NATO-Rusiya gərginliyi yeni mərhələdə - ŞƏRH
20 İyul 2018 13:16 SiyasətDeyəsən NATO ilə Rusiya arasında yeni bir gərginlik atmosferi yaranıb. Səbəb Gürcüstanın Hərbi Alyansa tamhüquqlu üzvlüyünün gerçəkləşməsi istiqamətində atılan addımlardır. Belə ki, Brüsseldə keçirilən NATO sammiti çərçivəsində səsləndirilən bu fikir Moskvada ciddi etirazla qarşılanıb. Ekspertlər hesab edirlər ki, bu situasiya regiona heç də müsbət nəsə vəd etmir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Brüsseldə NATO sammitində Gürcüstanın bu quruma tezliklə üzv olacağının bəyan edilməsi, Rusiyanın kəskin reaksiyası ilə nəticələnib. Onun sözlərinə görə, burada qeyd etmək lazımdır ki, Rusiya öz qərb və cənub sərhədlərində NATO-nun varlığınına qarşı fövqəladə güc hazırlayır: "Xüsusi ilə Gürcüstanın bu Alyansa üzvlüyü Kremli narahat edən məslələrdən biridir. Helsinkidə Vladimir Putinin Donald Trampla görüşündə NATO-nun Rusiyanın sərhədlərinə irəliləməsinə adekvat cavab verəcəklərini qeyd etməsi situasiyanın nə qədər gərgin olduğunu göstərir. Buna baxmayaraq Şərqi Avropada Rusiyanın NATO-ya cavab verməsi mümkün deyil.
Qeyd edim ki, NATO-nun Şərqə doğru genişlənməsinə, həmçinin Gürcüstanda varlığının artırmasına, Rusiya preventiv cavab tədbirlərini hazırlamaqla, Gürcüstanın digər ərazilərinin işğalını reallaşdıra bilər. Bundan əlavə, ermənilərin sıx məskunlaşdığı Cavaxetiyada separatizmi alovlandıra bilər. Nəzərə alaq ki, Cavaxetiya erməniləri daima separatizmə meyilli olublar və ani qığılcım prosesləri alovlandıra bilər". Politoloq deyib ki,
Rusiya Ermənistandakı "102-ci" hərbi bazasından Cavaxetiya ermənilərini silahlandırmaqla, Gürcüstan mərkəzi hökumətini NATO-ya üzvülükdən çəkindirməyə çalışa bilər: "Hazırda rəsmi Tiflislə Kreml arasında söz dueli davam edir. Kreml Tiflisə diplomatik kanalllarla hədələyici mesajlar verir. NATO rəhbərliyinin Moskvanın bu təhdidləri fonunda Gürcüstanın Alyansa üzvlüyünü təxirə sala bilər. Gürcüstana qarşı Rusiyanın işğal planı son dərəcə real və təhlükəli olaraq qalır. Nəzərə alaq ki, Cənubi Osetiyada Rusiyanın hərbi bazaları var, Osetiya ilə Gürcüstan arasında süni sərhəd məsələsini qaldırmaqla, osetin qüvvələrini silahlandıraraq, Gürcüstanın içərilərinə doğru irəlləmək iqtidarına sahibdir. Qeyd edim ki, Gürcüstanın Rusiya ilə hərbi toqquşması baş verərəsə, 2008-cil avqust aylarında olduğu kimi, yenə Qərb Tiflisə hərbi dəstək verməyəcək. Hazırda Gürcüstana görə hərbi toqquşma Qərb üçün arzuolunan deyil. Göründüyü kimi, Qərb Ukraynanı real döyüş meydanında Rusiya ilə üz-üzə qoydu və nəticədə Ukrayna ərazisinin bir hissəsini faktiki şəkildə itirmiş oldu. Hazırda Rusiyanın Cənubi Qafqaza real hərbi təhlükəsi Gürcüstan üzərində qalır. NATO Gürcüstanı tərkibində görmək istəyirsə, mütləq şəkildə hərbi kontingentini Gürcüstanda yerləşdirməlidir. Bundan sonra Gürcüstan Rusiyanın hərbi işğal və təzyiqlərindən qoruna bilər. NATO-Rusiya qarşıdurması, Gürcüstan üzərində yeni mərhələyə qədəm qoyur".
İqtisadçı ekspert Firkət Yusifov isə əsas diqqəti ABŞ prezidentinin atdığı addımlara yönəldərək hesab edir ki, Gürcüstanın NATO-ya üzvlük məsələsinin yenidən gündəmə gəlməsi bir növ Birləşmiş Ştatların planıdır: "Amerika Birləşmiş Ştatlarının prezidentinin son aylarda atdığı gözlənilməz addımlar dünya siyasi meydanında baş verən gözlənilməz hadisələr kimi dəyərləndirilə bilər. Onun bu yaxınlarda Şimali Koreyanın lideri ilə görüşü, heç kimin gözləmədiyi halda Rusiya prezidenti ilə ilk görüşü zamanı bu qədər isti münasibət yarada bilməsi nə qədər qəribə görünsə də danılmaz həqiqətdir. Donald Trampın Vladimir Putinlə görüşündən az sonra öz twitter səhifəsində yazdığı fikirlər daha çox diqqət çəkir. Onun "mən bəşəriyyətin taleyi ilə risk edib siyasi qazanc əldə etməkdənsə, bəşəriyyət xatirinə siyasi risklərə getməyə daha çox hazıram" deməsi düşündürücüdür. Trampın on illər boyu ipə-sapa yatmayan və qonşu dövlətləri, hətta ABŞ-ın özünü nüvə silahı ilə hədələyən Şimali Koreya rəhbərini "ram" edə bilməsi, onun bu fikirləri söyləməkdə haqlı olduğunu göstərir. Hazırda ABŞ-da Trampın populyarlığı 11 sentyabr 2001-ci ildə baş vermiş məlum terror aktından sonrakı dönəmdə kiçik Corc Buşun populyarlıq səviyyəsi ilə müqayisə edilə bilər. İndi Tramp eyni zamanda həm Amerikanın və həm də bəşəriyyətin maraqlarını qorumaq xatirinə riskli addımlar atır. Təssəvvür etmək çətin deyil ki, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar üzərində iş aparıldığı bir vaxtda Trampın şimal qonşumuzun rəhbərliyi ilə bu qədər isti bir münasibət formalaşdırması Birləşmiş Ştatların rəsmi dairələri və ilk növbədə Rusiyaya qarşı sanksiya istəyində olan konqresmenlər tərəfindən necə qarşılanır. Ancaq Tramp heç nəyə baxmadan özünü dünyanın siyasi düzənində ciddi korrektələr etməyə kökləyib. Zaman onun bu addımlarının nə ilə nəticələnəcəyini tezliklə göstərəcək. Müzakirəyə ehtiyacı olmayan bir həqiqət var ki, ideoloji cəhətdən fərqli qütblərdə dayanan tərəflərin müttəfiqliyi bir qayda olaraq möhkəm olmur və ya uzun ömürlü ola bilmir". Bəs bu iki nəhəng nüvə dövlətinin yaxınlaşması bizə nə vəd edə bilər? Fikrət Yusifov hesab edir ki, adətən belə yaxınlaşmalar onların maraqlarının bölüşdürülməsi ilə də başa çata bilir. Hər iki dövlətin dünyanın çox yerində olduğu kimi, Cənubi Qafqazda da öz maraqları var.
Füzuli