Ermənilər iç üzlərinin açılmasından qorxurlar
3 İyul 2018 12:25 SiyasətMais Səfərli: "Bolqarıstanda baş verən hadisə erməni məkirliyinin bariz nümunəsidir"
Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı tacavüzü ilə bağlı müfəssəl material yayımlanıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib. Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı və sair məqamlar, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb. Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər. Yurddaş Partiyasının sədri Mais Səfərli "Olaylar"a bildirib ki, son illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox ciddi işlər görülür: "İstər dövlət, istərsə də qeyri-hökumət təşkilatları səviyyəsində həqiqətlərimiz dünya ictimaiyyətinə çatdırlır. Artıq dövlətin bu məslə ilə bağlı xüsusi siyasəti də var və bu siyasət öz səmərəsini verməkdədir. Nəzərə almaq lazımdır ki, dünya ictimaiyyəti hələ də ermənilərin göz yaşlarına inanmaqda davam edir. Buna baxmayaraq bəzi hallarda ermənilər Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran topluma qarşı aqressiv hərəkətlərə yol verirlər. Yaşadıqları ölkənin qanunlarına riayət etmədən belə addımlara qarşı çox ciddi təpkilər göstərirlər. Bolqarıstanda baş verən hadisə də birbaşa erməni məkirliyinin bariz nümunəsidir. Çünki, ermənilər iç üzlərinin açılmasını, ifşa olunmalarını istəmirlər. Nəzərə almaq lazımdır ki, ermənilər yalan və göz yaşları ilə dünya ölkələrini aldatmağa nail olublar. İndi isə başa düşürlər ki, onlarn oyunlarının sonu çatıb, ona görə də daha aqressiv hərəkətlərə yol verirlər".