Azərbaycanla Türkiyə arasında yeni əməkdaşlıq platformaları ərsəyə gələcək
5 İyul 2018 11:40 SiyasətSahibə Qafarova: "Biz Türkiyənin uğurlarını öz uğurlarımız hesab edirik"
Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini də ölkənin enerji ehtiyatlarının uğurlu marşrutlar üzrə dünya bazarlarına çıxarılması və bu istiqamətdə geniş əməkdaşlıq platformalarının yaradılması təşkil edir. Bir müddət öncə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin təşkili fikrimizi bir daha təsdiqləmiş olur. Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Millət vəkili Sahibə Qafarova bildirib ki, hazırda enerji təhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyin ən mühüm komponentlərindən birini təşkil edir. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji mahiyyət daşıyır: "Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Azərbaycanın ardıcıllıqla davam etdirdiyi neft-qaz siyasətində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur". Millət vəkili əlavə edib ki, iki dost və qardaş ölkə olan Azərbaycanla Türkiyənin qarşılıqlı səyləri və sıx əməkdaşlıq nəticəsində ərsəyə gələn TANAP-ın istifadəyə verilməsi tarixi hadisədir: "Ümumiyyətlə, son illərdə iki qardaş ölkə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji, nəqliyyat və digər layihələrin əsas təşəbbüskarları və fəal iştirakçıları qismində çıxış ediblər. Azərbaycanın zəngin enerji ehtiyatları məhz qardaş Türkiyədən keçən dəhlizlər, o cümlədən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. Bunlar mükəmməl enerji infrastrukturudur və ötən illərdə hər iki ölkənin iqtisadiyyatına böyük fayda gətirib. Heç bir şübhə yoxdur ki, Azərbaycan və Türkiyə hələ uzun illər bundan sonra da bu kəmərlərdən iqtisadi fayda götürəcəklər. İki qardaş ölkənin təşəbbüsləri ilə reallaşdırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirir". TANAP-ın strateji əhəmiyyətinə gəldikdə isə millət vəkili qeyd edib ki, bu enerji layihəsi iştirakçı dövlətlərə böyük faydalar verəcək: "Prezident İlham Əliyevin də vurğuladığı kimi, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı təşkil edir. Cənub Qaz Dəhlizinin istismarı onilliklər ərzində ölkəmizə, xalqımıza böyük fayda gətirəcək. Burada həm iqtisadi, həm də siyasi dividendləri qeyd etmək lazımdır. Azərbaycan Avropaya qaz nəqlindən böyük gəlirlər əldə edəcək və özünün maliyyə imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, istehlakçıları şaxələndirilmiş enerji mənbəyi və marşrutu ilə təmin edən Azərbaycanın Avropa ölkələri ilə əlaqələri yeni mərhələyə yüksələcək və respublikamızın siyasi nüfuzu daha da artacaq. Bununla, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır".
Türkiyədə keçirilən növbəti prezident və parlament seçkilərinin nəticələrinin Azərbaycan-Türkiyə münasibətlərinin gələcək perspektivlərinə toxunan millət vəkili qeyd edib ki, Türkiyə dövləti bu seçkiləri də yüksək səviyyədə təşkil edərək növbəti dəfə bütün dünyaya demokratiyaya sadiqliyini, insanların azad seçiminə hörmətini nümayiş etdirdi: "Prosesin bütün iştirakçıları seçkilərin demokratik norma və prinsiplərə uyğun təşkil olunması və uğurla həyata keçirilməsi ilə bağlı ortaq qənaətlərini dilə gətirdilər, beynəlxalq təşkilatlar və bir çox dövlətlərin rəhbərləri seçkilərin tam qanuni şəkildə keçdiyini, xalqın iradəsini ifadə etdiyini bildirdilər. Eyni zamanda, seçkilərin nəticəsi ölkə vətəndaşlarının aparılan siyasətdən razı olduqlarını göstərir. Türkiyə cəmiyyətinin Rəcəb Tayyib Ərdoğana və onun lideri olduğu siyasi partiyanın iştirakı ilə yaradılan Cümhur İttifaqına etimad göstərməsi bir daha qardaş ölkə cəmiyyətinin aparılan siyasətə açıq dəstəyini ifadə edir. Çünki Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Bildiyiniz kimi, seçkilərdən dərhal sonra, ilkin nəticələr məlum olan kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu bu qələbə münasibətilə təbrik edib. Bu fakt bir daha münasibətlərimin nə qədər güclü əsaslara malik olduğunu göstərir. Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. İki ölkənin münasibətləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi "bir dövlət, iki millət" fəlsəfəsinə əsaslanır. Biz Türkiyənin uğurlarını öz uğurlarımız hesab edirik. Qardaş ölkədə də eyni əhval-ruhiyyə hakimdir. Ona görə də hesab edirəm ki, bu münasibətlər bundan sonra da uğurla inkişıaf edəcək və xalqlarımızın, dövlətlərimizin maraqları naminə yeni layihələr, əməkdaşlıq platformaları ərsəyə gələcək".
Alim