Minsk konfransının çağrılması Qarabağ məsələsinin həllinə təsir edə bilərmi?
“Orada münaqişə Minsk qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər” Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclası Azərbaycan nümayəndə heyətinin fəallığı ilə müşayət olunub.
9 İyul 2018 12:28 Siyasət"Orada münaqişə Minsk qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər"
Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclası Azərbaycan nümayəndə heyətinin fəallığı ilə müşayət olunub. Şimali Amerika, Avropa və Asiyadan təqribən 300 deputatın iştirak etdiyi sessiyada Azərbaycan Respublikasını Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti qatılıb. Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin maraında olan bir söra məsələlərin qaldırılmasına nail olublar. Belə ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova müzakirələrdə çıxış edib. ATƏT PA-nın və şəxsən onun sədrinin fəaliyyəti barədə müsbət fikirlər söyləyən B.Muradova Azərbaycanın ATƏT PA ilə dialoqa böyük əhəmiyyət verdiyini, ölkəmizin onun işində fəal iştirak etməyə çalışdığını diqqətə çatdırıb. Azərbaycan nümayəndəsi dövlətlərarası regional münaqişələrin faciəli nəticələri və suveren dövlətlərin ərazilərinin işğalı ilə bağlı məsələlərin təşkilatın diqqət mərkəzində olmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, ATƏT PA-nın üzvləri belə münaqişələr nəticəsində insan haqlarının pozulmasına etirazını birincilər sırasında bildirməlidirlər.O, həmkarlarını Avropada təhlükəsizlik və əməkdaşlıq konsepsiyasına uyğun olaraq daha qəti addımlar atmağa çağırıb.Azərbaycan nümayəndəsinin nitqində ATƏT-in və onun parlament forumunun qərarlarının icra mexanizmlərinin daha da təkmilləşdirilməsi istəyi ifadə olunub.B.Muradova çıxışının sonunda qeyd edib ki, Azərbaycan multikulturalizm sahəsində müsbət təcrübəsini bölüşməyə hazırdır. G. Tsereteli isə başçılıq etdiyi təşkilatın fəaliyyətinin azərbaycanlı həmkarlar tərəfindən yüksək qiymətləndirilməsinə görə Azərbaycan nümayəndə heyətinin başçısına təşəkkür edib və belə bir fikirlə razılaşıb ki, ATƏT-in qərarlarının həyata keçirilməsi mexanizmləri həqiqətən təkmilləşdirilməlidir. B. Muradova sonra təşkilatın Daimi Komitəsinin iclasındakı çıxışında ATƏT-in müşahidə missiyasının xüsusi əlaqələndiricisi Nilza de Senanın hesabatına cavab olaraq, bəzi strukturların Azərbaycanda keçirilmiş prezident seçkilərinə münasibətdə qərəzli və subyektiv mövqeyinə diqqət çəkib. O, xüsusi əlaqələndiricinin tənqidi fikirlərini şişirdilmiş adlandırıb və qeyd edib ki, seçkilər şəffaflıq şəraitində keçirilib, vətəndaşların bütün konstitusion hüquqları tam olaraq təmin edilib, namizədlərə isə qanunvericilik çərçivəsində hər cür şərait yaradılıb. B. Muradova deyib:"Təbii ki, heç bir ölkədə seçkilər hər hansı kiçik pozuntular olmadan keçirilmir. Azərbaycan da istisna deyil, lakin qeydə alınmış kiçik pozuntuların heç biri səsvermənin yekun nəticəsinə təsir edə bilməz". Nümayəndə heyətinin rəhbəri həmkarlarını əmin edib ki, Azərbaycanda konstruktiv dialoqa hazırdırlar və obyektiv tənqidə hər zaman müsbət yanaşırlar. Lakin selektiv və qərəzli qiymət verilməsi tərəqqiyə kömək etmir. G. Tsereteli də öz növbəsində, konstruktiv mövqeyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib və gələcəkdə də Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsini arzulayıb. Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev öz nitqində həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb. Onun sözlərinə görə, silahlanma üzərində nəzarət barədə istənilən danışıq münaqişələrin ilkin səbəbi nəzərə alınmaqla aparılmalı, ümumi kontekstdən ayrı-ayrı elementlər çıxarılmamalıdır: "Etimad çatışmazlığı hər hansı mexanizmin olmaması və ya görülən tədbirlərin azlığından deyil, ayrı-ayrı dövlətlərin bütün sənədlərdə, o cümlədən ATƏT-in sənədlərində də əksini tapan beynəlxalq hüququn normalarına aşkar məhəl qoymamasının nəticəsidir. Əsrin dörddəbirindən çoxdur ki, biz regionumuzda suverenliyin və ərazi bütövlüyünün pozulduğunu müşahidə edirik. Bir çox münaqişələrin əsasında elə bu cür pozulma dayanır". Azay Quliyev həmçinin Ermənistan-Azərbaycan münaqişəsini buna əyani nümunə kimi göstərib. Deputat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni təlimlərini və Ermənistanın bu ərazilərdə öz hərbi cəbbəxanasını, o cümlədən 45-ci hərbi birləşməsini beynəlxalq monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb: "Bu, regional təhlükəsizliyə ciddi təhdiddir", - deyə Azay Quliyev vurğulayıb. Azay Quliyev eyni zamanda, dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb. Deputat ATƏT-in üzv dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsinin zəruriliyini və bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi faktının qəti surətdə qəbuledilməz olduğunu qeyd edib. ATƏT-in vitse-prezidenti bu kontekstdə ikili standartların tətbiqinin yolverilməz olduğunu vurğulayıb.O, Minsk konfransının çağırılmasını zəruri hesab edərək bildirib ki, orada münaqişə Minsk qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər.ATƏT-də İtaliya sədrliyini təmsil edən xarici işlər nazirinin müavini Quqlielmo Pikki Azərbaycan nümayəndəsinin sualına cavab verərkən deyib ki, həlli indiyədək uzadılan münaqişələrin tənzimlənməsində tərəqqiyə nail olmaq üçün İtaliya sədr-dövlət kimi malik olduğu bütün imkan və mexanizmləri işə salmağa hazırdır.O, məlumat verib ki, azərbaycanlı həmkarının danışıqlar prosesini irəlilətmək məqsədilə Minsk konfransını çağırmaq barədə təklifi də nəzərə alınıb.
Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan bütün məsələlərdə Azərbaycanı ittiham etməklə təqsiri qarşı tərəfə yıxmağa çalışıb. Erməni deputatının səsləndirdiyi fikirlərə etiraz edən millət vəkili Elşad Həsənov həm Naqdalyana, həm də iştirak edən bütün həmkarlarına xatırladıb ki, hərbiləşdirmənin beynəlxalq səviyyədə qəbul edilən meyarına görə, ölkənin hərbi xərclərinin onun ÜDM-ə nisbəti hesablanır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında rəqəmlər müvafiq olaraq 3,6 faiz və 4,1 faizdir. Beləliklə, Ermənistan həm Avropada, həm də üçüncü dünyada daha çox hərbiləşdirilmiş ölkədir: "Onsuz da cüzi olan dövlət büdcəsini sosial proqramlara xərcləmək əvəzinə, Ermənistan öz vətəndaşlarını lazımi səhiyyə, təhsil və s. məhrum edir, silahlanmağı davam etdirir".
Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirən politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan tərəfi Ermənistanın silah kvotasının dəfələrlə pozduğunu əlindəki faktlarla sübut edib. Ermənistan isə heç bir fakta malik olmadan ümumi şəkildə Azərbaycan tərəfinin guya ondan daha çox silahlandığını bəyan edir. Onun sözlərinə görə, Berlində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında Azərbaycan nümayəndə heyəti çox fəaldır: "Nümayəndə heyətimiz Ermənistanda hər adambaşına düşən və milli gəlirə nisbətən müəyyənləşdirilən silah kvotasını açıb ortaya qoyublar. Bildirirlər ki, Ermənistan bölgədə ən millitaristləşdirilmiş, hərbiləşdirilmiş bir ölkədir. Bu nöqteyi-nəzərdən də həm bölgə üçün, həm də digər ölkələr üçün ciddi təhlükə əldə edib. Ermənistanın ortaya qoymağa ciddi faktı yoxdur. Xüsusilə də ATƏT PA-da Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ məsələsinin müzakirə edilməsini, onun gündəliyə salınmasını təklif etdilər və o da qəbul edildi. Çünki ortada Azərbaycanın 20 faiz işğal edilmiş torpaqları var. Bu torpaqlarda səpələnmiş erməni qoşunları var. Azərbaycan tərəfi çalışacaq ki, silahlı erməni təcavüzünü və azərbaycanlılara qarşı etnik təmizləmənin bütün coğrafiyasını sübuta yetirsinlər və Ermənistanı təcavüzkar dövlət kimi təqdim etsinlər. Hər halda ATƏT PA-da kifayət qədər maraqlı müzakirələr gedir və bu müzakirələrdə Azərbaycan nümayəndə heyəti bütün parametrlər üzrə erməniləri üstələyir".
Alim