Qarabağ münaqişəsinin həlli üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil

Sahibə Qafarova: "Ermənistan cəmiyyətində müşahidə olunan ümidsizlik onların Azərbaycan Ordusunun  qüdrəti ilə barışdıqlarını göstərir"

Məlum olduğu kimi Azərbaycan Milli Məclisinin Avronest PA üzrə nümayəndə heyəti təşkilatın VII plenar sessiyasında iştirak etmək məqsədilə 25-27 iyun tarixlərində Belçika Krallığında səfərdə olub. Nümayəndə heyətinin tərkibinə millət vəkillərindən Sahibə Qafarova,  Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Rasim Musabəyov və Tahir Mirkişili daxil olublar. Qurumun siyasi komitəsində hazırlanan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən qətnamə layihəsinin müzakirəsi xüsusilə gərgin keçib. Millət vəkili, Avronest PA üzrə nümayəndə heyətinin üzvü Sahibə Qafarova bildirib ki, Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmar və Gürcüstan parlamentinin üzvü xanım Tamar Xuroldovanın birlikdə hazırladığı qətnamə layihəsində Avropa İttifaqı tərəfindən bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hərtərəfli dəstəyin bildirildiyi maddə öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəndin sənəddən çıxarılması üçün çoxsaylı düzəlişlər təklif edən Ermənistanın Avronest PA üzrə nümayəndə heyəti bizim nümayəndə heyətimizin  səyləri nəticəsində istəklərinə nail ola bilməyib. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyin ifadə olunduğu qətnamə layihəsi Plenar Sessiyaya tövsiyə olunub və orada səs çoxluğu ilə qəbul edilib: "Bundan başqa,  Ermənistan nümayəndə heyətinin "təxirəsalınmaz qətnamə" proseduru altında ölkəmizə qarşı yönəlmiş qətnamə layihəsi təklifinin qarşısı alınıb. Siyasi korrupsiya və siyasətdə etik davranış adı altında təklif edilən layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı səsləndirilən ittihamların Avronest çərçivəsinə gətirilməsi olub. Mən  Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq Büro iclasında bunun qəti əleyhinə çıxdım və nəticədə qətnamə layihəsi  geri götürüldü. Bundan əlavə, Azərbaycanın millət vəkili Tahir Mirkişilinin həmməruzəçi olduğu qətnamə Plenar sessiyada qəbul edilib. Təşkilatın sosial komitəsinin iclasında isə Azərbaycanın "ASAN Xidmət"inin təqdimatı baş tutub. Avronest PA-nın sosial komitəsinin həmsədri, həmkarımız  Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutan təqdimatı "ASAN xidmət"in rəsmisi Kamran Ağası edib". Onun bildirdiyinə görə, Avronest PA-nın Plenar sessiyası çərçivəsində keçirilən digər bir mühüm tədbir Qadın Forumu olub: "Mənim və Məlahət İbrahimqızının iştirak etdiyi forumda bizim tərəfimizdən Azərbaycan Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən siyasət və tədbirlər haqqında məlumat verilib. Təşkilatın İqtisadi komitəsinin iclasında isə millət vəkili Azər Kərimli iştirak və çıxış edib, ölkəmizin iqtisadi siyasəti haqda komitə üzvləri və iştirakçılara məlumat verib. Plenar sessiyanın sonuncu iclas günündə keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Cavanşir Feyziyev çıxış edib. Millət vəkili Cavanşir Feyziyev Avropa qurumlarında lobbiçilik fəaliyyətlərinin bu qədər geniş vüsət almasını pislədi.Bütövlükdə, hesab edirəm ki, Avrenest PA-nın plenar sessiyası məhsuldar keçdi və Azərbaycan nümayən heyəti bu tədbirdə fəallığı ilə seçildi. Millət vəkillərimiz bu beynəlxalq təşkilatın tədbirində milli və dövlət maraqlarımızı qətiyyətlə müdaifə etdilər".

