Bəhruz Quliyev: “Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanındadır”
“Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin ildən-ilə artmasını zəruri edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaş ölkədə keçirilən seçkilərdən sonra ilk səfərini məhz Azərbaycana etməsi iki ölkə arasında münasibətlərin nə qədər sağlam, strateji əlaqələrin dərin və mənalı təməl üzərində qurulduğunun göstəricisidir”. Bu fikirləri “Olaylar”- az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev bildirib.
25 İyul 2018 15:01 Siyasət"Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin ildən-ilə artmasını zəruri edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaş ölkədə keçirilən seçkilərdən sonra ilk səfərini məhz Azərbaycana etməsi iki ölkə arasında münasibətlərin nə qədər sağlam, strateji əlaqələrin dərin və mənalı təməl üzərində qurulduğunun göstəricisidir".
Bu fikirləri "Olaylar"- az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev bildirib.
Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsini xatırladan ekspert bildirib ki, hər iki ölkənin eyni mövqedən çıxış etməsi, bir sıra sahələrdə sıx əməkdaşlıq münasibətləri Ümummilli Liderin zamanında söylədiyi dəyərli fikirlərin bariz sübutudur:
Bəhruz Quliyev Azərbaycan və Türkiyənin dünyada bir-birinə ən yaxın olan ölkə və müttəfiqlər olduğunu xüsusi vurğulayaraq bildirdi ki, Mövlud Çavuşoğlunun ölkəmizə səfəri zamanı Azərbaycanın baş naziri Novruz Məmmədov, daha sonra xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlər göstərir ki, ölkələr arasında münasibətlər bir sıra sahələrdə yeni mərhələyə qədəm qoyacaq: "Bildiyiniz kimi, bu görüşlərdə iki ölkə tərəfindən həyata keçirilən layihələr, regionun təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həllində qardaş ölkənin apardığı siyasət və digər qarşıda duran vəzifələr haqqında geniş müzakirələr Azərbaycan-Türkiyə birliyinin bundan sonra daha da möhkəmlənəcəyini deməyə əsas verir ".
Bəhruz Quliyev qeyd edib ki, Azərbaycanla Türkiyəni birləşdirən məqamlardan biri də hər iki ölkənin təkcə bizim region üçün deyil, Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edən layihələr reallaşdırmasıdır: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və TANAP layihələri dünya üçün mühüm əhəmiyyət kəsb edir. Bizim bu layihələrimiz təkcə nəqliyyat, enerji təhlükəsizliyi sahəsində deyil, xalqlarımızın mədəni dəyərlərinin inkişafında, rifah halının yaxşılaşdırılmasında da çox faydalıdır".
Qardaş ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanında olduğunu deyən ekspert söyləyib ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ölkəmizə səfəri zamanı bu məsələdə mövqelərini bir daha diqqətə çatdırmış oldu: "Bu bəyanat iki qardaş ölkə arasında münasibətlərin nə qədər yüksək olduğunun göstəricisidir. Əminliklə deyə bilərik ki, səfər Azərbaycan-Türkiyə əməkdaşlığını daha yüksək səviyyəyə qaldırdı. Türkiyə ilə Azərbaycan hər zaman bir-birinin yanında olub və bundan sonra da belə olacaq".