, regionun aparıcı ölkəsi olan Azərbaycanla siyasi təmasları inkişaf etdirəcək: "Çünki, Bakı-Tiflis-Qars dəmiryolu ilə Mərkəzi Asiyaya çıxışı, NATO tərkibində Əfqanistana yüklərin daşınması, "Şimal-Cənub Nəqliyyat" Dəhlizi vasitəsi ilə İranla nəqliyyat əlaqəsi və Fars körfəzinə çıxış imkanları məhz ölkəmizin strateji nəqliyyat qovşağı kimi Almaniyanın diqqətindədir. Bundan əlavə, Avropanın enerji şaxələndirilməsində rol alacaq "Cənub Qaz Dəhlizi " və "Transxəzər" boru kəmərinin Almaniya üçün də iqtisadi dividentləri xanım Merkelin ciddi marağındadır".

Politoloq qeyd edib ki, Gürcüstan və Ermənistandan fərqli olaraq, Merkelin Azərbaycana səfəri daha məhsuldar keçdi və iki ölkə arasında siyasi-iqtisadi əlaqlərdə yeni səhifə açır: "Merkelin insan hüquqları və demokratiya barədə apardığı danışıqlar iqtisadi əməkdaşlığın kölgəsində qaldı. Rəsmi Berlin insan hüquqları və məhkəmə məsələlərinə bir o qədər diqqət ayırmaq həvəsində olmadı. Xanım kansler həm Yerevanda, həm də Bakıda Qarabağ münaqişəsinin həllinə kömək edə biləcəyini qeyd etdi. Ermənistan Merkelin Qarabağ bəyanatından xoşlanmır və Almaniyanın həmsədrliyinə qarşıdır. Merkel həqiqətən də dəyişən geosiyasi şərtlər fonunda münaqişənin ədalətli və beynəlxalq hüquq çərçivəsində həllinə kömək edə bilər".

Məhəmməd Əsədullazadə vurğulayıb ki, rəsmi Bakı Merkelin Qarabağ bəyanatına dəstək verməli və Minsk qrupunun həmsədrliyinə gətirilməsinə çalışmalıdır: "Fransadan fərqli olaraq, Almaniya iki başlı oyun oynamayacaq. Təssüf ki, biz xanım Merkelin Azərbaycanın ərazi bütövlüyü barədə Güecüstanda olduğu kimi bıyanat vermədi. Bu gün Fransanın Cənubi Qafqazda siyasi rolu, Ermənistanın xeyrinədir. Almaniyanın regionda siyasi aktivliyi ölkəmizin milli maraqlarına cavab verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31