İndoneziya Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin nümayəndə heyəti ilə görüşüb.
4 İyul 2018 14:54 SiyasətMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin nümayəndə heyəti ilə görüşüb.
MM-dən "Olaylar"a verilən məlumata görə, komitə sədri Əli Hüseynli bildirdi ki, İndoneziya xalqı bizə dost, qardaş xalqdır. Bizi bir-birimizə milli-mənəvi dəyərlər birləşdirir. O, vaxtilə İndoneziyaya səfərini xatırladı, orada "Parlamentlər korrupsiyaya qarşı" adlı beynəlxalq konfransda iştirak etdiyini söylədi. Səfər zamanı bu ölkənin demokratik dövlət kimi inkişaf etdiyinin şahidi olduğunu dedi. Əli Hüseynli qeyd etdi ki, Azərbaycanla İndoneziya arasında siyasi, iqtisadi, mədəni əlaqələr mövcuddur. Bu münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin, parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin xüsusi rolu var. O, rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verərək bildirdi ki, komitə üzvləri həm peşəkar hüquqşünas olaraq qanun yaradıcılığı prosesində yaxından iştirak edir, həm də mötəbər beynəlxalq təşkilatlarda səmərəli iş aparırlar. Deputatlar Elşən Musayev, Çingiz Qənizadə, Tahir Kərimli Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açdılar. Ölkəmizin problemin sülh yolu ilə həllinə çalışdığını, lakin beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini, torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu bildirdilər.
İndoneziya Xalq Məşvərət Məclisi nümayəndə heyətinin rəhbəri Zainut Tauhid Saadi səmimi görüşə görə minnətdarlığını ifadə etdi. Azərbaycanın sürətlə inkişaf edən, gözəl ölkə olduğunu söylədi, xalqımızın qonaqpərvərliyi barədə xoş təəssüratlarını dilə gətirdi. Sonra İndoneziya Xalq Məşvərət Məclisinin digər üzvləri öz çıxışlarında ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini söylədilər. Təhsil, idman, turizm sahələrində əməkdaşlığın geniçləndirilməsinin vacibliyini qeyd etdilər. Onlar Azərbaycanın üzləşdiyi problemlə bağlı ölkə ictimaiyyətini məlumatlandıracaqlarını, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini, münaqişənin sülh yolu ilə həlli üçün səy göstərəcəklərini bildirdilər. Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.