Yeni saziş nəticəsində ölkəmizin maraqları daha çox nəzərə alınacaq - ŞƏRH

Aİ ilə Bakını təkcə iqtisadi deyil, həm də geosiyasi maraqlar birləşdirir “Rəsmi Bakı xarici siyasətdə müxtəlif polyuslarla bərabərhüquqlu əməkdaşlıq siyasətinin davamında maraqlıdır. Prezidentin Brüssel səfəri çərçivəsində istər NATO-nun , istərsə də Aİ-nin məsul şəxsləri ilə görüşləri baş tutdu.

Aİ ilə Bakını təkcə iqtisadi deyil, həm də geosiyasi maraqlar birləşdirir

"Rəsmi Bakı xarici siyasətdə müxtəlif polyuslarla bərabərhüquqlu əməkdaşlıq siyasətinin davamında maraqlıdır. Prezidentin Brüssel səfəri çərçivəsində  istər NATO-nun , istərsə də Aİ-nin məsul şəxsləri ilə görüşləri baş tutdu.  Bilirik ki, Brüsseldə NATO tərəfindən Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyü növbəti dəfə tanınıb. Baxmayaraq ki, Paşinyan İrəvanda "Əgər sammitdə Ermənistanın maraqlarına cavab verməyən hansısa bəyannamə, qərar qəbul edilərsə mən orada istirak etməyəcəm" bildirmişdi. Bakı isə, əksinə, həm öz maraqlarına uyğun olan sənədin qəbul edilməsinə, həm də NATO-nun regiondakı geosiyasi məsələlərində mühüm rol oynadığını yenidən aktual edib. Əfqanıstan prezidenti ilə ikitərəfli görüşlər və NATO-nun Əfqanıstanla bağlı proqramlarında Bakının müxtəlif istiqamətlərdə proqramlara qoşulması ölkənin NATO ilə əməkdaşlığında Bakının oynadığı rola dəlalət edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq  Zaur Məmmədov deyib.

O, bildirib ki, prezident Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla da görüşüb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Sammitdə  Azərbaycan prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanması mərasimi olub.

Zaur Məmmədovun sözlərinə görə, müstəqillik əldə etdiyimizdən bu günə qədər Avropa İttifaqı Azərbaycanın xarici siyasətində mühüm yer tutub. Azərbaycanın enerji siyasətində əsas alıcı olan Aİ ilə Bakını təkcə iqtisadi maraqlar deyil, həm də geosiyasi maraqlar birləşdirir. Səfər çərçivəsində Aİ və Azərbaycan arasında sənəd imzalanıb. Bu əsasən texniki mahiyyət daşıyır. Hazırki münasibətlər 1996-cı ildə qəbul olunan əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə tənzimlənir. Yeni saziş nəticəsində ölkəmizin maraqları daha çox nəzərə alınacaq.

Politoloq qeyd etdi ki,  2013-cü ildə Vilnusdə Aİ - Azərbaycan arasında tərəfdaşlıq sənədi imzalana bilərdi. Lakin, Aİ nin Şərq tərəfdaşlığı proqramında iştirak edən ölkələrdəki münaqişələrlə bağlı qeyri - obyektivliyi Bakının sənədi imzalamaqdan imtina etməsi ilə nəticələndi. Yaxın vaxtlarda tərəflər arasında bərabərhüquqlu sənədin imzalanmasından söhbət gedə bilər.

Z. Məmmədov vurğuladı ki, yeni sənəd Aİ ilə Azərbaycan arasında yeni mərhələ açaraq ölkəmizin iqtisadiyyatının şaxələnməsinə,  qanunvericilik və institutların modernləşməsinə, maliyə imkanlarının genişlənməsinə gətirib çıxaracaq.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31