Cənubi Koreya səfiri: "Azərbaycan vacib tərəfdaşdır"

"Azərbaycan Koreya üçün vacib və əsas tərəfdaşdır". 
 
Bunu Koreya Respublikasının Azərbaycandakı  səfiri Kim Çanq Qyu bu gün keçirilən ictimai-siyasi diplomatiya seminarında deyib.
 
Səfir bildirib ki, Azərbaycan və C. Koreya  arasında 1992-ci ildən ikitərəfli əlaqələr mövcuddur və 12 il ərzində 3 sammit baş tutub. 
  
İki ölkə arasında qarşılıqlı səfərlərin əlaqələri gücləndirdiyini vurğulayan  səfirin sözlərinə görə, ölkələr arasında  mövcud olan davamlı siyasi dialoq əhəmiyyətli nümunədir: "Beynəlxalq aləmdə bir-birimizə həmişə dəstək ifadə edirik. Son illər ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda artımın şahidi oluruq. Ölkələr arasındakı ticarət dövriyyəsi tədricən artaraq  2014-cü ildə 270 milyon dollara  çatıb. Mədəniyyət ikitərəfli əməkdaşlıqda çox mühümdür, çünki ortaq mədəniyyəti bölüşürük. Koreya-Azərbaycan Mədəni Əməkdaşlıq Assosiasiyası iki ölkə arasında  mədəni əlaqələrin inkişafını təşviq edir.  Bu gün 24 koreyalı tələbə Azərbaycan təhsil  müəssisələrində təhsil  alır, 80 azərbaycanlı tələbə isə Koreyada oxuyur. Koreya universitetində Azərbaycan dili mərkəzi fəaliyyət  göstərir və Azərbaycanın 4 universitetində isə Koreya dili tədris olunur".
 
İldən-ilə turizm əlaqələrinin genişləndiyini söyləyən səfir qeyd edib ki, viza sadələşdirilməsi sayəsində bu il  Azərbaycana gələn koreyalı turistlərin sayı 10 min nəfərə çatıb: "Növbəti illər üçün bura gələn turistlərin sayının ikiqat yüksəlməsinə ümid edirəm". 

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31