Rus politoloqların Bakı səfəri: Rusiya ictimai fikrinə təsir...
3 İyul 2018 14:57 SiyasətCocuq Mərcanlıda Ermənistan-Azərbaycan konflikti ilə bağlı səsləndirilən fikirlər mütləq Rusiya ictimaiyyətinə çatdırılacaq.
Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir Rusiya siyasi elitasının tanınmış nümayəndə heyətinin Cocuq Mərcanlıdakı konfransda iştirakını əhəmiyyətli hesab edib:
"Çünki siyasətçilər adətən cəmiyyətdə olan bu və ya digər mövqeyə əsasən qərar qəbul edirlər. Bu, dünya təcrübəsində var. İctimaiyyətin siyasi elitaya təzyiqi hər zaman ciddi olur və siyasi elitanın istiqamətlərinin müəyyənləşdirilməsində əsas rol oynayır. Rusiya ictimaiyyətində nüfuzlu insanların Cocuq Mərcanlıda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birmənalı fikirlər səsləndirməsi müsbət haldır və hesab edirəm ki, bütün bunlar Rusiya ictimaiyyətinə çatdırılacaq. Onlar Rusiya-Azərbaycan əməkdaşlığını yüksək səviyyədə qiymətləndirirlər. Rusiya ictimaiyyətinin tamamilə erməni icmasının təsiri altında olması bizi heç cür qane etmirdi. Bu baxımdan Rusiya ictimai rəyinin bizdən yana olması çox vacibdir. Təbii ki, bu, bir növ mübarizədir və Azərbaycan bununla Rusiya ictimaiyyətinin Ermənistana dəstəyinin qarşısını alır".
T.Zülfüqarov vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi təkcə səngərdə getmir:
"Burada iqtisadi imkanların rəqabəti və təbliğat elementləri də olmalıdır. Azərbaycan nəinki Rusiya, eyni zamanda, digər ölkələrdə də ictimai rəyin qazanılması üçün mübarizə aparmalıdır. Ümumiyyətlə, başa düşməliyik ki, cəbhədə hansısa nailiyyətin əldə edilməsi bundan keçir. Rusiya nümayəndə heyətinin Cocuq Mərcanlıda sərgilədiyi mövqe ədalətli idi. Çünki Rusiya dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu fakt onlarla sənədlərdə əks olunub və Azərbaycan ayrı cür Rusiya ilə əlaqədə olmazdı. Hesab edirəm ki, bu cür mövqelərin, ələlxüsus da Rusiyanın nüfuzlu şəxslərinin fikirlərinin təbliğ olunması çox vacib amildir. Hansı ki, Azərbaycan öz mübarizəsində bundan mütləq istifadə edəcəyik. Əsas və həlledici amil Azərbaycan xalqının, dövlətinin iradəsidir. Digər amillər isə ikinci dərəcəlidir. Ancaq onların da vacibliyi öz yerində qalır".
Axar.az