Paşinyan çətin sınaq qarşısında - ANALİTİK
24 İyul 2018 11:45 Siyasətİnqilabçı baş nazir Azərbaycanın hərbi gücünün artmasından ciddi narahatdır
Inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan deyəsən gəldiyi kimi də hakimiyyətdən gedəcək. Hər halda Nikolun baş nazirlik etdiyi bu müddət ərzində verdiyi vədlərin heç birini yerinə yetirməməsi belə deməyə əsas verir. Elə bu səbəbdəndir ki, gündən-günə Ermənistanda Paşinyan hökumətinə qarşı etirazlar artır, xalqın inqilabçı liderə olan etimadı, inamı azalır. Belə olan vəziyyətdə isə Paşinyan sələfinin ənənəsinə sadiq qalaraq xalqın diqqətini siyasi-iqtisadi və social durumdan Qarabağ probleminə yönəltmək istəyir. Ancaq göründüyü kimi Qarabağ məsələsində də Paşinyan istədiyi manevrləri edə bilmir. Belə ki, onunb Qərblə Rusiya arasında var-gəl etməsi, ikisindən birini seçmək kimi çətin durumda qalması istər-istəməz Qarabağ probleminə də təsirsiz ötüşmür. Belə ki, Nikolun daha çox Qərbə meyilli görünməsi Rusiyanın İrəvana təzyiqlərini artırır. Və bu təzyiqlər Qarabağ məsələsində də özünü göstərir.
Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Nikol Paşinyan odla su arasındadır. Onun sözlərinə görə, Ermənistanın baş naziri bir tərəfdən anlayır ki, ölkəsi Rusiyanın vassalıdır və bu asılılığı azaltmaq üçün hansısa mexanizmləri hərəkətə gətirməlidir: "Ancaq digər tərəfdən bu mexanizmlərin hərəkətə gətirilməsi Moskvanın narazılığını artıracaq və bu amil Paşinyanın hakimiyyətini laxladacaq, onun əleyhinə işləyəcək, Serj Sərkisyan və Robert Köçəryan pusqudadırlar. Paşinyan Rusiya hərbi bazasının "əvvəlcədən razılaşdırılmayan" hərbi təlimlərindən bəhanə kimi istifadə edərək bunun Ermənistana qarşı təxribat mahiyyəti daşıdığını açıqladı. Halbuki, rus generallar daha sonra açıqlama verərək Ermənistanda bu il ərzində planlaşdırılan bütün təlimlərin razılaşdırıldığını bildirdilər. Buna baxmayaraq, Paşinyan Ermənistanın Rusiya və Qərb arasındakı məsafənin balaslaşdırılması fikrindən əl çəkməyərək indi də Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusuna əl gəzdirmək istəyir. Bu istək Moskvanın Paşinyanın siyasəti haqqında qeyri-müəyyən suallarının sayını artıracaq. Başqa bir sual da maraqlıdır: Paşinyanın bütün bu addımlarından sonra Ermənistanın baş naziri silah almaq üçün Serj Sərkisyan kimi Moskvadan kredit istəyəcəkmi və Kreml belə bir istəyin qarışılığında İrəvana yenə 200 milyon dollar kredit ayırmağa hazırdırmı? Əlbəttə, Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa bu həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir. Ancaq bunun baş verəcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Paşinyan hələ ki, Rusiyanın nəbzini yoxlayır, vurnuxur, Qərbin onu dəstəkləyəcəyinə əmin deyil. Ermənistan üçün Rusiyadan qopmaq asan deyil, bəlkə də mümkün deyil. Bunu istəyənlər ya devrilirlər (Levon Ter-Petrosyan kimi), ya da qətlə yetirilirlər (1999-cu ildə Ermənistan parlamentinin gülləbaran olunması)". Politoloq Paşinyanın keçirdiyi son mətbuat konfransında Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub: "Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında faktiki Rusiyaya yalvararaq deyib ki, Ermənistanın tarixi strateji müttəfiqi olan Rusiya bölgədə müharibənin başlamaması üçün böyük imkanlara malikdir. Paşinyanın sonrakı cümləsi daha maraqlıdır: "Mən inana bilmərəm ki, Rusiya əlində olan imkanlardan istifadə etməyəcək". Paşinyanın sözlərindən iki nəticə çıxır. Birinci nəticə odur ki, Qarabağ münaqişəsinin həllində devirdiyi Serj Sərkisyandan heç nə ilə fərqlənməyən Paşinyan Azərbaycan ordusunun növbəti hücumu ehtimalını yüksək qiymtələndirir və bundan ciddi narahatdır. İkinci nəticə odur ki, Paşinyan Rusiyanın Azərbaycana təzyiq edəcəyinə inanmaq istəyir. Yəni şübhələri də var". Politoloq deyir ki, Paşinyan Belarusun Azərbaycana silah satmasından da xeyli narahatdır: "Kollektiv Təhlüksəzlik Müqaviləsi Təşkilatındakı tərəfdaşımız belə bir addım atmamalıdır" deyən Paşinyan tərəfdar dövlətlər arasında öhdəliklərin dəqiqləşdirlməsi vacibliyini bildirib. Bu da yersiz açıqlamadır. Belarus Azərbaycana silah satmaqdan imtina etməyəcək. Rusiya imtina etmirsə, Belarus niyə imtina etməlidir? Hələ Qazaxıstanla da hərbi əməkdaşlığı genişləndirib bu qardaş ölkədən də müasir hərbi texnika almaq vacibdir. Bu da reallaşarsa İrəvan indi də Astanaya dişlərini qıcıdacaq". Elxan Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan narahatlıqları anlaşılandır: "O bir tərəfdən, Rusiyadan "müharibəyə imkan verməyin" yalvarışını səsləndirərkən, digər tərəfdən "Rusiya hərbi bazasının Ermənistanda heç kimi xəbərdar etmədən atəşlə müşayiət olunan təlimi təxribatdır" deyə fikir bildirir. Əgər yalvardığın səni saymırsa, başqa istəyini niyə diqqətlə yanaşmalıdır? Ancaq o da var ki, Kreml həqiqətən Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını, işğal altındakı torpaqların azad olunmasını istəmir".
Məhəmməd