“Azərbaycan etimad qazanmış tərəfdaş ölkədir” - Tofiq Abbasov
“Ölkə başçısının Fransaya səfəri məhsuldar oldu. İkitərəfli münasibətlərlə bağlı vacib qərarlar əldə olunub”. Bu sözləri politoloq Tofiq Abbasov deyib.
25 İyul 2018 14:13 Siyasət"Ölkə başçısının Fransaya səfəri məhsuldar oldu. İkitərəfli münasibətlərlə bağlı vacib qərarlar əldə olunub".
Bu sözləri politoloq Tofiq Abbasov deyib.
Politoloq bölgədəki vəziyyətlə bağlı da mühüm danışıqlar aparıldığını qeyd edib: "Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycana istənilən yardımı, köməyi edəcəyini bildirib. Onlar münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardırlar".
T. Abbasov onu da deyib ki, Fransa postsovet məkanında fəallığını artırır: "Bu, ola bilsin ki, Amerika ilə münasibətlərdə olan gərginlikdən yetişilən məqamdır. Rəsmi Paris Şərq istiqamətində öz iqtisadi layihələrini gerçəkləşdirmək istəyir. Azərbaycan bu yöndə əhəmiyyətli ölkələrdəndir. Fransa biznesi ölkəmizdə çoxdan təmsil olunur. Hələ 1993-cü ildə mərhum prezident Heydər Əliyev Fransaya səfər edəndə mühüm müqavilələr imzalanmışdı. Heydər Əliyev onları inandırmışdı ki, Azərbaycan Qarabağ münaqişəsinə məruz qalsa da, bu, ölkədə sabitliyin möhkəmlənməsinə mane olmur. Prezident bildirmişdi ki, Azərbaycan özünə arxayındır, sabitlik qorunub saxlanılacaq və Fransa şirkətləri öz fəaliyyətlərini qura biləcək. Bu fikirlər qəbul olundu və çox keçmədi ki, müqavilələr imzalandı. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan etimad qazanmış tərəfdaş ölkədir. Gələcəkdə reallaşacaq layihələrdə birgə iştirak edə bilərik".
Azadinform