"Görünür "Jara" festivalı bəzilərini narahat edir" - AÇIQLAMA
26 İyul 2018 14:31 Siyasət"Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Azərbaycan multikultural ənənələrin formalaşdığı və digər ölkələrə nümunə göstəriləcək bir dövlətdir".
Bunu açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.
Onun sözlərinə görə, son illərdə biz bu istiqamətdə çox gözəl ənənələrin şahidi oluruq: "Bizim ölkəmizdə müxtəlif xalqların nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayırlar. Eləcə də müxtəlif dillərin təmsilçiləri burada qardaşlıq şəraitində yaşayırlar. Həmçinin İslam dinin təriqətlərinin nümayəndələri vəhdət namazı qılırlar. Ümumilikdə Azərbaycandakı bu tolerantlıq, multikultural ənənələr hər zaman dünyanın digər ölkələrinə nümunə kimi göstərilir. Görünür bu bəzilərini narahat edir. Onlar Bakıda keçiriləcək "Jara" musiqi festivalı ilə bağlı artıq qarayaxma kampaniyası aparmağa başlayıblar. Əslində Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin, bu münaqişədən zərər çəkən, qaçqın və məcburi köçkün düşmüş şəxslərin etirazlarını müəyyən mənada başa düşmək olar. Çünki erməni adı gələndə onlar qıcıqlanırlar. Zara erməni deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürddür.
Düşünürəm ki, Zaranın festivala dəvət olunması və ölkəmizin reallıqlarını təbliğ etməsi bizim xeyrimizə olan bir məsələdir. Bu cür beynəlxalq festivallar dünyanın inkişaf etmiş ölkələrində də keçirilir. Ölkənin turist imkanlarının genişləndirilməsi və tanıdılması baxımından çox əhəmiyyətlidir. Əgər Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır".
SİA