"Konvensiya Azərbaycana müsbət impuls vəd edir" - Millət vəkili
16 Avqust 2018 14:08 Siyasət"Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycanın uğurlarına uğur qatacaq"
Bunu millət vəkili, politoloq Rasim Musabəyov söyləyib.
Ekspertin qənaətincə, bu konvensiyanın imzalanması bir sıra problemlərin həllinə şərait yaradacaq:
"Xəzəryanı ölkələr arasında müəyyən mübahisələr mövcud idi. Həmin zidiyyətlərə son qoymaq üçün hansısa bir hüquqi statusa ehtiyac vardı. Və bu hüquqi status tanındı. Beləliklə, Azərbaycanın mövqeyinə yaxın məsələlərin həllinə şərait yarandı. Həmin gərginliyə səbəb olan amillər Xəzərin ərazi bölgüsü, təbii sərvətlərin bölüşdürülməsi ilə bağlı idi.
Artıq o məsələlərin həlli ilə bağlı hüquqi baza formalaşıb. Həmin bazaya söykənərək Azərbaycan həm İranla, həm də Türkmənistanla razılaşmaya gələ bilər. Necə ki, vaxtilə Qazaxıstan və Rusya ilə razılığa gəldi. Bu mənada Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması ölkəmizə impuls vəd edir".
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Sherg.az