Hüquqi dövlət nədir?

Siyasilər bu ifadəyə istinad etməyi xoşlayırlar

Hüquqi sistem cəmiyyətin və dövlətin bütün hüquqi təşkilini əks etdirən geniş kompleks kateqoriyadır. Bu baxımdan hüququn özü, hüquq düşüncəsi, hüquq mədəniyyəti, hüquqi tərbiyə, hüquq münasibətləri, hüquq qaydası, həmçinin hüquqi ənənələr və digər mühüm komponentlər hüquq sistemi anlayışına daxildir.

Vəkil Rövşən Qasımov bildirib ki, "hüquqi dövlət" deyilən termin demokratiya ilə bağlıdır və onun sifətlərindən biridir. Hüquqi dövlət - dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif  birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Hüquqi dövlət ("Rechtsstaat") termini də, "polis dövləti" termini kimi, Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub. Çağdaş ictimai həyatda və siyasi sistemdə "hüquqi dövlət" çox önəmli prinsipdir. Konstitusiya qurumu olan "hüquqi dövlət" prinsipi xüsusilə kontinental Avropa ölkələrində yayğın anlayışdır. Anglo-sakson ölkələrində "hüquqi dövlət" isə "hüququn hegemonluğu" mənasına gələn "rule of law" termini ilə ifadə olunur. Hüquqi dövləti bəşəriyyətin nail olduğu ən yaxşı, ən ideal nizam olaraq qəbul etmək mümkündür. Sosial dövlət, demokratik dövlət, dünyəvi dövlət hüquqi dövləti tamamlayan xüsusiyyətlərdir. Siyasət elmi də zaman keçdikcə makiavelist məntiqdən ayrılaraq hüquqilik zəmininə əsaslanmaq məcburiyyətində qalıb. Çağdaş dövlət idarəçiliyi hüquqi qaydalara bağlıdır. Siyasi leksikonda çox cəlbedici görünən "hüquqi dövlət" termininə tez-tez təsadüf edilər. Xalqa müraciət edən siyasilər nitqlərində bu ifadəyə istinad etməyi xoşlayır. Müşahidələrə görə geniş oxucu kütləsinin bu təzahürün məzmunundan lazımi səviyyədə məlumatı yoxdur: "Adından göründüyü kimi bu dövlətlə bağlı olan hadisədir. Bu ifadədə "hüquq" sifətdir, ifadədə yer alan ikinci sözün: "dövlət"in əlaməti kimi çıxış edir. İlk baxışdan çox sadə görünür. Yəni dövlətin hüququ olmalıdır. Əslində isə hüquqsuz dövlət yoxdur. Bineyi qədimdən "dövlət" və "hüquq" bir-birilə bağlı olan məsələlərdir, onlardan biri digərisiz mövcüd ola bilməz. Lakin bu bütün dövlətlərin hüquqi dövlət olmasına dəlalət etmir. İnsan cəmiyyəti və dövlət tarixi "hüquqi dövlət" kimi nəaliyyətin əldə edilməsinə qədər böyük bir yol qət etmişdir. Komponentlər öz əhəmiyyətinə, ictimai münasibətlərə və insanların davranışına təsir dərəcəsinə görə təbii olaraq eyni olmur. Ancaq onlar eyni zamanda bir sıra ümumi qanunauyğunluqlara tabedirlər. Yəni, ümumi qəbul olunmuş tərifə əsasən, hüquq sistemi - hər hansı bir dövlətin ərazisində qüvvədə olan hüquq normalarının vəhdətində və qarşılıqlı uzlaşmasında, eyni zamanda hüququn nisbətən müstəqil hissələrə bölünməsində ifadə olunan daxili struktur quruluşudur. Bu da o deməkdir ki, hər bir sistem kimi, hüquq sistemi də əsas əlamətlərlə ifadə olunur".

