Diaspor sahəsində müsbət irəliləyişlər müşahidə edilir

Elsevər Məmmədov: "Çox zamanlar bizə qarşı haqsızlıqlar olur, o zaman da yenə səs çıxartmırıq ki, qoy narazılıq yaranmasın"

"Azərbaycanlıların arasında parçalanma olmasın"

Son illərdə müsbət tendensiyanın müşahidə edildiyi, ciddi addımların atıldığı aydın şəkildə göründüyü sahələrdən biri də diaspor sahəsidir. Düzdür, bu sahədə işin, uğur və nailiyyətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulsa da, lakin etiraf etmək lazımdır ki, diaspor təşkilatları, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və təşkilatları da öz növbəsində ümummilli liderin başlamış olduğu bu siyasətə sadiqlik nümayiş etdirib onun etimadını doğrultmağa çalışıb, diaspora sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq nəticəyə hesabıanmış fəaliyyətlər ortaya qoyublar. Elə bunun nəticəsidir ki, günümüzdə Avropadan tutmuş Asiyaya qədər, Amerikadan Afrikaya, hətta uzaq Avstraliyada belə Azərbaycan diasporu fəaliyyət göstərir, qeyd etdiyimiz məkanlarda ölkəmizi layiqincə təmsil edirlər. Hər bir sahədə olduğu kimi bu sahədə də müəyyən problemlərin mövcud olması təbiidir və zaman-zaman həmin problemıər də tədricən aradan qaldırılır. Elə bu günlərdə Ukraynada iki fərqli diaspor təşkilatının, belə demək mümkünsə qətiyyən qəbul etməyən qurumun barışıq əldə etməsi, Azərbaycan naminə birgə fəaliyyət göstərəcəklərinin bəyan etmələri deyilənlərin əyani sübutudur. Eyni ilə digər ölkələrdə də anoloji proseslərin getdiyi və onların da Ukrayna təcrübəsindən yararlanacağı istisna edilmir. Bu arada onu da qeyd etmək yerinə düşər ki, Ukraynadakı ən güclü iki Azərbaycan diaspor təşkilatı arasında barışığın əldə edilməsində Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin müstəsna xidmətləri var və bu yüksək qiymətləndirilməlidir.

Qeyd etdiyimiz kimi hər bir sahə kimi diaspor sahəsində də müəyyən nöqsanlar, çatışmamazlıqlar var ki, onlar da tədricən aradan qaldırılır. Ancaq bəzən ayrı-ayrı ölkələrdə elə məsələlər, problemlər ortaya çıxır ki, onların həlli, yaxud həmin problemin yaranmasının o ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları, Azərbaycan cəmiyyətləri ilə heç bir bağlılığı, əlaqəsi yoxdur. Bir qədər konkretləşdirək. Zaman-zaman müxtəlif adlar altında Avropaya üz tutub orada özlərinə xoş güzaran quran bəzi antimilli ünsürlər bir qayda olaraq Almaniya və Hollandiyanı seçirlər ki, bu da avtomatik olaraq həmin ölkələrdəki diaspor təşkilatlarını hədəfə çevirir. İddia olunur ki, qeyd edilən ölkələrdəki diaspor təşkilatlarımız aktiv olsaydılar, həmin antimilli ünsürlər Azərbaycan əleyhinə kampaniya apara bilməzdilər. Ancaq bu iddia heç də doğru yanaşma deyil və antiAzərbaycan dairələrə dəstək verən milli xainlərin diasporumuza heç bir bağlılığı yoxdur. Elə Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov da bu qənaətdədir ki, qeyd edilən səbəbdən dolayı Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatlarını zəif, passiv kimi xarakterizə etmək doğru yanaşma deyil: "20 ildir Hollandiyada yasayırıq, mümkün qədər insanlarımızı incitməməyə, qəlblərini qırmamağa çalışırıq. Halbuki, çox zamanlar bizə qarşı haqsızlıqlar olur, o zaman da yenə səs çıxartmırıq ki, qoy narazılıq yaranmasın. Azərbaycanlıların arasında parçalanma olmasın. Zamana buraxırıq ki, zaman hər şeyin dərmanıdır". Elsevər Məmmədov bir müddət əvvəl YouTubda Hollandiyada heç bir təşkilatın ofisinin olmaması barədə gedən reportaja da aydınlıq gətirib və bunu təkzib edib: "Guya Hollandiyada Azərbaycan təşkilatları 5 nəfəri bir araya toplaya bilmir. Yaxud hamısı ev təşkilatıdir. Guya hamısı paxlava bişirməklə məşğuldurlar. Mən birinci-vitse prezidenti olduğum Beniluks Azərbaycanlıları Konqresi (BAK) adından danışıram. Əvvəla bizim Rotterdam şəhərində çox möhtəşəm bir ofisimiz var. Hollandiyada bunu bilməyən yoxdur. Hamıya da qapımız hər zaman açıqdır. Ikincisi, bizim keçirtdiyimiz tədbirlərə 5-10 adam yox, yüzlərlə adam qatılır. Üçüncüsü, o deyilən ev təşkilatlarına yuxarıdan aşağı baxmaq düzgün deyil, Hamısına hörmətlə yanaşmaq lazımdır. Onlar da Azərbaycan üçün çalışırlar. Kimin gücü nəyə çatırsa onu da edir. Bu işlər hamısı könüllü olan işlərdir. Onlarin heç biri bu işə görə maaş almırlar". Elsevər Məmmədov deyib ki, hər bir diaspor təşkilatı Azərbaycan üçün çalışır və öz fəaliyyətləri ilə bunu sübuta yetirirlər.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31