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi paradı ordumuzun qüdrəti kimi dəyərləndirən millət vəkili qeyd edib ki, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda söylədiyi çox parlaq və dərin məzmunlu nitqində həm Ordumuzun inkişaf tarixinə, mövcud vəziyyətinə dair əhatəli təhlillər apardı, həm də Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələr, hədəflərimiz barədə mühüm mesajlar verdi: "Ümid edirəm ki, istər beynəlxalq ictimaiyyət, istərsə də, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan dövlətinin rəhbərliyi bu mesajlardan düzgün nəticə çıxaracaqlar. Çünki bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu atıq öz müsbət nəticələrini verməkdədir. Həm ordumuzun maddi-texniki təminatı yüksək səviyyədədir, həm də şəxsi - heyətdə müsbət əhval-ruhiyyə hökm sürür. Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirmək, ölkəni bütün hədələrdən müdafiə etmək qüdrətinə malikdir. Heç də təsadüfi deyil ki, beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ordumuz dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Azərbaycan ordusu peşəkarlıq və döyüş hazırlığı səviyyəsinə görə də müsbət mənada seçilir, çox güclü hərbi texnika, müasir silahlarla təmin olunub. Yeri gəlmişkən, iyunun 26-da keçirilən möhtəşəm hərbi paradda bu texnikaların sadəcə bir qismi nümayiş etdirildi. Bu parad Azərbaycanda aparılan ordu quruculuğu siyasətinin nə qədər effektiv və uğurlu nəticələrlə müşayiət olunuduğunu təsdiqlədi. Ali Baş Komandan İlham Əliyevin paradda vurğuladığı kimi, bu gün ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünyanın nadir ölkələrindəndir".

Millət vəkili əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapması üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil. Bunun üçün qarşı tərəf və münaqişənin nizamlanmasında müəyyən funksiyaları üzərinə götürən vasitəçi tərəflər də səmimiyyət ortaya qoymalıdırlar, əks təqdirdə, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur: "Status-kvonu formalaşdıran səbəblərə nəzər saldıqda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayondan qoşunlarını çıxarmaq istəməməsi və hər vəchlə danışıqlar prosesini pozmağa çalışması, eyni zamanda, beynəlxalq ictimaiyyətin yetəri qətiyyəti ortaya qoymaması və işğalçı dövlətin özünü cəzasızlıq mühitində hiss etməsi kimi amillər özünü qabarıq göstərir. Lakin təbiidir ki, status - kvo əbədi ola bilməz və münaqişə mütləq şəkildə ədalətli həllini tapmalıdır. Azərbaycan sülh danışıqlarına sadiqliyini nümayiş etdirsə də, yekun da bu danışıqlar bir nəticə verməsə Azərbaycan özünün beynəlxalq sənədlərlə təsdiq olunmuş hüquqlarından istifadə edərək öz ərazi bütövlüyünü həll etmək üçün digər yollara da müraciət edəcək. Bu zaman, hərbi paradda bir daha öz təsdiqini tapan Azərbaycan Ordusunun gücü öz sözünü deyəcək. Azərbaycan xalqı da ordumuzun istənilən vəzifəni icra eməyə hazır və qadir olduğuna əmindir. Bu isə həm də o deməkdir ki, Azərbaycan dövləti və xalqımız heç vaxt işğalla barışmayacaq  və öz ərazi bütövlüyünü mütləq bərpa edəcək.  Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. 2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması sübuta yetirdi ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək və qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra etmək əzmində və qüdrətindədir. Həm aprel döyüşləri, həm də Naxçıvan əməliyyatlarının ifadə etdiyi başqa bir məqam ondan ibarətdir ki, Ermənistanın öz ordusu ilə bağlı yaydığı mif də artıq darmadağın edilib. İndi erməni xalqı illərdir ki, onlara güclü orduya malik olmaları ilə bağlı uydurulan yalanların sabun köpüyündən başqa bir şey olmadığını dərk edir və bundan da ciddi şəkildə təşviş keçirirlər. Hər halda son günlərdə Ermənistan cəmiyyətində müşahidə olunan ab-hava, ümidsizlik, onların Azərbaycan Ordusunun və dövlətinin qüdrəti ilə barışdıqlarını göstərir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31