Azərbaycanı Avropa İttifaqı üçün Cənubi Qafqazda əvəzolunmaz partnyora çevrilir
20 İyul 2018 12:40 SiyasətAzərbaycan xarici siyasət sahəsində öz uğurlu addımlarını atmaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən balanslaşdırılmış xarici siyasət kursu sayəsində diplomatik sahədə əldə etdiyimiz uğurlar Azərbaycan üçün yeni-yeni perspektivlər açır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər və Avropa İttifaqı ilə imzalanan sənəd də elə bunun əyani sübutudur. Xüsusi olaraq onu qeyd etmək lazımdır ki, bu sənəd Azərbaycanı qoca qitə ilə bir qədər də yaxınlaşdıracaq və Avropada Azərbaycanın mövqelərini, yeri və rolunu möhkəmləndirmiş olacaq. Elə Azərbaycan dövlət başçısının Brüsseldə keçirdiyi görüşlərdən dərhal sonra İtaliya prezidentinin Azərbaycana gəlməsi və burada imzalanan mühüm sənədlər də Avropada Bakıya olan maraqdan irəli gəlir. İtaliya prezidentinin Azərbaycana səfərindən sonra isə Azərbaycanın Avropanın daha bir ölkəsi ilə əlaqələrində yeni bir mərhələ başlayır desək yanılmarıq. Söhbət Fransadan gedir. Məlum olduğu kimi iyulun 19-dan etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Fransaya səfəri başlayıb. Səfər çərçivəsində dövlət başçısı bu ölkədə bir sıra rəsmi görüşlər keçirib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfərin ilk günü Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Jerar Larşe Prezident İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu deyib. O, bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Senatın sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışdı, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi vurğulayıb. Bildirib ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Prezident İlham Əliyev Fransa Senatına növbəti dəfə gəlməkdən məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Görüşdə vurğulayıb ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq Sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli Sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu deyib. Vurğulanıb ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır. Görüşdə parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edilib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Senatın sədri onu da bildirib ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir. Azərbaycan dövlət başçısının Fransa səfəri davam edir və səfər çərçivəsində Prezident İlham Əliyevin digər mühüm görüşlər keçirəcəyi də bildirilir.
Azərbaycan dövlət basşçısının Fransa səfəri birmənalı olaraq yüksək qiymətləndirilir və bu səfər Paris-Bakı münasibətləri baxımından mühüm əhəmiyyətli səfər hesab edilir. Elə millət vəkili Azər Badamov da bu qənaətdədir. O, bildirib ki, Cənab Prezdentin Fransaya növbəti səfəri Azərbaycan-Fransa arasındakı münasibətlərinin çox yüksək səviyyədə olduğunun göstəricisidir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Fransa əlaqələri siyasi, iqtisadi, mədəniyyət, təhsil və sairə sahələri üzrə yüksək səviyyədə inkişaf edir: "Bakıda fransız liseyinin və Fransa -Azərbaycan universitetinin açılması iki ölkə arasındakı münasibətlərini daha da yaxınlaşdırıb. Bir neçə gün əvvəl İtaliya prezdentinin Bakıya səfəri, bu gün isə cənab Prezdentin Fransaya səfəri və ümumilikdə Avropa İttifaqının ayrı-ayrı subyektləri ilə Azərbaycanın dostluq əlaqələrinin genişlənməsi Azərbaycanı Avropa İttifaqına daha da yaxılaşdırır və Azərbaycanı Avropa İttifaqı üçün Cənubi Qafqazda əvəzolunmaz partnyora çevirir". Millət vəkili deyib ki, bu reallığı artıq Avropada da qəbul edirlər.
Süleyman