Yerində olmayan, yaxud məsuliyyətini anlamayan məmurlar

İlham Əliyev: "Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır"

İyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ölkənin paytaxtında və bir çox bölgələrində enerji təminatı sahəsində yaranmış problemlər, bəzi cavadeh qurumların hadisəyə adekvat olaraq davranmaması ölkə ictimaiyyəti ilə yanaşı, dövlət başçısının da narazılığına səbəb olub. Məhz bu səbəbdən prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə məsələ ilə bağlı ciddi narahatlıq və etirazını ifadə edib: "Bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək".

Əvvala qeyd edək ki, ölkənin enerji sistemində yaranan xoşagəlməz vəziyyət bəzi məmurların, eləcə də kadrların öz yerində olmadığını, vəzifələrinin məsuliyyətini anlamadıqlarını və anlamaq istəmdiklərini bir daha ortaya qoymuş oldu. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etdiyi bir məqamda özü enerji problemi ilə üzləşmiş olur. Çünki, aidiyyati qurumlar üzərlərinə düşən vəzifələrin icrasına məsuliyyətsiz yanaşırlar. Bütün cavadeh qurumlar ölkə başçısının atacağı addımı gözləyərək seyrçi mövqe nümayiş etdirirlər. Sanki dövlət başçısı onların əvəzinə qəzanın nəticələrinin aradan qaldırılmasını təmin etməlidir. Nəticədə insanlar ümidlərini yalnız ölkə rəhbərinə bağlayırlar ki, dəhşətli nəsə baş verməsin. Bu isə birmənalı şəkildə məmur, kadr məsuliyyətsizliyinin göstəricisidir və onlar da layiqli cəzalarını almalıdırlar. Bu baxımdan baş verən hadisə bəzi qurumların ölkədə ekstremal, fövqəl situasiyaya hazır olmadığını, eləcə də vəziyyəti düzgün qiymətləndirə bilməməklərini göstərmiş oldu.

Lakin qəzanın nəticəsinin aradan qaldırılması istiqamətində atılan addımlar, görülən tədbirlər deməyə əsas verir ki, hökumət istənilən ekstrimal və fövqəl hadisələrin qarşısını almaq iqtidarındadır. Düzdür, bəzi maraqlı qüvvələr baş verən hadisəni haqsızcasına özlərinə sərf edən formada  yozmağa, daha dəqiq təxribatla əlaqələndirməyə cəhd etdi və etməkdədir. Xüsusilə də, sosial şəbəkələrdə bu yöndə əsasız fikirlər səslənir, çoxları nə baş verdiyinin fərqinə varmadan həqiqətəuyğun olmayan mülahizələr səsləndirirlər, amma bilinən, reallıq və fakt odur ki, ölkədə vəziyyət tam nəzarətdədir. Xüsusilə, Azərbaycan prezidenti cənab Əliyev ölkədəki vəziyyətə tam nəzarət edir, hüquq-mühafizə orqanlarımız yenə həmişəki kimi ayıq-sayıqdırlar və təxribat ehtimalı sıfıra bərabərdir. Yəni, Azərbaycan tam stabildir və kimsə də buna şübhə edə bilməz. O başqa məsələ ki, bəzi qurumlar və məmurlar var ki, ölkə prezidenti kimi vəziyyətə vaxtında, adekvat reaksiya verə bilmirlər. Odur ki, dövlət başçısının təbiri ilə desək, bu işdə günahı olan bütün cavabdeh şəxslər layiqli cəzalarını almalıdırlar: "Beləliklə, Komissiyanın növbəti iclaslarında bütün bu məsələlər geniş müzakirə olunmalıdır. Bir daha demək istəyirəm ki, qəzanın səbəbləri araşdırılmalıdır. İndi ilkin məlumat var, amma gərək daha geniş məlumat əldə edilsin. Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır. Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır".

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, belə hallar, hadisələr, gözlənilməz-ekstremal, əvvəlcədən proqnozlaşdırılmayan situasiyalar dünyanın hər bir yerində baş verir: "Yəni, tək bizim ölkədə belə bir hadisə yaşanmır, bu, hər yerdə olur və ola bilər. Burada ajiotaj, hay-küy yaratmağa, haqlı-haqsız iradlar səsləndirməyə də ehtiyac yoxdur. Ölkə, insanlar, cəmiyyət varsa, orada problemlər də olur və qaçılmazdır. Amma bununla belə, arxayınçılığa, səhlənkarlığa da yol vermək olmaz. Bunlar da qəbuledilən deyil. Xüsusilə də, aidiyyatı qurumlar, məsul şəxslər bu məsələdə son dərəcədə diqqətli, ehtiyatlı olmalıdırlar. Ani boşluq, ehtiyatsızlıq ciddi problemlərə səbəb ola bilər. Onlar bunu mütləq nəzərə, diqqətə almalıdırlar. Eyni zamanda, onu da deyim ki, son illər Azərbaycanın enerji, energetika sektorunda böyük inkişaf, irəliləyişlər, müsbət tendensiyalar baş verməkdədir. Bu sahədə əldə edilən müsbət nəticələri görməmək və qiymətləndirməmək də ədalətli olmazdı. Hər şey ədalətdən başlayır və bizlər də hər bir hadisəyə məhz ədalətin gözü ilə baxmalı, qiymət verməliyik. Ancaq son hadisə onu göstərdi ki, deməli, ortada hələ həllini gözləyən məsələlər var və onlar mütləq şəkildə öz çözümünü tapmalıdır. İnanıram ki, belə də olacaq. Bunun üçün böyük imkanlar, potensial var. Və son hadisə bir daha onu göstərdi və sübut etdi ki, bu dövlətin, bu cəmiyyətin taleyi etibarlı əllərdədir. Ölkə prezidenti hər zaman olduğu kimi, yenə də öz xalqı ilə bir yerdədir və hər bir məsələyə də hər kəsdən tez reaksiya verir. Bunun özü də çox önəmli bir məsələdir. Prezident artıq "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam da imzalayıb. Sərəncamda da Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan prezidentinə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb. Bundan başqa, Sərəncama əsasən Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək. Dözlət başçısının ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə verdiyi tapşırıq və tövsiyələr də dövlət qurumları üçün proqram xarakterli olacaq. Bu baxımdan da, tam və qəti şəkildə əmin olduğumu bildirmək istəyirəm ki, bu, son olacaq, bir də belə bir qəza yaşanmayacaq, təkrarlanmayacaq, təqsirkarlar məsuliyyətə cəlb ediləcək, insanlarımız nigaran qalmayacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31