Türkiyə ilə sərhədin açılması arzusunda olan Paşinyana qardaş ölkədən cavab

Səfər Karakoyunlu: "Boş, mənasız xəyallarınızdan vaz keçin və artıq bir an öncə Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk edin" 

Hakimiyyəti zəbt etdiyi gündən bir-birinin ardınca uğursuzluqlarla üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan indi də Türkiyəni hədəf seçərək qardaş ölkəni suçlamaq, ittiham etməklə məşğuldur. Bu günlərdə mətbuata açıqlama ilə çıxış edən inqilabçı baş nazir bildirib ki, Ermənistan Türkiyə ilə heç bir şərt irəli sürmədən əlaqə qurmağa hazırdır. Amma Türkiyə də öz növbəsində Ermənistanla sərhəddi açmalıdır. Çünki sərhəddi bağlayan Türkiyədir. Ermənistan tərəfindən sərhəd açıqdır.

Ermənistan baş naziri Nikol Paşinyanın məlum açıqlaması Türkiyə cəmiyyətində haqlı olaraq etirazla qarşılanıb. Paşinyanın açıqlaması istər rəsmi, istərsə də qeyri-rəsmi qurumlar tərəfindən tənqid olunub və bildirilib ki, Ermənistan Türkiyə ilə sərhəddin açılmasını istəyirsə, ilk növbədə işğal altında saxladığı Azərbaycan ərazilərini azad etməlidir. Ermənistan baş nazirinin Türkiyə ilə bağlı açıqlamasına qardaş ölkədə fəaliyyət göstərən İstanbul Türkiyə-Azərbaycan Dərnəyi də etiraz bildirib. Dərnəyin sədri Səfər Karakoyunlu bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın söylədikləri doğrudur və təbii ki, işğalçı ölkə ilə sərhəddi məhz Türkiyə bağlayıb: "Bəli. Ermənistanla sərhəddi Türkiyə bağlayıb. Nə üçün? Təbii ki, Ermənistanın işğalçılıq siyasətinə görə. Hər kəsə bəllidir ki, Ermənistan 1993-cü ildə Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi ilə birlikdə Azərbaycanın Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayil rayonlarını işgal edib. Bundan başqa ermənilər Xocalıda bir gecədə çoxu qadın, uşaq və yaşlılardan ibarət olan 613 azərbaycanlı qardaşlarımızı soyqırıma məruz qoyub. Türkiyə də bu işğal və soyqırıma cavab olaraq Ermənistanla olan sərhəd qapısını işğal sona çatan müddətə qədər bağlayıb. Əcaba işğal sona çatıbmı?. Azərbaycan torpaqları azad edilibmi? Xocalı Soyqırımına məruz qalanların qisası alınıb, cinayətkarlar məsuliyyətə cəlb edilibmi? Bu günə qədər şəhid edilən ataşelərimizə görə üzr istənilibmi? Yaxud Türkiyə torpaqlarına ərazi iddiasında olan ermənilər bu iddialarından geri çəkilibmi, bizim xəbərimiz yoxdur? Təbii ki, yox və sadaladığımız halların heç bir həllini tapmayıb. O zaman sərhədlər nə üçün açılmalıdır? Türkiyə dövlətinin rəsmi mövqeyi bundan ibarətdir ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmadıqca, ermənilərin zəbt etdikləri ərazilər azad edilmədikcə Ermənistanla sərhəd açılmayacaq. Bu sərhəddi açmağa da heç kimin gücü və qüvvəsi çatmaz. Yoxsa kim sülh istəməz ki? Kim sülhdən yana olmaz ki?". Səfər Karakoyunlu deyib ki, Ermənistan rəhbərliyi xaric olmaqla hər kəs bölgəyə sülh gəlməsini, sülhün təmin olunmasını istəyir: "Əgər bölgədə sülh təmin olunar, sabitlik yaranarsa, təbii ki, o zaman sərhədlər də açıla bilər. Ancaq görünən odur ki, Ermənistan bölgədə sülhün təmin olnmasında maraqlı deyil. Onların başlıca istəyi ondan ibarətdir ki, Qarabağən işğalı, Xocalıda həyata keçirilən soyqırım, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında saxlanılması unudulsun. Bununla parallel olaraq Ermənistan bu gün də Türkiyə torpaqlarına qarşı ərazi iddiasını gündəmdə saxlayır. Ona görə də bütün bu iyrənc, məkirli planlar ortada olduğu halda Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə sərhələrin açılması zəruriliyi ilə bağlı bəyanatı boş və mənasızdır. Yəni, siz bir milyon insanı yurd-yuvasından didərgin salacaq, bir ölkənin  iyirmi faiz ərazisini işğal edəcək, Türkiyə Cümhuriyyətindən torpaq tələb edib gənclərinizə "Biz Qarabağı aldıq, Ağrı Dağını almaq da sizin işinizdir" diyərək erməni xalqına yeni soyqırımları hədəf göstərəcək, eyni zamanda qondarma soyqırım iddialarında olacaqsınız, sonra da durub sərhədləri açaq deyəcəksiniz.  Boş, mənasız xəyallarınızdan vaz keçin və artıq bir an öncə Azərbaycan torpaqlarını qeyd-şərtsiz, dərhal tərk edin". Səfər Karakoyunlu qeyd edib ki,  Türkiyə ilə sərhədin açılmasını istəyən və bunu gündəmə gətirənlərin əsas məqsədi sosial və iqtisadi baxımdan çətin durumda olan Ermənistanı bu vəziyyətdən çıxarmaqdır: "Ermənistan indi iqtisadi baxımdan mürəkkəb durumdadır. Bu vəziyyətdən çıxış yolu axtaran yeni hakimiyyət ümidini Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa bağlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan hətta Türkiyənin Ermənistanla sərhədlərinin açılması ilə bağlı fikirlər səsləndirməyə də başlayıb. Lakin onlar Türkiyənin əsas şərtini unudurlar. Yaxın zamanlarda Paşinyan heç bir əngəl olmadan, qeyd-şərtsiz Türkiyə ilə sərhədlərin açılmasını istədiyini deyib. Amma bizim şərtlərimiz var. Bizim ən böyük şərtimiz haqsız yerə işğal edilən Azərbaycan torpaqlarının dərhal boşaldılması, Xocalı soyqırımını törədənlərin cəzalandırılması, milyon yarım insanın ata yurduna dönməsinin təmin olunmasıdır. Bunların olmadığı müddətdə Türkiyənin Ermənistanla sərhədlərinin açılması mümkün deyil. Buna həm Türkiyə Cümhuriyyəti, həm də türk xalqı izin verməz".

