Ermənistana ünvanlanan vacib mesaj - siyasi analiz

"Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən"

Son illər Azərbaycanın hərbi sahədə əldə etdiyi uğurlar, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi işğalçı Ermənistanda ciddi təşviş və həyəcan yaradıb. İyunun 26-da keçirilən möhtəşəm hərbi paraddan sonra iyulun 2-6-ı tarixlərində baş tutan genişmiqyaslı hərbi təlimlər İrəvanda elə bir qorxu yaradıb ki, inqilab yolu ilə hakimiyyəti zəbt edən Nikol Paşinyan da artıq Qarabağ probleminin həllində ilk günlər nümayiş etdirdiyi qeyri-konstruktivlikdən əl çəkərək nisbətən mülayimlik sərgiləyir. Hər halda erməni baş nazirin İrəvanın Qarabağ probleminin həlli ilə bağlı danışıqlara hazır olduğu açıqlaması belə deməyə əsas verir.

Ermənistan rəhbərliyinin hazırkı situasiyada bir qədər konstruktivlik nümayiş etdirməsi də səbəbsiz deyil. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi İrəvanın danışıqlar masasına meyilliliyi Azərbaycanın artan hərbi qüdrəti və əldə edilən uğurlardır. 2016-cı ilin uğurlu Aprel savaşı, bir müddət əvvəl baş tutan Güngüt zəfəri, eləcə də möhtəşəm hərbi parad və genişmiqyaslı təlimlər, bütün bunlar Ermənistanda ciddi narahatçılıq yaradan amillərdəndir. 2016-cı ilin Aprel döyüşlərindən sonra böyük sarsıntı və qorxu keçirən Ermənistan rəhbərliyi və cəmiyyəti ondan ehtiyat edir ki, Azərbaycan istənilən zaman ermənilərə növbəti Aprel əməliyyatı "sürpriz" edə bilər. Buna isə Azərbaycan Ordusu tam qadirdir.  Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət başçısı da bunu açıq şəkildə bəyan etdi. Prezident bildiridi ki, iki il bundan əvvəl Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı: "Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları "möhkəm istehkam"ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi. Həm kriminal rejim tərəfindən aparılmış anti-milli siyasət, həm Azərbaycanın apardığı inamlı siyasət, o cümlədən bizim inkişaf dinamikamız, bax, bunun əsas səbəbkarı oldu. Çünki Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilibdir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq var və bu, bir daha göstərdi ki, Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir. Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər".

Ermənistan rəhbərliyi və cəmiyyətinin təşviş keçirməsi və Dağlıq Qarabağ probleminin həllində konstruktivlik nümayiş etdirməsinin digər mühüm səbəbi Azərbaycan rəhbərliyinin bir neçə dəfə işğalçı ölkəyə xəbərdarlıq mesajı göndərməsidir. İstər beynəlxalq təşkilatlarda keçirilən görüş və toplantılarda, istərsə də daixili səviyyədə baş tutan tədbirlərdə hər zaman Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinə ciddi şəkildə xəbərdarlıq nesajı göndərir və bundan nəticə çıxarılması tövsiyə edilir. İndiyə qədər İrəvana edilən xəbərdarlıqlara məhəl qoyulmaması 2016-cı ilin Aprel savaşının baş verməsinı, Apreldən sonrakı müddətdə yenidən İrəvanın ortaya qoyduğu aqressiya Güngüt zəfərinə yol açdığı kimi, dövlət başçısının Nazirlər Kabinetinin iclasında səsləndirdiyi xəbərdarlıq mesajlarından da nəticə çıxarılmayacağı təqdirdə bir başqa uğurlara gətirib çıxara bilər. Çünki Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında net olaraq Ermənistana ciddi xəbərdarlıq mesajı göndərdi. Əslində bu xəbərdarlıq mesajı həm də beynəlxalq təşkilatlara idi: "Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək. Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq".

Göründüyü kimi işğalçı Ermənistanın yalnız bir seçim imkanı var ki, o da danışıqlar prosesində aktiv olaraq problemin həllinə töhfə verməkdir. Əks təqdirdə Azərbaycan dövlət başçısının da qeyd etdiyi kimi Ermənistan daha ciddi fəsadlarla üzləşəcək: "Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31