Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü bizə nə verə bilər?

Müntəzəm olaraq Azərbaycanın şimal qonşumuzun zamanında yaratmış olduğu Avrasiya İqtisadi Birliyi, eləcə də bir növ NATO-ya alternativ kimi təqdim edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ilə bağlı fikirlər səsləndirilir, təşəbbüslər irəli sürülür. Bildirilir ki, Azərbaycanın adıçəkilən hər iki quruma üzvlüyü Dağlıq Qarabağ probleminin ölkəmizin maraqları çərçivəsində həllinə yol aça bilər. Bu günlərdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üvlüyünün mümkünlüyü barədə daha bir fikir səsləndirlib. Azərbaycan parlamentinin üzvü və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli haqqin.az saytına müsahibəsində deyib ki, Azərbaycan və Rusiya əməkdaşlığın bir sıra iqtiqamətlərində faktiki strateji müttəfiqə çevriliblər. Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü də ola bilər. Məsələ ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətincə, millət vəkilinin sözlərindən çıxan nəticə budur.  Rusiya Azərbaycanla bir-birinə o qədər yaxındırlar ki, Azərbaycanın Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünə heç bir faktor mane olmur: "Millət vəkili misal kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Tacikistanı, Qazaxıstanı və Belarusu göstərir. Yəni millət vəkilinin sözlərinə görə, bu dövlətlərin təşkilata üzvlükləri onların müstəqillliklərinə zərrə qədər də təsir etməyib. Bilmirəm, bu Əli Hüseynlinin şəxsi fikirləridir, yoxsa hansısa qrupun Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında nəbz yoxlamasıdır, ancaq hazırki şərtlərlə altında təşkilata üzvlük mənafelərimizə xidmət etmir. Əli Hüseynlinin qeyd etdiyi "geosiyasi şərtlər" hələ reallığa çevrilməyib. Bəli, Ermənistanın yeni hakimiyyətinin siyasəti Rusiyada narahatlıq yaradır. Ancaq bu bizə eyforiyaya qapılmaq və "Rusiya-Ermənistan münasibətləri pozulur, bundan öz məqsədlərimiz üçün istifadə edək" kimi tələsik qərarlar vermək üçün əsas vermir. Rusiya sabah asanlıqla Ermənistanda narazı qaldığı baş nazir Nikol Paşinyanı öz tərəfdarı ilə əvəz edə bilər. Moskva bunu əvvəllər də Ermənistanda edib, indi də bunu etmək üçün bu ölkədə kifayət qədər resursu var. Birincisi, işğalçı (Ermənistan) dövlətlə işğala məruz qalan (Azərbaycan) dövlət eyni hərbi təşkilatda necə fəaliyyət göstərə bilərlər? NATO-da belə hal mümkün deyil. İkincisi, Rusiyanın Ermənistanda hərbi bazaları var və bu ölkəyə silah almaq üçün kreditlər verir. Azərbaycan bunu normal qəbul edərəkmi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istəyir? Yoxsa biz elə düşünürük ki, təşkilata üzv olsaq Rusiyanın Ermənistanı silahlandırmasının qarşısını alacağıq? Üçüncüsü, təminat varmı ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli sürətləndirmək məqsədilə Ermənistana təsir edəcək? Dördüncüsü, Əli Hüseynlinin müstəqlliklərini itirməyən Tacikistan, Belarus və Qazaxıstan misalları isə Azərbaycan üçün nümunə ola bilməz. Çünki, Azərbaycandan fərqli olaraq bu 3 dövlətin NATO ilə əməkdaşlığı yoxdur", Politoloq deyib ki, adıçəkilən ölkələr Azərbaycan kimi balanslaşdırılmış xarici siyasət yürütmürlər: "Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra həm NATO ilə əməkdaşlıqdan, həm də balanslaşdırılmış xarici siyasətdən imtina etmək məcburiyyətində qalacaq. Bunu bizdən Moskva tələb edəcək, haqlı da olacaq, bir hərbi blokun üzvü ona qarşı olan hərbi blokla əməkdaşlıq etməməli və balanslaşdırılmışdı xarici siyasət yürütməməlidir. Deyəsən 200 illik Rusiya əsarəti bizə yaxşı dərs olmayıb. Son misal da Rusiyanın tərəfdaşları ilə hansı siyasətə üstünlük verdiyindən xəbər verir".

Elxan Şahinoğlu onu da diqqətə çatdırıb ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın Aktau şəhərində Xəzərin statusuna dair Konvensiyanın imzalandıqdan dərhal sonra Dağıstanda xüsusi müşavirə keçirdi. Politoloq deyib ki, Şoyqu Dağıstanda Xəzərdə yeni hərbi bazanın yaradılması işlərini müzakirə edib: "Dağıstanın Kaspiysk şəhərində müasir hərbi dəniz bazasının tikilməli olduğunu tapşırdı. Hazırda bazanın tikintisinə hazırlıq gedir. İnfrasturktur qurulur. Sergey Şoyqunun sözlərinə görə, Kaspiysdəki hərbi bazada hərbi qulluqçuların sayı çox olacaq. Bundan başqa Mahaçqala şəhərinin limanında hərbi obyektlər tikilir. Sual olunur: Rusiyanın müdafiə nazirinin Xəzərin statusu müəyyənləşəndən sonra dərhal sonra Dağıstana gedib hərbi liman tikintisinin sürətləndirilməsi barədə açıqlama verməsi nəyə lazım idi? Bu kimə və ya kimlərə mesajdır? Axı Aktauda imzalanan Konvensiyada da bildirilib ki, sahil ölkələri Xəzərə aid olmayan ölkələrin hərbi hövzədə hərbi iştirakına imkan verməyəcəklər. Yəni Rusiyanın narahatlığına əsas qalmayıb. Belə isə Rusiyanın Xəzərdə gücləndirdiyi hərbi dəniz donanmaları hansı dövlətə qarşıdır? Axı Rusiya İranı, Azərbaycanı, Türkmənistanı və Qazaxıstanı özünə dost və tərəfdaş dövlətlər adlandırır. Görünür, mövcud vəziyyət yenə Rusiyanı qane etmir. Əks halda Rusiya Xəzər donanmasının gücləndirilməsi üçün əlavə 18 yeni hərbi gəmi göndərməzdi. Deməli, Rusiya tərəfdaşlarına da inanmır və Xəzər hövzəsində liderliyini göstərir. Rusiya heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarına da inanmır. Belarusun və Qazaxıstanın Rusiyanın Krımı ilhaqından məsafə saxlaması da buna sübutdur".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31