İstanbul Türkiyı-Azərbaycan Dərnəyi olaraq Ermənistanın baş naziri Nikol Paşinyana səslənirik. Türklərə qarşı həyata keçirdiyiniz xəyanət və soyqırımlardan dolayı üzr diləyib, işğal etdiyiniz torpaqları dərhal qeyd-şərtsiz tərk edin. Siz Xocalıda,  Qarabağda və Anadoluda etdiyiniz soyqırımların hesabını verməlisiniz. Bunu hər kəs yaxşı bilməlidir ki, Türklər heç bir zaman heç bir topluma qarşı soyqırım həyata keçirməyib və belə bir hadisənin baş verməsi də mümkün deyil. 1915-ci ildə türklər yeddi cəbhədə döyüşdükləri halda, bu durumu fürsət bilən erməni silahlı birləşmələri saysız-hesabsız  insanlarımızı qətlə yetiriblər". Səfər Karakoyunlu onu da deyib ki,  türklərin xoş niyyətli və səmimiyyətini Türkiyədə yaşayan erməni vətəndaşları və diğər xalqların nümayəndələri hər kəsdən daha yaxşı bilirlər: "Təbii ki, bölgəyə sabitlik və sülhün gəlməsini hamımız istəyirik. Ancaq Ermənistan bölgədə yol verdiyi yanlışlıqarla bu xoş niyyətin təmin olunmasına əngəl yaradır. Ona görə də Ermənistan yol verdiyi yanlışlıqardan vaz keçdiyi təqdirdə bölgəyə sülh, sabitlik gələ bilər. Əks təqdirdə sərhədlərin açılmasından, bunun sülhə və sabiitliyə vəsilə olacağından danışmaq mümkün deyil. Nə yazıq ki, Ermənistanın yol verdiyi xətaların, yalnışlıqların cəzasını başda ermeni xalqı olmaqla bütün bölgə xalqları çəkməkdədir". İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri onu da bildirib ki,  azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsirlikdən azad edilməsi üçün Azərbaycan və Türkiyə diaspora təşkilatları birgə tədbirlər keçirməyi nəzərdə tuturlar: "Qarşıdakı aylarda məsələ ilə əlaqədar Avropadakı insan hüquqlarının müdafiəsi ilə bağlı təşkilatlara, beynəlxalq qurumlara bir daha müraciət olunacaq. Bu şəxslər cinayətkar deyil, onlar sadəcə yaxınlarının məzarını ziyarət etmək üçün ora gediblər. Erməni əsgərləri isə öz torpaqlarına, öz yurduna gedən şəxsləri saxlayaraq işgəncəyə mərzu qoyublar. Halbuki, işğalçı onlar, torpaq bizimdir. Azərbacyanlı girovlar Ermənistan həbsxanalarında çox çətin durumdadırlar. Onların heç bir günahlı yoxdur. İnsan haqlarından dəm vuran qurumlar hara baxır? Onların həbsdə saxlanmasına yol vermək olmaz". Dərnək rəhbəri onu da vurğulayıb ki, bu gün Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əsas məqsədi iki ölkə arasındakı mövcud qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə nail olmaqdır. Bildirib ki, bu baxımdan Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsinin həlli naminə ictimai fəaliyyət davam etdiriləcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31