Elçin Mirzəbəyli: "Azərbaycan xalqı dayanıqlı inkişafın, milli maraqlarımızın qorunmasına xidmət edən siyasətin yanındadır"
10 İyul 2018 16:18 Siyasət"Son 15 il ərzində Azərbaycanda təkcə ölkəmizin deyil, bütövlükdə regionun davamlı inkişafına səbəb olan bir sıra mühüm layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Cənub Qaz Dəhlizi, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi meqalayihələrin həyata keçirilməsi, Azərbaycanın tranzit imkanlarının artırılması və qlobal logistik mərkəzə çevrilməsi istiqamətində ciddi addımlar atılıb. Ölkədə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, infrastruktur yenilənib, yeni iqtisadi layihələrin həyata keçirilməsi, qeyri-neft sektorunun diversifikasiyası, ölkəyə xarici sərmayənin cəlb edilməsi üçün əlverişli şərait yaradılıb".
Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O bildirib ki, ordu quruculuğu, müdafiə sənayesi kompleksinin yaradılması və inkişaf etdirilməsi istiqamətində böyük uğurlar əldə edilib. Azərbaycan Silahlı Qüvvələri ən müasir silah-sursat və hərbi texnika ilə təchiz edilib. Sistemli, ardıcıl və planlı şəkildə keçirilən hərbi təlimlər nəticəsində Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksəldilib və Azərbaycan Ordusu dünyanın ən yaxşı orduları sırasında yer alıb.
E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin, çoxpartiyalı sistemin, elmin, mədəniyyətin inkişafına hərtərəfli dəstək verib. Bu məqsədlə Qeyri-Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, elm və bilik fondları və s. bu kimi ən müxtəlif sahələrin dövlət tərəfindən dəstəklənməsinə imkan verən təsisatlar yaradılıb və sadalanan istiqamətlərdə ciddi nəticələr əldə edilib.
Azərbaycan Prezidentinin yürütdüyü çoxvektorlu siyasətin nəticəsi olaraq ölkəmizin qlobal problemlərin müzakirə olunduğu beynəlxalq platformaya çevrildiyini deyən ekspert vurğulayıb ki, ölkəmizin təşəbbüsü ilə bir sıra uğurlu regional əməkdaşlıq formatları, o cümlədən Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-İran-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Pakistan və s. bu kimi üçtərəfli, dördtərəfli əməkdaşlıq formatları yaradılıb və bu formatlar çərçivəsində qurulan münasibətlər artıq özünü bir sıra mühüm istiqamətlərdə, xüsusilə də iqtisadi əməkdaşlığın genişləndirilməsi müstəvisində büruzə verməkdədir.
Elçin Mirzəbəyli qeyd edib ki, bu illər ərzində Azərbaycan multikultural dəyərlərin təşəkkül tapdığı ölkə statusunu möhkəmləndirməklə yanaşı, həm də müsəlman ölkələrinin həmrəyliyinə nail olunmasına ciddi töhfələr verib. Azərbaycan Prezidenti tərəfindən elan olunan "İslam Həmrəyliyi İli" çərçivəsində ölkəmizdə bir sıra mühüm tədbirlər, o cümlədən İslam Həmrəyliyi Oyunları, müsəlman xalqlarının qarşısında dayanan problemlərin müzakirə olunduğu beynəlxalq konfranslar keçirilib. Bütün dünyaya İslamın sülh və mərhəmət dini olması barədə mühüm mesajlar verilib. Son 15 il ərzində Azərbaycan o qədər sürətlə inkişaf edib ki, ən müxtəlif sahələrdə əldə olunan nəticələri sıralamaq mümkün deyil. Həyata keçirilən bütün islahatlar, atılan addımlar isə Azərbaycanın geosiyasi önəminin artırılmasına, təhlükəsizliyinin təmin edilməsinə, xalqımızın dinc və rifah içində yaşamasına xidmət edib. Lakin bu, yolun yalnız başlanğıcıdır. Bu günə qədər atılan addımlar gələcək inkişaf üçün təməl rolunu oynayır.
Ekspert, həmçinin əlavə edib ki, dövlətimizin qarşısında daha böyük hədəflər var. Bu hədəflərin həyata keçirilməsi üçün isə qarşılıqlı etimad üzərində qurulan xalq-dövlət münasibətləri mövcuddur. Azərbaycan vətəndaşları öz dövlətinə güvənir, onu sevir, ölkəmizdə sabitliyin qorunması, davamlı inkişafa nail olunması üçün fədakarlıq nümayiş etdirirlər. Xalq-iqtidar birliyi sarsılmazdır və bütün çətinliklərə əzmlə sinə gərmək üçün yetərlidir. Azərbaycan xalqı sabitliyin, sistemli islahatların, dayanıqlı inkişafın, milli maraqlarımızın qorunmasına və təmin olunmasına xidmət edən siyasətin yanındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində vətəndaşlarımızın nümayiş etdirdiyi ruh yüksəkliyi, dövlətçilik tariximizə və ənənələrimizə sevgi, yüksək vətənpərvərlik nümunələri sübuta yetirir ki, heç bir qaranlıq qüvvə müqəddəs istiqlalımızın üzərinə kölgə sala bilməz.
AZƏRTAC