Aktau Konvensiyası təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır
Ziyad Səmədzadə: “Xəzər sülh, təhlükəsizlik dənizi olacaq”
15 Avqust 2018 11:50 SiyasətZiyad Səmədzadə: "Xəzər sülh, təhlükəsizlik dənizi olacaq"
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair imzalanan Konvensiya illərdən bəri irəli sürülən əsaslı-əsassız iddialara son qoymuş oldu. Artıq yerli və beynəlxalq mütəxəssislər baş verən tarixi hadisənin gələcək prespektivlərini müzakirə etməkdədirlər. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Xəzər dənizinin hüquqi statusuna dair imzalanan Konvensiya böyük tarixi siyasi və iqtisadi hadisədir. 5 nüfuzlu dövlət başçısının bu məsələdə razılığa və bir araya gəlməsi, Konvensiyanı imzalaması nəinki Xəzəryanı dövlətlərin, bütövlükdə regionun və dünyanın xeyrinə, onun təhlükəsizliyinə və əmin-amanlığına doğru atılan nəcib bir addım, töhfədir. Çünki bu gün dünyada çox ciddi hadisələr, siyasi, iqtisadi, hərbi, diplomatik qarşıdurmalar, kataklizmlər yaşanır. Bir problem başa çatmamış, digər və daha ciddi, təhlükəli problem, proses yaşanır. Bəzən olub-bitənləri belə ərtaflı düşünməyə, anlamağa, təhlil etməyə imkan, fürsət olmur. Odur ki, dünyanın belə bir qarşıq dönəmində beş nüfuzlu dövlətin və onların liderlərinin belə bir addım atması, dünyaya xoşməramlı mesaj verməsi çox önəmli və çox təqdirəlayiqdir: "Bildiyiniz kimi, sənədin imzalanmasından sonra da dövlət başçıları bəyanatlarla çıxış etdirdilər və bir daha region, dünya üçün önəmli mesajlar səsləndirdilər. Azərbaycan prezidenti cənab İlham Əliyev də bəyanatında sənədin önəminə diqqət çəkərək vurğuladı ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Konvensiya imzalanana qədər də qurulan ikitərəfli və çoxtərəfli münasibətlər Xəzərin təhlükəsizlik, sabitlik dənizinə çevrilməsinə nail olunmasına gətirib çıxarıb və Xəzərdə sabitliyin, təhlükəsizliyin qarantı olub. "Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır"-deyərək, dövlət başçısı fikirlərini tamamladı. Həmçinin, İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının əhəmiyyətinə toxunaraq onun ölkələr arasında gələcək əməkdaşlığa daha mühüm töhfələr verəcəyini bildirdilər. Yəni, bunlar onu deməyə imkan verir ki, bu Konvensiya 5 Xəzəryanı dövlətin təhlükəsizliyinə, sabitliyinə, inkişafına, birgə əməkdaşlığına töhfə olmaqla yanaşı, dünyanın qarşılıqlı şəkildə bir-birini anlamasına, dünyanın təhlükəsizliyinə də töhfə olacaq. Maraqlı bir məqam kimi, onu da nəzərə çatdırım ki, Xəzər Konvensiyanın imzalanması avqustun 12-ə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşüb. Bunu özü də elə bilirəm ki, xoş bir təsadüfdür və anlamlıdır".
