Türkiyə Azərbaycan əleyhinə yönəldilən hər bir təhdidə qarşı çıxır

"Azərbaycanda da FETÖ-nün beli çox erkən qırıldı. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm"

Olaylar.az xəbər verir ki, bu fikirləri, Türkiyənin Azərbaycan Səfirliyində, FETÖ  terror şəbəkəsinin Türkiyədə 15 iyul hərbi dövlət çevirilişinə cəhdin 2-ci ildönümünə həsr olunmuş mətbuat konfransında çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri Erkan Özoral söyləyib.

Səfir bildirib ki, 15 iyul Türkiyənin tarixində mühüm qəhrəmanlıq günü idi. Təəssüf ki, həmin vaxt 250 nəfər vətəndaşımız şəhid oldu: "FETÖ terror təşkilatı 40 ildə dövlətin içinə yerləşib və 15 iyul 2016-cı ildə hakimiyyəti ələ keçirməyə cəhd edib. Bu həmlə heç vaxt cəzasız qala bilməzdi".

Diplomat qeyd edib ki, FETÖ üzvləri dövləti ələ keçirməyə cəhd etdi: " Təşkilatın rəhbərlərindən olan 661 nəfər barəsində müvafiq qərar qəbul edilib. Dövlət çevrilişi hadisəsi ilə bağlı hazırda 101 cinayət işi üzrə istintaq davam edir. Bu cinayət işləri çərçivəsində 180 min nəfər dövlət işindən çıxarılıb".

Fətullah Gülən barəsində danışarkən səfir inamla söyləyib ki, Fətullah Gülən Türkiyəyə gətirilərək layiq olduğu cəzanı alacaq: "Bu mübarizə sonadək davam edəcək. Bizim mübarizəmiz yalnız FETÖ-yə qarşı deyil. Türkiyə PKK-ya da qarşı mübarizə aparır. Ümumiyyətlə, Türkiyə terror bitənə qədər ona qarşı mübarizə aparacaq".

Erkan Özoral çıxışında vurğulayıb ki, FETÖ terror təşkilatının müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

Azərbaycanın FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman Türkiyəyə dəstək olduğunu söyləyən Özoral, bu səbəbdən Azərbaycan xalqına və İlham Əliyevə minnətdarlığını bildirib: "Azərbaycanda da FETÖ-nün beli çox erkən qırıldı. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm"

Mətbuat konfransında Adnan Oktarın Azərbaycandakı adamları ilə bağlı hansı tədbirlərin görülə biləcəyi sualına cavab verən səfir söyləyib ki, münasibətlərimizi zəhərləyən, xələl gətirən hər kəsə qarşı tədbir görüləcək: " Əgər Azərbaycanda da onların adamları varsa, mütləq onlara qarşı əməliyyat keçiriləcək, tədbir görüləcək. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu bizim münasibətlərin ən gözəl tərəfidir. Təbii olaraq yaxşı şeylər olduğu kimi təəssüf ki, pis şeylər bir-birilə əlaqəlidir".

Gəncə iğtişaşları ilə bağlı da fikir bildirən səfir qeyd edib ki, Türkiyə Azərbaycan əleyhinə yönəldilən hər bir təhdidə qarşı çıxır: "Azərbaycanın bu istiqamətdə atacağı bütün addımları dəstəkləyirik. Terrora qarşı aparılan mübarizədə Türkiyə sonadək Azərbaycanın yanında olacaq. İnanırıq ki, günahkarlar layiqli cəzasını alacaq".

Mətbuat konfransının sonunda diplomat vurğulayıb ki, Naxçıvanın da hər zaman güclü olması Türkiyənin marağındadır və bunun üçün Türkiyə lazım olan yardımı göstərir.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31