Ermənilərin Kazaryan əndişəsi
20 İyul 2018 12:35 SiyasətVə Kaspişikin onu geri qaytarmaq cənfəşanlığı
Bir neçə gün əvvəl cəbhənin Qazax istiqamətində ermənilərin həyata keçirdiyi təxribat və düşmənin diversiya qrupunun cəhdinin qarşısının alınması, eləcə də qrupun bir üzvünün əsgərlərimiz tərəfindən ələ keçirilməsi deyəsən Ermənistanda ciddi narahatçılıq yaradıb. Əvvəlcə diversiya qrupunun üzvünü çoban kimi təqdim edən Ermənistan sonradan onun Aprel döyüşlərinin fəal iştirakçısı olduğu barədə məlumatlar üzə çıxdıqdan sonra İrəvan ciddi cəhdlə əsir götürülmüş erməninin qaytarılmasına çalışır. Bu prosesə isə Ermənistan hakimiyyəti bir qayda olaraq İrəvanın mövqeyindən çıxış edən ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsini cəlb ediblər. Hərbi ekspert Üzeyir Cəfərov da hesab edir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin bu günlərdə Bakıda peyda olması da təsadüfi deyil və qeyd edilən məqsədə xidmət edir: "Hərbi jurnalist və hərbi-siyasi təhlilçi olaraq verilən ən xırda xəbərdə belə bəzən elə gözlənilməz bir nüansla, məqamla rastlaşırsan ki, onun incələnməsinə ehtiyac olur. Elə dünən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik ilə görüşməsi haqqında xəbər də diqqətimi cəlb etdi. Və qısa bir araşdırma və hadisələrin təhlili ortalığa çox ilginc və maraqlı bir mənzərəni çıxartdı. Sən demə, dünən bizim hörmətli nazirimi Zakir Həsənov Ermənistanın beynəlxalq səviyyədə sözün hər mənasında "səfiri", təəssübkeşi kimi özünü təsdiq etmiş polşalı, çox hiyləgər bir ermənipərəsti qəbul edibmiş. Bu sözü mən artıq çəkinmədən deyirəm və bunu sübut etməyə də hazıram. Baxmayaraq ki, bizim Müdafiə Nazirliyinin mətbuat xidməti görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılması haqqında məlumat yayıb, əslində isə görüşün əsas mövzusu bir neçə gün bundan öncə Qazax rayonu istiqamətində şərəfli əsgər və zabitlərimiz tərəfindən ələ keçirilən erməni diversantı Kazaryanın məsələsi olub. Daha doğrusu, Kaşpşik erməni tərəfinin xahişini etməyə gəlibmiş. Yoxsa ATƏT-in Minsk qrupunun bivec həmsədrləri, həmçinin qoşunların təmas xəttində o qədər mənasız monitorinqlər keçirilib ki, indi guya onun keçirilməsi ilə bağlı hansı zərurət yarandı ki, Kaspşik durub müdafiə nazirimizə yenidən müraciət edərək onu təcili qəbul etməsini xahiş edib?. Bu həmin vicdan hissini çoxdan itirmiş Kaspşikdir ki, bu günə kimi bir dəfə də olsun Xankəndində artıq iki ildən çox girov saxlanılan qeyrətli oğullarımız Dilqəm Əsgərovla, Şahbaz Quliyev barəsində hələ bir dəfə ağzını açıb hansısa söz deməyib. Və deməyə nə kişiliyi, nə də mənliyi çatmayır. Bu həmin Kaspşikdir 2014-cü ildə bizim mövqelərimiz üzərində vurulan erməni döyüş helikopterinin cəhənnəmə vasil edilmiş ekipajının qalıqlarını almaq üçün ermənilərin tapşırığı ilə gecəynən Bakıya gəldi və yalvar-yaxar elədi ki, onu geriyə, Ermənistana əliboş qaytarmayaq. Və öz istəyinə nail oldu. Mən bu polyak cəsusun həm İrəvandakı, həm də Xankəndindəki təm-təraqlı ofislərində 2001-ci ildə şəxsən olmuşam və ermənilərin bu şəxsi necə böyük məhəbbətlə sevdiklərinin şahidyəm. Bir sözlə, Kaspşik uzun illərdir ki ATƏT-də yedirdib-içirtdiyi çoxsaylı havadarlarının vasitəsiylə hələ ki, öz erməni xislətli missiyasını davam etdirir. Və bu şəxsi artıq buralardan uzaqlaşdırmağın vaxtı çoxdan çatıb. Bu adamın ermənilər üçün necə cənfəşanlıq etməsi ilə bağlı fəaliyyəti haqqında geniş məlumatları yəqin ki, yaxın zamanlarda hamımız eşidəcəyik. Bunlar bəh-bəhlə təriflədikləri ATƏT-də, onun bivec, fərsiz Minsk qrupunda beynəlxalq səviyyəli mafioz juliklər dəstəsi formalaşdırıblar". Üzeyir Cəfərov qeyd edib ki, biz Azərbaycan dövləti və xalqı olaraq bu tip beynəlxalq ünsürləri ifşa etməli, onları layiq olduqları yerdə oturtmalıyıq: "Məhz Kaspşik və həmsədrlər ATƏT-in Minsk qrupunda yarandığı gündən bu vaxta kimi gün keçirtməklə, dünyanın bahalı şəhərlərində mənasız görüşlər təşkil etməklə Qarabağ düyününün açılmasına mane olmaqda hələ də dirəniş göstərirlər. Bunlar öz komfortlu iş yerlərini və ağılagəlməz yüksək məvaciblərini itirmək fikrində deyillər. Deməli, bunlara qapını göstərməyin vaxtı çatıb".
Süleyman