Komitə sədri bildirib ki, Azərbaycan bu prosesdə daim müsbət və konstruktiv rol oynayıb: "Hər zaman Xəzərin sülh, təhlükəsizlik, əməkdaşlıq, tərəfdaşlıq dənizinə çevrilməsi üçün əməli addımlar atıb, prosesə öz töhfəsini verməyə çalışıb. İstər dövlət başçısı mərhum Heydər Əliyevin dönəmində, istərsə də onun siyasətinin layiqli davaçmısı cənab İlham Əliyevin son 15 illik hakimiyyəti dövründə Xəzəryanı dövlətlərlə ən üst, ən yüksək səviyyələrdə münasibətlərin qurulması, əməkdaşlığa, tərəfdaşlığa üçün gərəkən bütün addımlar atılıb. Eyni zamanda, bu prosesin, bu fəaliyyətin tərkib hissəsi olaraq, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün nələr lazımdırsa edilib. Azərbaycan heç zaman bu məsələdə qeyri-konstruktivlik nümayiş etdirməyib, hansısa dövlətin maraqlarına toxuna biləcək addımlara, davranışlara yol verməyib, daim səmimi mövqe sərgiləyib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşündə də ölkəmizin bu məsələdə neçə böyük rola malik olduğunu söylədi və "bugünkü görüş və nəhayət, bu Konvensiyanın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı"-deyə, bəyan etdi. Bunlar yuxarıda deyilənlərin bir daha əyani sübutu və təsdiqidir. Çox sevindirici və əlamətdar haldır ki,ölkəmizin də yaxından iştirakı və töhfəsi ilə bu proses, yəni, 1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşıb, fərqli yanaşmalar bir kənara qoyulub və nəticədə məlum Konvensiya imzalanıb. Xatırladım ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və "qazan-qazan" prinsipini təklif etsə də, müəyyən süni maneələr, əngəllər yekun statusla bağalı razılaşma əldə edilməsinə verməyib. Sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Həmçinin, 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini verib. Həmin Zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri müəyyənləşdirilib. Bu prinsiplər isə dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"da da öz əksini tapıb. Ümumiyyətlə, Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Eyni zamanda, 2018-ci ilin il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu bugünkü konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olub. Odur ki, bu Konvensiyanın imzalanmasında digər Xəzəryanı dövlətlərin, onların rəhbərlərinin yüksək rolunu qeyd etməklə bərabər, eyni zamanda, bu prosesin bu cür məntiqi sonucla yekunlaşmasında Azərbaycanın, o cümlədən, ölkə Ptrezidenti cənab İlham Əliyevin böyük rolunu, qətiyyətini, iradəsini də vurğulamaq gərəkdir. Bəlkə də Azərbaycan bu prosesdə fəal və aktiv, eyni zamanda, səmimi və konstruktiv rol almasaydı, bu proses hələ bundan sonra da uzun illər davam edər,uzanar, yekun nəticə əldə olunmazdı. Məhz Azərbaycanın və ölkə prezidentinin bu prosesə töhfəsi məlum Konvensiyanın imzalanmasına gətirib çıxardı. Azərbaycan bununla bir daha dünyaya nümayişl etdirdi ki, o bütün səmimi, konstruktiv əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinə, münasibətlərinə açıqdır, şəffafdır, onunla zor, təhdid, dilində danışmaq işə yaramır və yaramayacaq. Çünki artıq Azərbaycan 90-cı illərinin əvvəllərinin zəif, gücsüz Azərbaycanı deyil, Azərbaycan dünyada sözü və nüfuzu olan güclü, çəkili bir dövlətdir".
Rusiya prezidenti Vladimir Putinin "yaxın gələcəkdə Xəzər İqtisadi Forumu yaranacaq" fikrinə toxunan millət vəkili bildirib ki, bu, hələlik bir ideyadır və onun baş tutub-tutmayacağı gələcək proseslərdən asılı olacaq: "Ancaq hesab edirəm ki, bu, xoşməramlı bir ideyadır və burada da qorxulu, təhlükəli, Xəzəryanı dövlətlərin iqtisadi, siyasi təhlükəsizliyinə toxunacaq bir məqam yoxdur. Bəzən hansısa bir ideya səsləndirilərkən, düşünüb-düşünmədən bəziləri çox səbatsız şəkildə onu başqa yerə yozmağa cəhd edirlər ki, bu da nəticə etibarı ilə proseslərə mənfi təsir göstərir. Yadınıza gəlirsə, MDB ilə bağlı məsələdə də əsassız hay-küylər, ajiotajlar yaradılmşıdı, guya ki, bu qurum başqa çətir, ad altında keçmiş SSRİ-nin bərpasıdır və sairə...Amma ötən 27 il bunun heç də belə olmadığını göstərdi. Kimlərinsə hansısa niyyətləri, məqsədləri ola bilər, bu, istisna deyil, amma əsas nəticədir. Nəticə də ondan ibarətdir ki, digər MDB ölkələri kimi, Azərbaycan da ötən 27 il ərzində müstəqil dövlətçilik və müstəqil inkişaf yolundadır, dünyanın hətta, lider dövlətləri sırasında öncül mövqelərdədir. Odur ki, hər hansı bir ideyaya, hər hansı bir məsələyə, əməkdaşlıq təklifinə tələm-tələsik, qeyri-prqamatik münasibət bildirmək olmaz. Hər şeyi zamana və axarına buraxmaq lazımdır. Ancaq vacib olan odur ki, regionumuzda, bütövlükdə dünyamızda təhlükəsizlik, sabitlik olmalıdır və hər bir dövlət də bu prosesə əməli töhfə verməlidir. Azərbaycan da müstəqil dövlət kimi hər zaman dünyanın təhlükəsizliyinə və sabitliyinə əməli addımları töhfələrini verib və verməkdədir. Bu siyasət bundan sonra da davam etdiriləcək, heç bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməyəcək. Bu, mümkünsüzdür".
Alim