"Azərbaycanla Türkiyə iftira kampaniyalarını darmadağın edəcək" MÖVQE

"Türkiyə dövlətinin rəhbərlərinin seçkilərdən sonra ilk səfərinin Azərbaycana edilməsi artıq ənənə halını alıb. Bildiyiniz kimi qardaş bir müddət bundan öncə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, daha sonra baş nazir Binəli Yıldırım, ötən gün isə bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilk səfərini Azərbaycana etmiş oldu. Mövlud Çavuşoğlu uzun illərdir ki, Azərbaycanın dostudur və bir sıra beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq fəaliyyət ortaya qoyulub".

Bu fikirləri açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Asim Mollazadə deyib.

Türkiyə XİN başçısının ölkəmizdə bir neçə görüş keçirdiyini deyən deputat bildirib ki, görüşlər iki ölkə arasında gələcəkdə görüləcək işlər müzakirə edilib: "Azərbaycan və Türkiyə öz münasibətlərini "bir millət, iki dövlət" düsturu ilə həm siyasi, həm iqtisadi, həm də digər bir sıra sahələrdə birləşdirərək yeni sistem formalaşdırıb".

Səfər zamanı Azərbaycan-Türkiyə XİN başçılarının görüşünə toxunan A. Mollazadə söyləyib ki, bu görüş iki ölkənin xarici siyasətində koordinasiya üçün mühüm amildir: "Mən əminəm ki, Azərbaycanla Türkiyənin gələcəkdə çox böyük işləri olacaq".

İşçi qrupunun üzvü qeyd edib ki, Türkiyə XİN başçısının səfər zamanı ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlara mesaj göndərməsi çox mühüm əhəmiyyət kəsb edir: "Bildiyiniz kimi Çavuşoğlu ötən gün Azərbaycanda keçirdiyi mətbuat konfransında bildirdi ki, Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarda birgə fəaliyyətini gücləndirəcək. Hər kəsə məlumdur ki, beynəlxalq təşkilatlarda həm Azərbaycana, həm də Türkiyəyə qarşı bir informasiya müharibəsi gedir. Millətə nifrətlə yaşayan qüvvələr həm Azərbaycan həm də Türkiyəyə qarşı müxtəlif sənədlər hazırlayıb, müvafiq tədbirlər həyata keçirməyə çalışırlar. Dəfələrlə beynəlxalq təşkilatlarda Türkiyəyə ünvanlanan suallar Azərbaycan, Azərbaycana ünvanlanan fikirlər Türkiyə tərəfindən yüksək şəkildə cavablandırılıb. Bu baxımdan Türkiyə XİN başçısının bəyanatı hər iki ölkəyə qarşı təhdidlərdə birgə mübarizədə mühüm rola malikdir. Azərbaycan və Türkiyə bu məsələlərdə öz siyasətini koordinasiya edərək, fəaliyyətlərini genişləndirilməlidir. Beynəlxalq təşkilatlarda bizə qarşı iftira, böhtan kampaniyasını darmadağın etməyə çalışmalıyıq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31