"Sülh, danışıqlar prosesi ermənilərə edilən ən böyük güzəştdir" - RƏY
16 İyul 2018 17:41 SiyasətPrezident İlham Əliyevin Brüsselə səfəri, orada keçirdiyi mühüm görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında uğurlu əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Ölkəmizlə Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır.
Bunu millət vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır.
Millət vəkili bildirib ki, bununla yanaşı, ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir:
"Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Azərbaycan dünyada sülhyaratma prosesinə əməli töhfə verir. Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan Ermənistanın obrazını nümayiş etdirdi".
A.Hüseynov vurğulayıb ki, NATO Sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu, Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi isə iflasa uğradı.
Millət vəkili Məlahət İbrahimqızı da hesab edir ki, prezidentin Brüssel səfəri olduqca uğurlu hadisələrlə yadda qaldı.
Millət vəkilinin dediyinə görə, Azərbaycanın bütün sahələrdə ildən-ilə böyük uğurlara imza atdığı bir dövrdə bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqeləri fonunda Brüsseldə Avropa İttifaqı və NATO kimi nüfuzlu təşkilatlarla əməkdaşlığımızın daha da gücləndirilməsi ölkəmizə qara piar həyata keçirən qurumlara cavabdır:
"Təbii ki, bu tipli təşkilatların ölkəmizə qərəzli yanaşmaları hər bir Azərbaycan vətəndaşını narahat edir və bu, ictimaiyyətdə təəssüf hissi yaradır. Biz bunu hər zaman riyakar, ikili standartlara yanaşma kimi qiymətləndiririk. Bu səfər zamanı prezident İlham Əliyevin istər Avropa İttifaqında, istər NATO-da keçirdiyi görüşlər qərəzli qüvvələrə ən layiqli cavab oldu".
M. İbrahimqızı, həmçinin bildirib ki, Brüsseldə prezidentin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü zamanı Azərbaycan ictimaiyyətini narahat edən bütün suallara ölkəmizin haqlı mövqeyinə uyğun cavablar verildi.
Azərbaycan prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri mühüm uğurlarla yadda qaldı. Xüsusilə, NATO çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə dövlət başçısı Azərbaycan həqiqətlərini, xüsusilə torpalarımızın bir hissəsinin hələ də Ermənistanın işğalı altında olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Bu fikirlər isə millət vəkili Jalə Əliyevaya məxsusdur.
J.Əliyeva da bildirib ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunur.
J.Əliyevanın sözlərinə görə, Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğrayıb:
"NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır. Əlbəttə ki, bu fakt bir daha Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir. Artıq Ermənistanın işğalçılıq siyasəti dünyada tam ifşa olunub və ermənilərin yalanlarına heç kim inanmır. Eyni zamanda, Ermənistan dünyada ciddi bir dövlət kimi də qəbul olunmur. Brüsseldə Paşinyana olan soyuq münasibət bu faktı bir daha təsdiqlədi. O, Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro almağa çalışsa da, məqsədinə nail ola bilmədi. Avropa İttifaqı açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi.
Ermənistan hakimiyyəti anlamalıdır ki, onun gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir. Əgər Ermənistan Azərbaycanın torpaqlarını xoşluqla işğaldan azad etsə, onda hər hansı perspektivindən danışmaq mümkündür. Görünən isə odur ki, ermənilər, işğalçı dövlət havadarlarının icazəsi olmadan işğal etdiyi ərazilərdən xoşluqla geri çəkilmək, sülhə gəlmək istəmir.
Amma istər işğalçı dövlət, istərsə də illərdir ona havadarlıq, himayədarlıq edənlər bilsinlər və qulaqlarına da sırğa etsinlər ki, gec-tez Azərbaycan öz əbədi-əzəli torpaqlarının tam sahibi olacaq, bütün sərhədləri boyunca öz suverenliyini, ərazi bütövlüyünü təmin edəcək.
Kimsə Azərbaycandan güzəşt gözləməsin. İllərdir davam edən və uzanan sülh, danışıqlar prosesi ermənilərə edilən ən böyük güzəştimizdir, buradan o yanası yoxdur və olmayacaq da!".