Ermənistan yeni müharibəyə hazırlaşır - ŞƏRH

İşğalçı ölkənin müdafiə naziri Azərbaycanı təhdid edir

Diplomatik və iqtisadi sahədə, eləcə də hərbi baxımdan Azərbaycan qarşısında aciz və gücsüz duruma düşən Ermənistan cəbhə xəttində gərginləşdirməklə bu günlərdə xarici işlər nazirləri səviyyəsində bərpa olunan danışıqlar prosesinə mane olmağa çalışır. Hər halda düşmən ölkənin təmas xəttində müntəzəm olaraq yol verdiyi təxribatlar, eləcə də cəbhə xəttinə əlavə texnika yeritməsi onu deməyə əsas verir ki, Ermənistan cəbhədə lokal əməliyyatlara başlamaqla növbəti dəfə danışıqlar prosesini əngəlləmək istəyir. Elə işğalçı ölkənin müdafiə naziri D.Tonoyanın xarici mətbuata verdiyi müsahibədən də anlaşılan budur ki, Ermənistan müharibə ab-havasındadır.

Məsələ ilə bağlı fikirlərini bölüşən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki,  Ermənistanın müdafiə naziri D.Tonoyan EADaily.com saytına verdiyi müsahibədə Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, müsahibənin təhlilindən də müharibəyə hazırlıq nəticəsi alınır: "Eləcə də müsahibədən D.Tonoyanın intellektsiz olmadığı da başa düşülür. İlk qənaətimiz D.Tonoyanın hansısa sekta üzvü olmasından ibarətdir. Bəlkə də müharibədə dostlarını, tabeliyindəkiləri, dövləti və özünü öldürmək mahiyyətli bu sektanın başçısı elə D.Tonoyan özüdür. D.Tonoyan Ermənistanın müdafiə nazirinin müavini olaraq 2016-ci ilin fevralında "Statik müdafiədən aktiv cilovlamaya" konsepsiyasının hazırlanmasının və müzakirəsini başa çatdırdı. NATO, ATƏT onun bu konsepsiyanın aktiv müzakirə olunduğu məkanlar idi. Ermənistanda isə müzakirənin iştirakçıları tanınmış ziyalılar idi. "Statik müdafiədən aktiv cilovlanmaya" konsepsiyasının məzmununu bir daha təkrarlayırıq: D.Tonoyanın fikrincə, Azərbaycan böyük və qüdrətli dövlətdir, ordusu güclüdür. Qoşunların təmas xəttində erməni ordusunun verdiyi itkilərin sayı artıb. Bu erməni xalqını ruhdan salır, Azərbaycanın gücü xof yaradır. Bunun qarşısını almaq üçün Ermənistan ordusunun xırda çevik qüvvələri qəfil hücumlarla Azərbaycan ordusuna zərbələr endirir, erməni xalqının orduya inamı artır. D.Tonoyan məhz bu niyyətlə də 2016-cı ilin aprelində təxribata başladı. Amma Azərbaycan ordusu qat-qat güclü cavab verdi".

Mərkəz rəhbəri qeyd edib ki, D.Tonoyan hətta aprel döyüşlərinin yekunlarının analitikası ilə də tanış olmaq istəmir. Mübariz Əhmədoğlu hesab edir ki, bəlkə də bu xəcalətindəndir: "Amma sofistik mühakimə irəli sürür: Hərb tarixində çoxlu sərkərdələr məhz keçmiş müharibənin təhlili əsasında hücuma keçdikləri üçün məğlub olublar. D.Tonoyanın məhz bu fikri bizdə onun intellektuallığının xəstəliyinə şübhə yaratdı və ilk ağılımıza gələn sektantlıq oldu2. Politoloq onu da bildirib ki, D.Tonoyan erməni xalqını aldatmaq üçün yeni anlayışlardan, terminlərdən istifadə edir: "Amma bilmir ki, hətta erməni obıvateli kimlərdənsə soruşa-soruşa öyrənəcək ki, Ermənistan Müdafiə Nazirliyi "Miq CM-30" qırıcı təyyarəsini Rusiya Federasiyasından ala bilməyəcək. Ya da Rusiya satmayacaq. Çünki Ermənistan Müdafiə Nazirliyi artıq bir dəfə bu qırıcı təyyarənin alınması ilə bağlı müqaviləni geri çağırıb. Yaxud, Ermənistanın pulu satmayacaq. Amma öz xalqını inandırmağa çalışır ki, Ermənistan Azərbaycandan güclüdür. 2016-cı ilin aprel döyüşlərinin bir nəticəsini D.Tonoyanın yadına salmaq istəyirik. Əgər Rusiya Ermənistan və Azərbaycan müdafiə nazirləri müavinlərinin görüşü məsələsini aktiv şəkildə gündəliyə gətirməsəydi, Xankəndi (Stepanakert) artıq boşalmışdı. Xankəndində (Stepanakert) dövlət binalarına qumbara ilə atəş açıldığı barədə məlumatlar yayılırdı. D.Tonoyan kimə xidmət etdiyi yalnız özünə bəllidir. Erməni xalqının maraqlarına xidmət etmədiyi aydındır. Çünki 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan dövləti daxilən monolit idi, Ermənistanın iqtisadiyyatı nisbi güclü görünürdü, Ermənistan ordusunun problemləri erməni xalqına bəlli deyildi. Rusiya Federasiyası regional təhlükəsizlik maraqlarının böyük bir qismi Ermənistan üzərində qurulmuşdu. İndi Ermənistanda milli birlikdən danışmağın yeri yoxdur. İqtisadiyyat bərbad gündədir. Erməni ordusunun problemləri gülməli vəziyyət yaradıb. Azərbaycana qorxu gələn ordunun rəhbəri hərbçilərini alt paltar və geyimlə təmin edə bilmir. Baş nazirin bu mövzuda verdiyi göstərişlər icra olunmur".

SİTM rəhbəri deyib ki, Rusiya ilə Ermənistan arasında təhlükəsizlik mövzusunda heç bir müttəfiqlikdən söhbət gedə bilməz: "Bunun bir qismi D.Tonoyana aiddir. Bu vaxtadək Rusiya  müdafiə naziri onu qəbul etməyib.

D.Tonoyanın şəxsiyyəti ətrafında baş verən digər hadisələr də erməni ordusunun imici və gücünü artırmır, əksinə azaldır. Bir müddət öncə fövqəladə hallar naziri idi. İndi aparılan yoxlamalar onun dövründə Fövqəladə Hallar Nazirliyində korrupsiya hallarını aşkarlayıb. Müdafiə Nazirliyində generalların korrupsiya əməlləri barədə erməni mətbuatı hər gün nəsə yazır. Ermənistan özü və ordusu indikinə nisbətən xeyli güclü göründüyü halda D.Tonoyan məğlub oldu. Son məğlubiyyətdən Ermənistanı Rusiya xilas etdi. Bu dəfə Ermənistan rüsvayçı şəkildə məğlub olacaq və Rusiya ona saman çöpü də uzatmayacaq. Bəlkə D.Tonoyan ruhi xəstədir. Amma sektantlıqla ruhi xəstəlik arasında elə də böyük fərq yoxdur".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31