Aydın Quliyev: “Azərbaycan-Türkiyə arasında iş birliyi və təcrübə mövcuddur"
25 İyul 2018 14:09 Siyasət"Artıq xeyli illərdir ki, Türkiyə ilə Azərbaycan arasında bütün məsələlərdə - istər regional, istərsə də beynəlxalq, qlobal müstəvidə böyük əməkdaşlıq var. Bu vəziyyət iki ölkənin həm regional, həm də xarici siyasət tarixində oxşar eyni maraqlara, siyasətlərə malik olmasının bariz nümunəsidir".
Bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, birgə beynəlxalq miqyasda və regional sülhü təmin etməkdə Türkiyə ilə Azərbaycanın qoşa fəaliyyət göstərməsi sahəsində çox böyük təcrübələr var: "Xüsusilə də Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən indiyədək davam edən əməkdaşlıq siyasəti özünün böyük nəticələrini verməkdədir. Həmçinin mən beynəlxalq təşkilatlarda müəyyən məsələlərin ətrafında Türkiyə ilə Azərbaycanın eyni mövqedən çıxış etməsini xüsusi vurğulamaq istəyirəm. İndiyədək elə bir məsələyə rast gəlinməyib ki, beynəlxalq təşkilatlarda müzakirə olunanda hər iki ölkə fərqli mövqdən çıxış etsin. Bundan başqa regionda sülhün və əmin-amanlığın təmin olunması, dünyanın, o cümlədən Avropanın enerji ilə təchiz olunması istiqamətində Türkiyə-Azərbaycan əməkdaşlığının imkanlarının üzə çıxarılması sahəsində çox böyük iş birliyi və təcrübə mövcuddur.
Bu gün Türkiyə ilə Azərbaycan həqiqətən vaxtilə Ümummilli Lider Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlət devizini demək olar ki, dövlət fəaliyyətinin bütün sahələrində tam şəkildə reallaşdıra biliblər. Bu səviyyənin əldə olunmasında Türkiyə-Azərbaycan prezidentlərinin və şəxsən cənab İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğanın bir-birinə və dövlətlərinin mənafelərinin çox anlayışla yanaşması müstəsna rol oynayır. Artıq Türkiyənin və Azərbaycanın əməkdaşlığının regiondakı bir sıra problemlərin həll olunmasında böyük təsirə malik olduğunu, hətta beynəlxalq miqyasda da qeyd edirlər. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlığı qədər regional və qlobal inkişafa töhfə verən ikinci bir ikitərəfli əməkdaşlıq formatı yoxdur. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da Azərbaycan sonuncu səfəri bu istiqamətdə daha böyük imkanların açılmasına öz təsirini göstərəcək".
SİA