Elman Məmmədov: "Dostluğumuz işimizə xeyir verəcək”

"Azərbaycan müstəqil dövlət kimi yaşamağa başlayandan ilk dəfədir ki, İtaliya prezidenti Azərbaycana səfər edir. Səfər xoşməramlı səfərdir".

Bunu millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu səfər İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə səbəb olacaq: "Yəni bu səfər bütün istiqamətlərdə - iqtisadi, elm, təhsil və s. sahələrin inkişafına zəmin yaradacaq. Mən Azərbaycan və İtaliya prezidentlərinin görüşünü çox diqqətlə izlədim. İtaliya ilə əlaqələrimiz və bu əlaqələrin inkişaf etdirici xətt üzrə müsbət istiqamətdə inkişafı müzakirə mövzusu oldu. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev İtaliya prezidenti ilə görüşəndə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çox ciddi şəkildə toxundu. Birləşmiş Millətlər Təşkilatının (BMT) icra olunmamış qətnamələri, Ermənistanın işğalçılıq siyasəti, tarixi torpaqlarımızın işğal altında olması və İtaliyadan bu istiqamətdə ədalətli mövqe sərgiləməsi məsələləri ortaya qoyuldu.

İtaliya ATƏT-in üzv dövləti kimi, eyni zamanda Avropa Şurasında, Avropa İttifaqında, Avropa Birliyində özünəməxsus yeri, sanbalı, sözü olan bir dövlət kimi İtaliya prezidenti tərəfindən də səsləndirilən fikirlər müsbət qarşılandı. Burada heç bir fikir ayrılığı olmadı. İtaliya prezidenti də Azərbaycanın ərazi bütövlüyünün İtaliya dövləti tərəfindən dəstəkləndiyini bəyan etdi. Hesab edirəm ki, səfər çox uğurlu idi və bundan sonra da İtaliya-Azərbaycan münasibətləri daha da yüksək səviyyədə inkişaf edəcək. Dostluğumuz işimizə xeyir verəcəkdir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31