Bəhruz Quliyev: “Azərbaycan-Fransa münasibətləri geniş əməkdaşlıq prinsipləri əsasında inkişaf etməkdədir”
23 İyul 2018 14:17 Siyasət"ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi Fransanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv mövqe sərgiləməsi, eyni zamanda Parisin Brüssellə əlaqələrin dərinləşməsində və genişlənməsində rəsmi Bakının davamlı səylərini dəstəkləməsi iki ölkənin siyasi əlaqələrinin də yüksək səviyyədə olmasına işarə edir".
Bu fikirləri prezidentin Fransa səfərini Olaylar.az -a şərh edən "Səs" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib.
"Azərbaycan-Fransa münasibətləri qarşılıqlı hörmət, geniş əməkdaşlıq prinsipləri əsasında inkişaf etməkdədir. Ötən müddət ərzində Prezident İlham Əliyevin Fransaya səfərləri isə dövlətlərarası əlaqələrin inkişafına stimul verməklə yanaşı, əməkdaşlıq üçün yeni sahələrə üfüqlər açır. Elə Prezident İlham Əliyevin Fransaya son səfəri də bu baxımdan əlamətdar oldu. Avropa İttifaqının ən qabaqcıl ölkələrindən olan Fransa ilə Azərbaycanın strateji münasibətləri yeni mərhələyə qədəm qoymaqdadır: "Son səfər zamanı Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji və Fransa Senatının sədri Jerar Larşe ilə keçirdiyi görüşlərdə səslənən fikirlər və təkliflər Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyinin göstəricisi idi".
"Əlbəttə ki, Azərbaycanla Fransa arasında münasibətlərin inkişaf xəttində iqtisadi əlaqələr də xüsusi önəm kəsb edir" - deyən Bəhruz Quliyev qeyd edib ki, olduqca geniş sahəni əhatə edən bu əməkdaşlıq münasibətləri neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq və digər istiqamətlər üzrə daha da genişləndirilməkdədir.
"Bəhruz Quliyev Fransanın kənd təsərrüfatı iqtisadiyyatın inkişafını səciyyələndirən başlıca sahə olduğunu, hazırda Avropada kənd təsərrüfatı məhsullarının istehsalına və ixracına görə ilk yerlərdən birini tutduğunu qeyd etdi. "Avropa və Afrikanın əksər dövlətləri məhz bu ölkənin kənd təsərrüfatı mallarını idxal etməklə öz ərzaq ehtiyatlarını formalaşdırır. Buna görə də bu ölkə ilə əməkdaşlığın geniş xarakter alması Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır".