Cəsarət Hüseynzadə: “İnformasiya məkanı da qorunmalı, təhlükəsizliyi təmin edilməlidir”
13 İyul 2018 11:42 Siyasət"Bu gün bütün dünyada müharibənin 2-ci növü olan informasiya mübarizəsi gedir.
Azərbaycana qarşı da bu mübarizə metodundan istifadə edilməkdədir. Fikrimizcə Azərbaycana qarşı bu mübarizədə bir çox qüvvələr fəaliyyət göstərir.
Sözsüz ki, davamlı fəaliyyət göstərən qüvvələrdən biri Ermənistan tərəfindən idarə olunan saytlar və sosial şəbəkələrdir.
İkinci qüvvə İran tərəfindən dəstəklənən saytlar və sosial şəbəkələrdir". Bu fikirləri Olaylar.az -a "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
C.Hüseynzadənin fikrincə son dövrdə Azərbaycanın müstəqil siyasət aparması Qərb ölkələrinin bəzi dairələrini narahat etdiyindən onlar da Azərbaycandan mühacirət etmiş bəzi qüvvələrə bu işdə dəstək verirlər. Üçüncü qüvvələr də məhz Avropada məskunlaşan insanlardır.
Bütün bu qüvvələr Azərbaycana qarşı istənilən anda birləşib "həmrəylik" göstərirlər:
"Metod olaraq bu qüvvələr hər hansı lokal hadisəni əldə bayraq tutaraq bunu, ümumi fonda təqdim edilər. Yaxud başqa bir formalardan istifadə edirlər. 5-10 il öncə çəkilmiş hər hansı video və ya foto təsvirdən istifadə edərək, insanlar arasında çaşqınlıq yaratmağa cəhd göstərirlər.
Bu qüvvələrin yaydığı informasiyaların ictimai rəyə təsirinə gəldikdə isə bildirmək istərdim ki, vətəndaş və dövlət arasında olan birlik və inam nəticəsində bu qüvvələrin təsiri yox dərəcəsindədi.
Amma onu da qeyd etmək lazımdır ki, bu gün hər hansı təhsil səviyyəsinin aşağı olması ilə bağlı və yaxud hər hansı başqa məsələ ilə bağlı bu qüvvələrin təsiri altına düşmək ehtimalı olan insanlar ola bilər.
Biz cəmiyyət olaraq bunun qarşısının alınmasında iştirak etməliyik".
Cəsarət Hüseynzadə qeyd edir ki,dövlət tərəfindən də önləyici tədbirlərin görünməsi vacibdir.
Bu gün informasiya cəmiyyətində yaşayırıq. Həm dövlət, həm də cəmiyyət olaraq tənqidə dözümlülük nümayiş etdiririk. Əks halda inkişaf da mümkün olmaz.
"Amma Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa, milli, etnik, dini ayrı- seçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, facebook səhifələri ilə bağlı müəyyən addımların atılmağı vacibdir.
Bu informasiya resurslarının fəaliyyəti birbaşa Azərbaycan dövlətciyinə yönəlibsə, informasiya təhlükəsizliyinin təmin edilməsi vacib şərtdir. Həmin informasiya resursları ilə bağlı filterlərin qoyulması və məhdudlaşdırılması və digər texniki imkanlarla bu informasiyaların qarşısının alınması ilə bağlı addımlar atılmalıdır".
Bu gün Azərbaycanın ərazisi ordumuz tərəfindən qorunduğu kimi, informasiya məkanı da qorunmalı və təhlükəsizliyi təmin edilməlidir. İstər Mingəçevirdə baş verən qəza, istərsə də Gəncədəki məlum olaylar zamanı bu informasiya resursları vətəndaşları birbaşa itaətsizliyə və zorakılığa çağırırdılar. Hər bir ölkə öz təhlükəsizliyinin təmin olunması ilə bağlı lazımi addımlar atmaq hüququnu özündə saxlayır. Azərbaycan da lazımı məqamda bu hüququndan istifadə edərək, ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etməlidir".