Hüquqşünasların fikrincə, hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Məlumdur ki, bir siyasi hadisə olaraq "dövlət" çoxformalıdır. Dövlətin idarəçilik (respublika və monarxiya), quruluş (unitar, federasiya, konfederasiya) və rejim formaları hazırda mövcüddür. Bu formaların hər birinin hüquqla əlaqələri vardır. "Hüquqi dövlət" deyilən təzahür isə 3-cü forma ilə - dövlət rejimilə bağlıdır. Dövlət rejimi dövlət hakimiyyətinin həyata keçirilməsinin üsül və metodlarına deyilir. O, demokratik və anti-demokratik ola bilər. Hüquqi dövlət isə demokratik dövlətin ayrılmaz əlaməti hesab edilir: "Yeri gəlmişkən burada bizim demokratik dövlət formasının "hüquqi dövlət"lə yanaşı digər əlamətlərini də sadalamağımız qarşıya qoyduğumuz məqsədin xeyrinə işləyəcək. "Hüquqi dövlət" əlamətilə yanaşı bu sıraya həm də daxildir: azad və həqiqi seçkilər vasitəsilə seçilən xalq nümayəndəliliyi;  dövlət idarəçiliyi üstündə nəzarət mexanizminə malik olan parlamentar (xalq nümayəndəliliyi) sistem; hakimiyyətə münasibətdə hər bir fərdə muxtarlıq təminatı verən bir sıra fundamental hüquqlara malik olma. Sadalan əlamətlər bir yerdə müasir demokratik dövlət formasının məzmununu təşkil edir və onların hər biri digərlərini həlledici hesab edir. "Hüquqi dövlət"in "dövlət sistemi"ndə yerini müəyyən etdikdən sonra bu fenomenin məzmununa aydınlıq gətirmək olar. Hüquqi dövlətin mövcudluğu üçün aşağıdakılar şərtdir: 1)Hakimiyyətin fəaliyyəinin hüquq normalarıla tənzimlənməsi. Söhbət bütün dövlət orqanlarından gedir. Məlumdur ki, müasir demokratik cəmiyyətlərdə hakimiyyət üç qoldan: qanunverici, icraedici, məhkəmə hakimiyyətindən ibarətdir. Hakimiyyətin hər üç qolunun fəaliyyəti hüquq normalarıla tənzimlənməlidir. Bununla bağlı hüququn bütün sahələrində çoxlu sayda normalara rast gəlmək mümükündür. Bu o deməkdir ki, dövlət başçısından tutmuş ən xırda məmura qədər, onların bütün fəaliyyəti hüquq çərçivəsində olmalı və ondan kənara çıxmamalıdır. 2) Hakimiyyətdən müdafiə hüququ. Bu fərdlərə aid olan hüquqdur. Hakimiyyət orqanı səlahiyyət həddini aşdıqda, hüquq normasının onun üçün cızdığı dairədən kənara çıxdıqda fərdin bundan qorunmaq - müdafiə olunmaq hüququ olmalıdır. 3) Qanunun aliliyi və qanunçuluq. Bu əlamət bir tərəfdən qanunun göstərişlərinin hüququn bütün subyektləri üçün eyni məna və qüvvə kəsb etməsini, digər tərəfdən isə hüquqi aktların "nərdivan"ında aşağıda duran aktın yuxarıda durana uyğunluğunu ehtiva edir. Ən yuxarıda isə - birinci yerdə qanun (Konstitutsiya, referendum yolula qəbul edilən aktlar və s.) durur ki, aşağıda duran aktda mövcüd olan normanın ona mütləq uyğun olmasını, olmadıqda isə hüquqi qüvvə kəsb etməməsini şərtləndirir. 4) Hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğunluğu. Çox vaxt hakimiyyət orqanının çoxcəhətli fəaliyyətinin bütün tərəflərini zaman, təbii fəlakət, gözlənilməyən hadisə və digər səbəblərdən dolayı vaxtında normativləşdirmə imkanı olmur. Amma onun fəaliyyəti zəruri və qaçılmaz olur. Belə hallarda da hakimiyyətin fəaliyyəti hüququn ümumi prinsiplərindən kənara çıxa bilməz. Bu halda qəbul edilən qərarın ədalətə söykənməsi, ümuminin (cəmiyyətin) mənafeyinə cavab verməsi mütləq olmalıdır. Bununla bağlı "lex iniusta non est lex" - ədalətsiz qanun qanun deyil, başlanğıcından çıxış edilir və qərarın leqitimlik məsələsi əsas görürülür. Hüququn ümumi prinsiplərinə cavab verməyən norma leqitim hesab olunmur. Son dövrlərdə belə prinsiplər daha çox beynəlxalq hüquq normaları ilə müəyyən edilir. Məsələn, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasının 6-cı maddəsinə görə "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir". Tək bu normanın özündə bir neçə prinsip (məhkəmələrin qanun əsassında yaradılması, müstəqil və qərəzsiz olması, məhkəmə prosesinin ağlabatan müddətdə baş tutması, onun ədalətli və açıq olması və s.) ehtiva olunub".

Onun sözlərinə görə, siyasi cəmiyyətdə hüquqi dövlətin varlığı üçün bəzi qurumlar olmalıdır. Bu qurumlar məsələsində doktrinada fikir birliyi olmasa da, hüquqi dövlətin müəyyən şərtlərinin olduğunu demək mümkündür. Çünki hüquqi dövlətin bəzi "bünövrə daşları" var ki, bunlar olmadan hüququn üstünlüyündən danışmaq mümkün deyil. Bunlar aşağıda incələnib, bununla bərabər, qeyd etmək lazımdır ki, hüquqi dövlətin varlığı üçün fərqli cəmiyyətlərdə siyasi ehtiyaclar bəzi qurumların da olmasını tələb edə bilər. Bunlar aşağıdakılardır:  Hakimiyyət bölgüsü prinsipi; Demokratiya; İnzibati aktlar üzərində məhkəmə nəzarətinin olması prinsipi; Hüquq və azadlıqların üstünlüyü prinsipi; İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi; Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət qarşısında və dövlətin şəxs qarşısında məsuliyyəti; Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi: "Beləliklə, biz deyilənlərə qısa xülasə olaraq deyə bilərik ki, "hüquqi dövlət" demokratiyanın, onun mahiyyətini ifadə edən, əsas əlaməti olub, özündə hakimiyyət orqanlarının hər bir fəaliyyətinin hüquq normalarıla tənzimlənməsini, hakimiyyətdən müdafiə hüququnu, qanunun aliliyini və qanunçuluğu, hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğun olmasını ehtiva edir. Bunu hüquqi dövlətin ümumi tərifi kimi də qəbul etmək olar. Əlbəttə "hüquqi dövlət" kateqoriyasıla bağlı məsələ bununla bitmir və o, bir sıra digər geniş spekterli məsələlərlə (hüquq, dövlət, qanun, ədalət mühakiməsi, hüquq mədəniyyəti və s.) əlaqədə öyrənilir və tədqiq edilir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31