“İrana sanksiyaların tətbiqi Azərbaycanın iqtisadi maraqlarına xidmət etmir”
“ABŞ İrana qarşı təzyiqlərini artırmağa başlayıb. Bu mənada, ən təsirli yol iqtisadi sanksiyaların tətbiqi hesab olunur. ABŞ tətbiq etdiyi və gələcəkdə etməyi planlaşdırdığı sanksiyalara qoşulmaq üçün bir çox ölkələrlə danışıqlar aparır. Düşünürəm ki, bu cür sanksiyalar nəinki Azərbaycanın, dünya ölkələrinin əksəriyyətinin iqtisadi maraqlarına cavab vermir”. Bu sözləri açıqlamasında millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
7 Avqust 2018 12:21 Siyasət"ABŞ İrana qarşı təzyiqlərini artırmağa başlayıb. Bu mənada, ən təsirli yol iqtisadi sanksiyaların tətbiqi hesab olunur. ABŞ tətbiq etdiyi və gələcəkdə etməyi planlaşdırdığı sanksiyalara qoşulmaq üçün bir çox ölkələrlə danışıqlar aparır.
Düşünürəm ki, bu cür sanksiyalar nəinki Azərbaycanın, dünya ölkələrinin əksəriyyətinin iqtisadi maraqlarına cavab vermir".
Bu sözləri açıqlamasında millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
Millət vəkili qeyd edib ki, ölkəmiz bu sanksiyalara qoşulmaq fikrində deyil: "Bildiyiniz kimi, Avropa Birliyi bu sanksiyalara qoşulmaq istəmir. Türkiyə də bu məsələ ilə bağlı mövqeyini bildirib və qoşulmayacağını açıqlayıb. Azərbaycan qonşu ölkə kimi İranın inkişafı, rifahı və sabitliyində maraqlıdır. Ölkəmiz bunu hər zaman bəyan edib".
T. Mirkişili vurğulayıb ki, Azərbaycanla İran arasında iqtisadi əlaqələr getdikcə artır: "Bildiyiniz kimi, "Şimal-Cənub" dəmir yolunun tikintisi ilə bağlı iki ölkə arasında aktiv iqtisadi əməkdaşlıq və layihənin maliyyələşdirilməsi ilə bağlı müqavilələr var. Ölkəmiz bununla bağlı İran hökumətinə kredit də ayırıb. Düşünürəm ki, İrana sanksiyaların tətbiq edilməsi və onun zəiflədilməsi Azərbaycanın iqtisadi maraqlarına xidmət etmir. Hətta bu cür məhdudlaşdırılmış əlaqələr bütövlükdə dünya iqtisadiyyatına mənfi təsir edəcək. Bu hal neftin qiymətinin qalxmasına, ölkələr arasında iqtisadi əlaqələrin qeyri-etik şəkildə tənzimlənməsinə gətirib çıxara bilər. Bu isə ölkələr arasında iqtisadi münasibətlərin zəiflədilməsi ilə nəticələnə bilər".
Deputat onu da deyib ki, bu sanksiyalar Azərbaycanda İranla birgə açılmış avtomobil zavodunun gələcək fəaliyyətinə mənfi təsir etməyəcək: "Zavod artıq istismara verilib və ilkin sifarişlər də var. Zavodun gələcəyi ilə bağlı heç bir problem yoxdur. Düşünürəm ki, ümumilikdə Azərbaycan və İran arasında iqtisadi əlaqələrinin inkişafı ilə bağlı çətinliklər mövcud deyil".
Azadinform