“İmzalanan konvensiya Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst üstə düşür” - İqtisadçı
"1996-ci ildən danışıqlara başlayan 5 Xəzəryanı ölkə dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin hüquqi statusu haqda ümumi çərçivələri razılaşdırdılar. 12 avqustda dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək".
14 Avqust 2018 15:50 Siyasət"1996-ci ildən danışıqlara başlayan 5 Xəzəryanı ölkə dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin hüquqi statusu haqda ümumi çərçivələri razılaşdırdılar. 12 avqustda dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək".
Bu fikirləri Olaylar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
O bildirib ki, SSRİ dağılandan sonra Xəzər 5 ölkəyə aid olmağa başladı. İran Xəzərin bölünməsini GÖL prinsipi üzrə - yəni hər bir ölkəyə bərabər pay verilməsi qaydasını təklif edirdi: "Digər 4 ölkə DƏNİZ prinsipi üzrə - orta xətt prinsipi ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunması, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi.Keçən müddət ərzində Azərbaycan, Qazaxıstan və Rusiya, həmçinin, Qazaxıstan və Türkmənistan öz aralarında dənizin şimal hissəsini orta xətt prinsipi ilə bölünməsini razılaşdırdılar. 22 il ərzində 5 sammit keçirildi. Nəhayət ki, keçirilən sonuncu sammitdə Xəzərin dibinin DƏNİZ, suyunun isə GÖL kimi bölünməsi razılaşdırıldı".
Tahir Mirkişili qeyd edib ki, 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir: "Konvensiyasını bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Belə ki, konvensiyadakı "Dəniz" anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda Xəzərin suyunun və təkinin tərkibi, forması onu Göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi. İmzalanan Konvensiya ümumi prinsipləri müəyyən edir. Onun əsas ideyası: Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyildir, dəniz-gölün bölünməsini ümumi prinsipləri müəyyən olunub və indidən sonra qonşu tərəflər arasında olan konfliktlər ikitərəfli qaydada həll edilməlidir, 5 tərəfli yox".
İqtisadçının sözlərinə görə, bütün bu illər ərzində dəniz prinsipi ilə Xəzərin sektorlara bölünməsinə etiraz edən yeganə ölkə İran idi. Bu cür bölgüdə ona 10%-dən bir az artıq minimal və ən dərin pay düşürdü. Göl prinsipi ilə bölündükdə isə İran 20% paya iddia edirdi. ABŞ-ın Energy İnformation Administration (EİA) təqribi hesablamalarına görə Xəzərin neft və qazla zəngin təkində 6.5 mlrd ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trln dollardır.
T. Mirkişili vurğulayıb ki, indiyə qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçiriliblər. Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olmuş və hətta bəzi hallarda silahlı münaqişə təhülkələri yaranmışdır: "Belə mübahisələr Qazaxıstan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Türkmənistan arasında olmuşdur. O zaman mübahisə edən tərəflər arasında əsas arqument bu idi: Xəzərin statusu müəyyən edilməyib, ona görə də mübahisəli məsələləri bütün 5 ölkə həll etməlidir. Amma indi artıq yalnız qonşu ölkələr".
Ekspert bildirib ki, konvensiyada orta xətt bölgüsü müəyyən olunmamışdır, bunun üçün ayrıca sazişlər tələb olunur: "Azərbaycan-Rusiya-Qazaxıstan və Qazaxıstan-Türkmənistan arasında belə sazişlər artıq var. Yalnız İran tərəddüd edirdi, amma artıq o da ümumi qaydalara imza atdı. İran ciddi sanksiyalar altındadır, indiki halda qonşu ölkələrlə mübahisələrin tənzimlənməsi onun üçün çox əhəmiyyətlidir. Onun üçün ən önəmli məsələ olan təhlükəsizlik məsələsi konvesiyada öz əksini tapıb. Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qüvvələrinin mövcud ola bilməsini özündə əks etdirən konvensiya, eyni zamanda bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə olunmamasına da təminat verir".
O qeyd edib ki, indiyə qədər tənzimlənməyən Xəzərin statusu Türkmənistan-Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasında da mane olurdu: "Konvensiyaya görə bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər, ekoloji standartlar nəzərələ alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər. Doğrudur, konvensiyaya əlavə edilən ekoloji razılığım alınması qaydaları bütün 5 ölkənin belə layihələr üçün razılığı tələb olunur. Bu razlıq layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək".
İqtisadçı onuda bildirib ki, Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 mlrd m3 qazın ixracına imkan verə bilər.
T. Mirkişili vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiya bütün məsələləri həll etməsə də, ümumi yanaşma baxımından çöx önəmlidir və Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst üstə düşür. Bakı-Tbilisi-Qars dəmir yolunun dəniz davamı olan Xəzər dənizində transiz nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir.