BAXCP rəsmisi: “Musiqi festivalının özü bir təbliğatdır"

"Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik. Əgər Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır. Hətta xatırlayırsınızsa, Azərbaycan cüdoçusu Elmar Qasımov 2009-cu ildə Yerevana getmiş, orada Avropa Çempionatının qızıl medalını qazanaraq Yerevanda ölkəmizin bayrağını qaldırmış və Azərbaycanın dövlət himnini oxumuşdur. O, döyüş meydanından qaçmadı, çıxış etdi və qalib gəldi".

Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

"O erməni ki Azərbaycanın maraqlarına xidmət edirsə niyə biz o ermənidən istifadə etməməliyik?. Hətta Zara Mgoyan erməni əsillidirsə belə biz ölkəmizin milli maraqları naminə o müğənnidən də istifadə etməliyik. Biz bütün dünyaya göstərməliyik ki, erməni sevgisi olan bir insan Azərbaycanı təbliğ edir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər var. Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik. "Jara" musiqi festivalının Azərbaycan üçün son dərəcə böyük önəmi var. Musiqi festivalının özü bir mədəniyyətdir. Bu gün dünya gözəl musiqiyə qulaq asır və insanlar musiqidən zövq alırlar. Təsəvvür edin ki, həmin festivalda təmsil olunan ölkələrin mediası, televiziyası, dünyanın tanınmış müğənniləri iştirak edəcək. Belə olan təqdirdə biz niyə mədəniyyətimizi, incəsənətimizi dünyaya göstərməməliyik? Hesab edirəm ki, bunu da düşünmək lazımdır"-deyə, N.Orduxanlı fikrini tamamlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31