Merkelin Azərbaycana səfəri antiAzərbaycan şəbəkəni niyə narahat edir?
21 Avqust 2018 13:45 SiyasətAzərbaycanın artan siyasi və iqtisadi gücü, regionda əsas söz sahibinə çevrilməsi ölkəmizə beynəlxalq aləmdə olan marağı, diqqəti artırır. Müntəzəm olaraq Azərbaycana müxtəlif ölkələrin dövlət və hökumət başçılarının səfərləri, burada keçirilən görüşlərin nəticəsi olaraq imzalanan sənədlərin timsalında bunu aydın görmək mümkündür. Ölkəmizə olan maraq son vaxtlar Avropada özünü daha qabarıq şəkildə büruzə verir. Bir müddət əvvəl İtaliya prezidentinin Azərbaycana səfər etməsi, bundan əvvəl isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belçikaya səfəri və Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın bir qədər də genişləndirilməsi istiqamətində atılan addımlar deyilənlərin bariz nümunəsidir.
Qoca qitədə Azərbaycana olan marağın artmasını şərtləndirən başlıca amillərdən biri ölkəmizin iştirakı ilə gerçəkləşdirilən qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələridir. Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələr yaxın perspektivdə Avropanın emerji təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayacaq ki, bu üzdən qoca qitədə Azərbaycana olan maraq hər ötən gün daha da artır.
Avropada Azərbaycana olan marağın artmasını bu günlərdə də açıq şəkildə müşahidə etməkdəyik. Söhbət Almaniyanın kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna səfərindən gedir. Məlum olduğu kimi avqustun 23-25-i tarixlərində Cənubi Qafqazda səfərdə olan Almaniyanın kansleri Angela Merkel səfər çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycanda olacaq, hər üç ölkənin rəsmiləri ilə görüşlər keçirəcək. Qeyd etmək lazımdır ki, bu Almaniya kanslerinin sözügedən ali vəzifəni icra etdiyi müddətdə regiona ilk səfəridir və haqlı olaraq Cənubi Qafqazın hər üç ölkəsi bu səfərə xüsusi önəm verir.
Ancaq görünür Almaniya kanslerinin Cənubi Qafqaz regionuna səfəri, xüsusilə səfər çərçivəsində Azərbaycanda olması və ölkə rəsmiləri ilə nəzərdə tutulan görüşlər hər zamankı kimi antiAzərbaycan şəbəkəni bərk narahat etməyə başlayıb. Elə bu səbəbdəndir ki, Almaniyada məskunlaşmış antimilli ünsürlər kansler Merkelin Azərbaycana səfərinə etiraz etmək qərarına gəliblər. Kifayət qədər gülməli və absurd bir yanaşma və fəaliyyət. Guya ki, qoca qitənin o boyda ölkəsinin koskocaman kansleri 3-4 gədə-güdənin etirazını nəzərə alaraq Azərbaycana gəlməyəcək. Əslində isə Avropadakı, xüsusilə Almaniyadakı antimilli ünsürlərin ciddi narahatçılığına ehtiyac var. Belə ki, məlum şəbəkənin kansler Merkelin Azərbaycanda keçirdiyi görüşlərdən sonra çətin duruma düşəcəyi, hətta onların Alımaniyadan çıxarılacağı da mümkün variantlar sırasındadır. Nədən ki, onların böyük əksəriyyətinin Almaniyaya saxta sənədlərlə üz tutduğu hər kəsə bəllidir. Xanım Merkelin bu həqiqətlə Azərbaycanda yaxından tanış olması onlar üçün arzuedilən deyil və Avropadakı gözıl həyatlarının sonu deməkdir. Ona görə də antimilli ünsürlər ciddi cəhdlə xanım Merkelin Azərbaycana səfər etməməsi arzusundadırlar. Bəli, məhz arzusunda. Bu arzunun reallığa çevrilməsi isə qətiyyən mümkün deyil. Yuxarıda qeyd etdiyimiz kimi Almaniyanın dövlət maraqları 3-4 gədə-güdənin arzu və istəklərindən daha üstündür.
Onu da qeyd edək ki, Almaniyadakı antimilli ünsürlərin kansler Merkelin Azərbaycana səfərinə etiraz əlaməti olaraq nəzərdə tutduqları aksiya bu ölkədə fəaliyyət göstərən diasporamız tərəfindən də pislənilib və məlum şəbəkənin antimilli fəaliyyəti kəskin tənqid olunub. Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyva bildirib ki, Berlində, xanım Merkelin qərargahı qarşısında aksiya edəcək şəxslərin hələ də kimə və nəyə, hansı iyrənc bir qruma islədikləri bəlli deyil: "Üzümü o insanlara tutub deyirəm, bu çirkli əməllərinizdən əl çəkin. Bir neçə insanları qızışdırmaqla, facebook sosial şəbəkəsində onların beynini yuyub yalnış yola çəkməklə siz onları uçruma aparırsınız. Hələ indiyə kimi siz xalqa, vətənə cüzi qədər də olsa xeyir vermədiniz, əksinə ancaq zərər verirsiniz. O ki, qaldı xanım Merkelə, ona şəxsən mənim və mənim kimi milyonlarla insanların çox böyük hörməti var, Merkel Almaniya üçün çox işlər görüb. Bütün bunlara baxmayaraq Almaniyada da bir neçə qurum var, məsələn, "NPD", "Pegida" və s. Bu partiyalarda olanlar da sizin kimi küçələrə tökülür, Facebookda, YouTube da xanım Merkeli diktator adlandırırlar, lakin və hər zaman böyük bir qism Alman xalqı bunlara qarşı çıxır. Çünki bunlar Hitlerin qollarıdırlar, bu insanlar hər zaman çirkli işlərlə məşğul olublar, asan yollarla pul qazanmağa can atıblar, Alman olsalar da, yazıb-oxumaları yoxdur, öz vətənləri Almaniyada işsizdirlər. Bunlara da Almaniyada çox zəif insanlar deyirlər". Naiba Hacıyeva deyib ki, əqidəsi zəif olan insanların beynini yumaq, yalnış yola çəkmək çox asandır: "Almaniyada da sizin kimilərdən var.Məsələn Lutz Bachmann deyə qara bir ulduz var, o da xanım Merkeli yıxmaq istədi, bacarmadı. Qara ulduz Lutz Bachmann xanım Merkele qara yaxdığ, insanları qızışdırdığı üçün hətta İngiltərə belə ona girişə qadağa qoydu. Mən sizi, Azərbaycanın üz qaraları, həmin bu Hitlerin qollarından olan Lutz Bachmann kimilərə bənzədirəm. Lutz Bachmann da özünü ,, müxalifətçi" adlandırır. Bəsdirin, yetər artıq, əl çəkin bu çirkin əməllərinizdən. Gözəl və qürurverici işlərlə məşğul olun. Xanım Merkel sizin də Pegida kimilərdən olduğunuzu bilir. Boş yerə insanları aldadıb yollara tökməyin, heç bir şey əldə edə bilməyəcəksiniz. Bəli Azerbaycan xalqı həmrəydir, Dövlətimiz, bayrağımız, dövlət başçımız Vətənimizin rəmzidir. Əminəm ki, xalqımız hər zaman öz rəmzini qoruyacaq. Vətəninə, dövlətinə zərər vurmaq istəyən sizin kimilərə imkan yaratmayacaq".
Süleyman