İlham Əliyevin Brüsseldə apardığı müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir - ŞƏRH
13 İyul 2018 14:11 SiyasətAzərbaycanın NATO ilə əməkdaşlığı siyasi və iqtisadi perspektivlər baxımından əhəmiyyətli dividendlər vəd edir
NATO-ya üzv dövlətlərin Brüsseldə keçirilən Zirvə toplantısı ölkəmiz üçün əlamtdar hadisələrlə yadda qaldı. Belə ki, Zirvə toplantısına qatılan Azərbaycan prezidenti İlham Əliyev səfər çərçivəsində bir sıra dövlət və hökumət başçıları, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə səmərəli görüş keçirib. Dövlət başçısı Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının iclasında iştirak edib. Dövlət başçısı NATO-nun mənzil-qərəgahında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb. Tədbirdə çıxış edən prezident İlham Əliyev Azərbaycan-NATO əməkdaşlığının prespektivləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqlayıb. Xatırladaq ki, Zirvə toplantısının yekununda iştirakçı dövlətlər tərəfindən kommunike qəbul edilib. Toplantı iştirakçıları sənəddə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər. Məlumat üçün qeyd edək ki, 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Elə bu məqsədlə 2018-ci ilin yanvar ayından Azərbaycan Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Bu isə o deməkdir ki, artıq artıq dünya birliyi, nüfuzlu beynəlxalq təşşkilatlar Azərbaycanın mövqeyini yüksək qiymətləndirərək ölkəmizlə əməkdaşlığa ciddi önəm verir. Lakin bunu təsadüfi bir seçim kimi qəbul etmək sadəlövlük olardı. Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasında, dünya ölkələrinin enerji təminatında mühüm rol oynayır. Dünya ictimaiyyəti də öz növbəsində stabilliyin möhkəmləndirilməsində rolu olan ölkələrə üstünlük verir. Amma Ermənistan barəsində eyni fikirləri səsləndirmək ədalətsizlik olardı.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsi dünya birliyində müəyyən bir ümid doğurmuşdu ki, o Koçaryan, Sarkisyan cinayətkar rejimindən fərqli hümanist bir hakimiyyət qura biləcək: "Amma göründüyü kimi o hakimiyyətə gələndən sonra öz oğlunu qonşu dövlətin işğal etdirdiyi torpağa hərbi xidmətə göndərməsi, Dağlıq Qarabağ probleminin həlli üçün heç bir iş görməməsi, qonşu dövlətlərlə münasibətlərin qurulması üçün hər hansı bir addım atmaq niyyətində olmadığını ortaya qoydu. Həmçinin onun Ermənistanın inkişafı üçün Avropa Birliyindən 70 milyon istəməsi belə göstərir ki, Avropa Birliyi, NATO Paşinyanın pul kisəsi rolunu oynamaq fikrində deyil. Paşinyanın dünyanı onu "qəhrəman" kimi qarşılayacağı ideyası da baş tutmadı. Dünya ayaq üstdə durmağı bacaran, öz resursları hesabına iqtisadiyyatını gücləndirən, qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yeridən stabilliyə öz töhfəsini verən dövlətlərə hörmətlə yanaşır. Necə ki, biz bunu Azərbaycanla münasibətdə görürük. Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev Brüsseldə yüksək səviyyədə qarşılandı, ölkə başçımızın ABŞ prezidenti ilə görüşü təşkil edildi, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sazişi imzalandı. Brüssel sammiti əslində tək Pşainyan üçün deyil, Ermənistan üçün növbəti bir tərs sillə oldu".
Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. S.Fətəliyeva bildirib ki, səfər zamanı prezidentin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə aparılan müzakirələr, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. O, deyib ki, prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşündə "Tərəfdaşlıq prioritetləri" sənədi yüksək qiymətləndirilib. Bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağı qeyd olunub: "Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Ümumiyyətlə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir". Deputat qeyd edib ki, səfər zamanı, həmçinin dövlətimizin başçısı bir sıra ikitərəfli görüşlər keçirib, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Məlumdur ki, Azərbaycanla NATO arasında çox fəal tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz bu təşkilatın müxtəlif proqramlarında yaxından iştirak edir: "Azərbaycanın istəyi ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində fəallıq göstərsin. Çünki hər iki təşkilat dünyada böyük nüfuza sahibdir və Ermənistanın işğalçı siyasətinə son qoyulmasında vacib rol oynamaq imkanına malikdirlər. Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Xüsusi məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən Zirvə toplantısının yekununda NATO-nun üzv dövlətləri qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər. Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir".
Nurlan