“Doğrudan da, belə bir sərəncama ehtiyac var idı” - MİLLƏT VƏKİLİ
18 İyul 2018 14:45 SiyasətMillət vəkili: "Bu sahədə böyük bir xaos, sistemsizlik, özbaşınalıq var"
Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanları, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", eləcə də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində digər normativ hüquqi aktlar, həmçinin tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Azərbaycan Respublikasında hər il yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir.
Millət vəkili Tahir Rzayev bildirib ki, ölkə prezidentinin Azərbaycan dili ilə bağlı növbəti sərəncamını çox vacib və təqdirəlayiqdir: "Doğrudan da, belə bir sərəncama ehtiyac var idı. İstər elektron məkanda, istər virtual məkanda, istər də yazılı məkanda - mediamızda, qəzet və jurnallarımızda, ədəbiyyatımızda, efir məkanımızda Azərbaycan dilinin istifadə və işlənmə qaydaları, ədəbi normaları kobudcasına pozulmaqdadır. Bu məsələdə böyük bir xaos, sistemsizlik, özbaşınalıq var. Adıçəkilən məkanlarda, sahələrdə Azərbaycan dilinin qayda-qanunlarına bir sıra hallarda əməl olunmur. Kim necə istəyir, o cür də yazır, kim necə düşünür, o cür də danışır. Bu məsələni insanların kefinə buraxmaq olmaz. Dil müqəddəsdir, bayraq, gerb, himn, ordu kimi ən vacib atributlardandır, milli kimlik və mənlik məsələrindəndir. Dilimizi şərəfimiz, namusumuz kimi qorumalıyıq. Burada "mən necə istəyərəm, o cür də edərəm" kimi yanlış və zərərli yanaşmaya, tendensiyiya son qoyulmalıdır. Əgər biz öz dilimizə sahiblik, onun qayda-qanunlarına riayət etməsək, o zaman əcnəbilərdən, digər millətlərin nümayəndələrindən nə gözləyə və ya nə tələb edə bilərik? Öncə özümüz, sonra da başqaları, yəni, el məsəlində deyildiyi kimi, "əvvəl evin içi, sonra çölü"... Bəzən efirlərdə, mediada, ədəbiyyat nümunələri kimi təqdim olunan "əsərlər"də elə sözlərə, elə ifadələrə rast gəlinir ki, mat-məətəl, donub yerində qalırsan, deyirsən, İhahi, görəsən, bu, bizim dilimizdir? Ayağı-başı bilinməyən söz, ifadə olarmı, onu haradan tapıblar, beləsinin əlinə kim qələm və ya mikrofon verib? Ona görə hesab edirəm ki, Azərbaycan dili ilə bağlı verilən hər bir qərar, sərəncam olduqca vacibdir, təqdirəlayiqdir və onun da bütün şərtlərinə, müddəalarına əməl olunmalıdır.Bu, hər bir kəsin, ələlxüsus, qələm əhlinin, yazarların, efir insanlarının, söz adamlarının borcudur".
Millət vəkili Kamilə Əliyeva da həmkarı kimi düşünür. O da hesab edir ki, Azərbaycan dilinin saflığı, incəliyi, zənginliyi qorunmalıdır: "Dilimizə xələl gətirməyə kimsənin haqqı yoxdur. Belə bir haqq kimsəyə verilməyib. Dil sənin şəxsi malın deyil ki, onunla da istədiyin kimi rəftar edəsən, davranasan. Dil sənin millətinin, sənin xalqının, sənin toplumunun, sənin dövlətinindir, onun əmanətidir. O əmanətə də xəyanət etmək olmaz və olmamalıdır". Millət vəkili deyib ki, Azərbaycan dili, Azərbaycan türkcəsi dünyanın ən gözəl, ən zəngin dillərindəndir: "Bu dildə istədiyin fikri, mövqeyi çox gözəl, çox sadə və çox anlaşıqlı şəkildə ifadə edə bilərsən və etmək də mümkündür. Əsrlərdir də belədir, bu dil əsrlərin, yüzilliklərin süzgəcindən keçərək, saflaşaraq bügünlərimizə-bizlərə gəlib çatıb, bizlərə əmanət edilib. Bizim də bir vətən övladı, Azərbaycan insanı kimi borcumuz və müqəddəs vəzifəmizdir ki, bu əmanətə sahib çıxaq, dilimizə yiyə duraq, onu yad və zərərli elementlərdən, bayağılaşmaqdan qoruyaq. Amma bunu edə bilirikmi, dilmizi qoruyuruqmu, dilimizin necə deyərlər,qayda-qanunlarına sonunacan əməl edirikmi? Təəssüf ki, yox! Bu, çox ağrılı və narahatedici, həm də hər birimizi düşündürməli olan məsələdir. Mən bir dəfə də bu məsələni parlamentdə dilə gətirmişdim və narahatlığımı ifadə etmişdim ki, belə hallara artıq son qoyulmalıdır, dilimiz bərbad durumdan çıxarılmalıdır. Xüsusilə də, dərslikləimiz, dərs vəsaitlərimiz -hansı ki, uşaqlarımız, gələcəyimiz olan övladlarımız onunla formalaşır- normal dildə yazılmalıdır, Azərbaycan dilinin bütün incəliklərinə əməl olunmalıdır. Vallah-billah, dərsliklərimizdə, dərs vəsaitlərimizdə, uşaqlarımızın istifadə etdikləri və etməli olduqları ədəbiyyat nümunələrində elə sözlərə, elə cümlələrə rast gəlirik ki, adamın deməyə sözü də qalmır. Niyə belə edirlər, nə məqsəd güdürlər, qəsdləri nədir, axı? Biz öz dilimizə sahib çıxmasaq, başqaları sahib çıxacaq və onunla da istədiyi kimi davrancaq. Buna heç bir halda haqqımız yoxdur. Bunu axır-əvvəl anlamalıyıq. Əvvəl özümüzdən başlamalıyıq, sonra başqalarından tələb etməliyik".
Zəka