Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək

Türkiyəli nazir: "Qarşıda görüləcək işlərimiz çoxdur"

Azərbaycan-Türkiyə əlaqələri inkişaf etməkdə davam edir. Ölkə başçılarının, eləcə də digər dövlət qurumlarının qarşılıqlı səfərləri bu əlaqələrin daha da genişlənməsinə zəmin yaradır. Xatırladaq ki, Türkiyədə keçirilən prezident seçkilərinədən sonra Rəcəb Tayyib Ərdoğan ilk səfərini elə Azərbaycana etdi. Azərbaycan və Türkiyə dövlət başçılarının qoyduqları bu ənənə hazırda digər dövlət və hökumət rəsmiləri tərəfindən davam etdirilir. Belə ki, iyulun 24-də Tükiyə xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfərə gəlib. Mövlud Çavuşoğlu deyib ki, Türkiyə parlamentinin sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akar da ilk səfərini Azərbaycana edəcək: "Biz qardaşıq, bir millət, iki dövlətik. Bir ənənəmiz var, hər seçkidən sonra ilk səfərlər Azərbaycana və ya Türkiyəyə olur. Parlament sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akar da ilk səfərini Azərbaycana edəcək". Məlum olduğu kimi Azərbaycan və Türkiyə təkcə ikitərəfli sahədə deyil, eləcə də regional və beynəlxalq məslələrdə də əməkdaşlıq edir. Qarşıda isə bu əməkdaşlığın daha da inkiaf etdirilməsi hədəflənir. Təsadüfi deyil ki, M. Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcəklər. Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə regionda birgə iri layihələr həyata keçirirlər: "Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars layihəsi həyata keçirildi və bu gün bir çox ölkələr bu layihəyə qoşulmaq istəyirlər". M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir: "Qarşıda görüləcək işlərimiz çoxdur. Beynəlxalq təşkilatlarda da fəaliyyətimizi gücləndirməyi nəzərdə tuturuq. Beynəlxalq təşkilatlarda irqçilik, ayrı-seçkilik daha çox özünü büruzə verir. Bu baxımdan Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək". Məlum olduğu kimi Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim ölkəmizin mövqeyini müdafiə edib. Nə baş verməsindən, hansı təzyiqlərə məruz qalmasından asılı olmayaraq Azərbaycanın mövqeyini dəstəkləməkdən çəkinməyib. Şübhəsiz ki, bundan sonra da Türliyə sözügedən məsələdə qətiyyət nümayiş etdirəcək. Elə bunu nəzərə alan M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır: "Azərbaycanın verdiyi hər bir qərarı dəstəkləyirik".

Bir daha xatırladaq ki, Azərbaycan-Türkiyə əməkdaşlığı uzun illərdən bəri davam edir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu əməkdaşlığın daha da inkişaf etməsində xüsusi rolu var. İki qardaş ölkə arasında əlaqələrin daha da genişlənəcəyi heç kimdə şübhə yaratmır. Birmənalı şəkildə qəbul olunur ki, Türkiyə bizim qardaş, dost dövlətimizdir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Canımız, qanımız, ruhumuz birdir. Dünyada ikinci bir xalq və dövlət yoxdur ki, bu qədər bir-birinə qırılmaz, sıx tellərlə bağlı olsun. Kimsə bunun analoqunu ortaya qoya bilməz. Hətta, istəsələr belə, bu bağı, bu birgəliyi heç kim, heç bir qüvvə və heç bir  dövlət qıra, məhv edə bilməz. Necə ki, tarix boyu, xüsusilə də, son 25-30 ildə bu istiqamətdə çoxsaylı cəhdlər, məkrli ssenarilər gerçəkləşdirilməyə çalışılıb, amma hər zaman da  bu cəhdlər, məkrli ssenarilər məhv edilib, fiaskoya uğradılıb. Həm Türkiyə dövləti və xalqı, həm də Azərbaycan dövləti və Azərbaycan xalqı, Azərbaycan türkləri, iki ölkənin rəhbərləri Türkiyəylə Azərbaycanın bağının, birgəliyinin qoparılmasına imkan verməyiblər, əksinə, dünyaya öz qardaşlıqlarını, birgəliklərini daha güclü və daha qətiyyətli şəkildə nümayiş etdiriblər. Bu baxımdan hesab etmək olar ki, Türkiyənin uğurları, sevinci Azərbaycanın sevinci, uğurlarıdır, Azərbaycanın uğurları, zəfərləri Türkiyənin uğurları, zəfərləridir.

Yeri gəlmişkən xatırladaq ki, Türkiyədə keçirilən seçkilərin nəticələri ilə bağlı Türkiyə prezidenti cənab  Rəcəb Tayyib Ərdoğanı, AKP hakimiyyətin təbrik edən ilk ölkə Azərbaycan və ilk dövlət başçısı Azərbaycan prezidenti cənab İlham Əliyev oldu. Çünki başqa cür də ola bilməzdi. Azərbaycan-Türkiyə münasibətləri son 15-16 ildə məhz prezident İlham Əliyevlə həmkarı Ərdoğanın dünyaya örnək, nümunə ola biləcək gözəl münasibətləri sayəsində ən üst səviyyə qalxıb. Yəni, bu iki liderin qardaşlıq, dostluq münasibətləri sayəsində Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, birgəliyi daha da sıxlaşıb, daha da güclənib. Odur ki, bu münasibətlərin bundan sonra da inkişaf edəcəyi, dünyaya nümunə, örnək olacağı şübhə doğurmur. Əksinə, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bu ölkələrin qarşılarındakı bütün problemlərin birgə dəf olunmasında öz müstəsna rolunu oynayacaq.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31