Beynəlxalq təşkilatlar Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını müsbət dəyərləndirirlər
31 İyul 2018 16:36 SiyasətArtıq 10 ildən çoxdur ki, Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti ilə öz inkişaf yolunu gedir. Xüsusilə iqtisadi sahədə əldə edilən nailiyyətlər Azərbaycanın iqtisadi potensialını, qüdrətini artırmaqla yanaşı, insanların social rifah halına da öz müsbət təsirini göstərir. Təsadüfi deyil ki, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyi şərtləndirən başlıca amillərdən biri də məhz iqtisadi sahədə qazanılan nailiyyətlərin, uğurların, eləcə də bu sahədən əldə edilən gəlirlərin sosial sahəyə yönəldilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönləndirilməsidir. Bir sözlə istənilən ölkədə ictimai-siyasi sabitliyin normal olması, məhz əhalinin social durumu ilə bilavasitə bağlıdır. Bu baxımdan Azərbaycanda vəziyyətin ürəkaçan olduğunu söyləyə bilərik. Təkcə cari ilin altı ayı ərzində iqtisadi sahədə əldə edilən uğurların, nailiyyətlərin fonunda bunu aydın görmək mümkündür. Belə ki, cari ilin birinci yarısında ölkədə müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişaf təmin olunub, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb. Görülən işlərin nəticəsidir ki, valyuta ehtiyatlarımız 44,3 milyard dollara yüksəlib, ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub, ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2, qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz artıb, inflyasiya cəmi 3 faiz təşki edib, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34, qeyri-neft ixracı 20 faiz artıb. Həmçinin, qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub, 611 sahibkara isə 100 milyon manat güzəştli kredit verilib.
Bütün bunlarla yanaşı ötən altı ay ərzində əldə olunan nailiyyətlər hesabına Azərbaycan dünyadakı geosiyasi və geoiqtisadi statusunu da möhkəmləndirib. Nəzər alsaq ki, hər bir ölkənin inkişafını göstərən faktorlardan biri beynəlxalq təşkilatların hesabatları, dəyərləndirmələridir, o zaman Azərbaycana beynəlxalq səviyyədə verilən qiymətində də müsbət olduğunu görə bilərik. Bu gün əksəriyyət beynəlxalq təşkilat və qurumlar öz hesabatlarında birmənalı olaraq Azərbaycanıjn iqtisadi inkişaf tempini ən yüksək şkala ilə qiymətləndirir, bu inkişafa səbəb olan siyasəti təqdir edirlər. Əgər diqqət etsək aydın şəkildə görə bilərik ki, dünya ictimaiyyəti tərəfindən ciddi qəbul edilən beynəlxalq təşkilatların hazırladıqları hesabatlara əsasən Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında ilk sıralarda qərarlaşır.
Bu günlərdə "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin açıqlamış olduğu cədvəldə də Azərbaycan hər zamankı kimi öz yerini ön sıralarda qoruyub saxlaya bilib. Azərbaycanın hazırkı inkişaf tempini müsbət qiymətləndirən Agentliyin ölkəmizlə bağlı gələcək proqnozları da nikbindir. Belə ki, Agentliyin proqnozuna görə, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu artım isə proqnozlaşdırılır ki, neftin qiymətlərinin tədricən artması, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, Agentlik manatın sabit məzənnəsini qeyd edib. Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı qeyd edilir.
Əgər Agentliyin qiymətləndirməsinə diqqət etsək bu qiymətləndirmənin tamamilə doğru olduğu qənaətinə gələ bilərik. Belə ki, dünyanı bürüyən məlum maliyyə böhranından sonra əksər ölkələrin pul vahidi, milli valyutası ciddi şəkildə dəyərdən düşsə də, lakin Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində manatın məzənnəsi sabit qaldı. Bu gün də eyni proses davam edir. Eləcə də proqnozlar barədə açıqlanan rəqəmlər də reallığı əks etdirir. Belə ki, tezliklə işə düşəcək Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələrdən Azərbaycana bəlli məbləğdə vəsait daxil olacaq ki, bu da iqtisadiyyatın inkişafında özünü göstərəcək. Bura Bakı-Tbilisi-Qars dəmir yolu xətindən sərnişin daşınması və ondan gələn gəliləri, Azərbaycana olan turist axınını da əlavə etsək növbəti illərdə ölkə iqtisadiyyatının nəzərəçarpacaq dərəcədə inkişaf edəcəyini əminliklə deyə bilərik.
Göründüyü kimi, ölkəmizin inkişaf göstəricilərinin beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapması Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirmiş olur.
Məhəmməd