Azərbaycan-Aİ münasibətləri yeni mərhələdə - ŞƏRH
17 İyul 2018 12:12 SiyasətYeni əməkdaşlıq siyasi və iqtisadi perspektivlər vəd edir
Azərbaycan-NATO ilk təmasların tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan-NATO əməkdaşlığı daha da inkişaf edib. Bu baxımdan dövlət başçısının son Brüssel səfəri də ölkəmiz üçün xüsusi həmiyyət kəsb edib. Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. S.Fətəliyeva bildirib ki, səfər zamanı Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə aparılan müzakirələr, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşündə "Tərəfdaşlıq prioritetləri" sənədi yüksək qiymətləndirilib. Bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağı qeyd olunub. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Ümumiyyətlə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Deputat qeyd edib ki, səfər zamanı, həmçinin dövlətimizin başçısı bir sıra ikitərəfli görüşlər keçirib, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Məlumdur ki, Azərbaycanla NATO arasında çox fəal tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz bu təşkilatın müxtəlif proqramlarında yaxından iştirak edir: "Azərbaycanın istəyi ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində fəallıq göstərsin. Çünki hər iki təşkilat dünyada böyük nüfuza sahibdir və Ermənistanın işğalçı siyasətinə son qoyulmasında vacib rol oynamaq imkanına malikdirlər. Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Xüsusi məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən Zirvə toplantısının yekununda NATO-nun üzv dövlətləri qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər. Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir". Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur. Bu baxımdan, dövlətimizin başçısının Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi görüş və "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanması ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq. A.Hüseynov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə müxtəlif proqramlar çərçivəsində çox fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycanın ticarət tərəfdaşlığında Aİ ölkələri ilk yerdədir: "Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin müəllifi və iştirakçısıdır. Ölkəmizin liderliyi ilə reallaşan transmilli enerji layihələri, Cənub Qaz Dəhlizi layihəsi, onun tərkib hissəsi olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eləcə də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri də Aİ tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir. Ölkəmizin həm geopolitik durumu, həm də iqtisadi vəziyyəti bölgədə mövqelərimizi daha da möhkəmləndirib. Aİ Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində də Azərbaycanın əhəmiyyəti getdikcə artır". Millət vəkili bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədi də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır: "Sənəddə qeyd olunur ki, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Göründüyü kimi, sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edildi. Bu fakt Azərbaycanın diplomatik qələbəsidir. Artıq işğalçı Ermənistan dalana dirənib və o, diplomatiya cəbhəsində növbəti dəfə ölkəmizə məğlub oldu. Aİ-nin bu mövqeyi danışıqlar prosesində ölkəmizin mövqeyini daha da gücləndirir".
Nurlan