Avropanın Azərbaycana marağı artır - ANALİTİK
18 İyul 2018 12:48 SiyasətBrüsseldə keçirilən görüşlər bunu bir daha təsdiq etdi
Azərbaycan xarici siyasət sahəsində tutmuş olduğu yolu uğurla davam etdirir. Bu yol ikitərəfli münasibətlərə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıqdır ki, rəsmi Bakının bu mövqeyi onunla əlaqələri inkişaf etdirməkdə maraqlı olan dövlət və ölkələr tərəfindən də normal qarşılanır, qəbul edilir. Günümüzdə Azərbaycan Ermənistan istisna olmaqla yaxın qonşuları ilə normal məcrada münasibətlər qurub, bu münasibətləri inkişaf etdirib. Qardaş Türkiyə ilə əlaqələrimiz, əməkdaşlığımızın dünyada anoloqu yoxdur desək yanılmarıq. İki qardaş ölkəni tarixi siyasi baölarla yanaşı. iqtisadi-mədəni, humanitar əlaqələr birləşdirir. Regionda Azərbaycan və Türkiyənin bilavasitə iştirakı gerçəkləşdirilən qlobal əhəmiyyətli layihələr bu əlaqələri daha da genişləndirir, dərinləşdirir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft. Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri, o cümlədən TANAP. TAP kimi mühüm əhəmiyyət kəsb edən enerji layihələrini bunlara misal göstərmək olar. Sözügedən layihələr iki qardaş ölkə arasında siyasi bağları dərinləşdirməklə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsinə də imkanlar açır.
Eyni ilə Gürcüstanla da Bakının münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Tbilisinin də yuxarıda qeyd etdiyimiz layihələrdə iştirakı ölkələr arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərir. Heç şübhəsiz ki, bütün bu amillər Azərbaycanın bölgədəki yeri və rolunu, nüfuzunu da artırır. Artıq uzun illərdir ki, Azərbaycanın Cənubi Qafqazın lider ölkəsinə çevrilməsi beynəlxalq səviyyədə Bakıya olan marağı artırır, bizimlə əməkdaşlıq etmək istəyində olan dövlət və ölkələr Azərbaycanın ikitərəfli əməkdaşlıq prinsiplərinə verdiyi önəmi alqışlayaraq ölkəmizlə ikitərəfli əlaqələrə üstünıük verirlər. Xüsusilə, bu maraq, istək son illərdə Avropada, Qərbdə özünü açıq şəkildə büruzə verir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədinin imzalanması fonunda bunu aydın şəkildə görmək mümkündür.
Öncəliklə onu qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Brüsselə səfəri və orada Avropa İttifaqı rəsmiləri ilə keçirdiyi görüşlər bütün parametrləri üzrə ölkəmiz üçün faydalı oldu. İstər Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycanda və Azərbaycan Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər. Bütün bunlar isə səbəbsiz deyil. İlk növbədə Azərbaycan Prezidentinə olan bu yüksək hörmət, ona olan diqqət dövlət başçısının düşünülmüş və uğurlu siyasi kursu ilə əlaqədardır. Yəni, Azərbaycan Prezidenti əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasət kursuna sadiqdir. Bu siyasi kurs isə ikitərəfli əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığı özündə ehtiva edir. Bu illər ərzində dövlət başçısı bu kursu uğurla davam etdirib. Bəzi ölkə rəhbərləri kimi yaranmış hansısa müvəqqəti situasiyaya görə dəyişkən xarici siyasət həyata keçirməyib. Bir sözlə öz yoluna sadiq qalıb.
Azərbaycan Prezidentinə Brüsseldə olan yüksək diqqət və hörməti şərtləndirən digər amil ölkəmizin yerləşdiyi coğrafiyada tutduğu mühüm mövqe ilə bağlıdır. Cənubi Qafqazda söz sahibi olan, regionun lider dövləti sayılan Azərbaycanla əməkdaşlıq etmək bu baxımdan Avropa, Qərb üçün də sərfəlidir. Ona görə də qoca qitədə getdikcə Azərbaycana olan maraq artır, Bakı ilə qarşılıqlı faydalı əməkdaşlığa üstünıük verirlir.
Nəhayət, Brüsseldə Azərbaycana olan sıcaq münasibəti şərtləndirən əsas amillərdən biri də Azərbaycanın Avropanın enerji təhlükısizliyinin təminatında mühüm rol oynamasıdır. Bu birmənalıdır ki, Azərbaycanın iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Ona görə də bu gün Avropada Azərbaycana böyük maraq var. Bundan başqa Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsinə rolunu yüksək qiymətləndirir. Bütün bu amillər ayrı-ayrı dövlətləri də Azərbaycanla ikitərəfli faydalı əməkdaşlığa sövq edir. Elə bu günlərdə İtaliya prezidentinin Azərbaycana səəri timsalında bunu aydın görmək mümkündür.
Süleyman