“Ermənistan bu gün riyakar və ikiüzlü siyasət yeridir” – Şərh
23 İyul 2018 17:08 Siyasət"Paşinyanı küçədən birbaşa hakimiyyətə gətirən erməni xalqının istəyi özlərinin aclıq, səfalət probleminin həll edilməsi idi. Lakin xalqa verdiyi vədləri yerinə yetirə bilməyən Paşinyan artıq çətin bir vəziyyətdədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib.
O bildirib ki, Ermənistanı özünün sələfi olan Sarkisyanın düşürdüyü vəziyyətdən də ağır bir vəziyyətə salan Paşinyan apardığı daxili və xarici siyasətdə nə edəcəyini bilməyən dırnaqarası siyasətçidir: "Ermənistanın bu gün daxili və xarici siyasətində mütənasiblik görünmür. Aydındır ki, büdcəsi boş olan Ermənistanın bu gün siyasi və iqtisadi olaraq da heç bir sahədə uğuru yoxdur. İşğalçı və terrorçu ölkənin işğalçılıq siyasətindən əl çəkmək əvəzinə yalan bəyanatlar verməyə başlaması erməni xalqının ayrı-ayrı nümayəndələrini, Paşinyan hökümətinə qarşı aksiyalar, mitinqlər keçirməyə vadar edir. Bununla da, Ermənistanda mürəkkəb bir hakimiyyət böhranı yaşandığının şahidi oluruq".
Rufiz Qonaqov qeyd edib ki, Ermənistanda hakimiyyət keçmiş baş nazir, "xunta" rejiminə rəhbərlik etmiş Sarkisyanın əlindədir. Hökümətə isə küçədən gəlmiş baş nazir rəhbərlik edir. Bu da onu göstərir ki, Ermənistanda heç bir nəticəvi addımlar atıla bilməyəcək. Ermənistan hökümətinin müxtəlif qanadlarına rəhbərlik edən şəxslər isə tamamilə ayrı əqidədə, məqsəddə olan insanlardır.
Ermənistanın bu gün riyakar və ikiüzlü siyasət yürütdüyünü vurğulayan politoloqun sözlərinə görə, yardımlara və dilənməyə öyrəşmiş bir Ermənistanın bu gün başqa çarəsi yoxdur: "Ermənistan nə qədər ki, Azərbaycan torpaqlarına olan işğalçılıq niyyətindən əl çəkməyəcək, mitinqlərdə Qarabağı deyil, sosial rifahlarının həll olunmasını istəyən xalqının prblemlərini həll etməyəcək, bu zaman Ermənistanda hər hansı bir dövlət siyasətindən söhbət gedə bilməz".