Millət vəkili: "“Jara” musiqi festivalının keçirilməsinin siyasi baxımdan da ölkəmiz üçün böyük əhəmiyyəti var"

"Jara" musiqi festivalının Bakının qumlu sahillərində keçirilməsi artıq ənənə halını alıb. Hər il xeyli sayda Rusiya dövlətindən olan müğənnilər Azərbaycanda bu festivala qatılırlar və burada böyük bir bayram ab-havası yaşanır".

Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, "Jara" musiqi festivalının keçirilməsinin siyasi baxımdan da ölkəmiz üçün böyük əhəmiyyəti var: "Çünki ölkəmizə gələn rusiyalı müğənnilər Azərbaycanın inkişafını, gözəl bir məkan olduğunu görürlər. Bu festival həm də Rusiya televiziya kanalları vasitəsilə yayımlanacaq. Təbii ki, bu da bir daha Azərbaycanın tanıdılmasına imkan yaradır. Festivalda həm də bu il erməni əsilli Zara Mqoyan iştirak edəcək. Sosial mediada buna qarşı kampaniya aparılır. Mən tamamilə bununla razı deyiləm. Bu gün erməni əsilli müğənninin də Azərbaycanı görməsi vacibdir. Çünki biz tolerant ölkəyik. Onlar görsünlər ki, bizdə hər bir millətin nümayəndəsinə, xalqına qarşı bərabər münasibət var.

İkincisi isə bizim problemimiz Dağlıq Qarabağla bağlıdır. Biz bu istiqamətdə heç zaman ermənilərlə barışmarıq. Amma erməni əsilli müğənninin Azərbaycana gəlişi və onun da ölkəmizi görməsi, buradakı inkişafla tanış olması onların özləri üçün də bir mesaj olacaq. Azərbaycan işğala məruz qalmış ölkədir. Amma buna baxmayaraq böyük inkişaf yolu keçib. Festivalın keçirilməsi Azərbaycan üçün vacibdir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31