“O xoşbəxtlik hələ qapımı döyməyib” – YAP-çı deputat

Bu gün millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Aydın Mirzəzadənin doğum günüdür. 61 yaşını qeyd edən deputat doğum günü ilə bağlı təəssüratlarını bölüşüb.

- Hazırda maşındayam, sürücüm sizin zənginizə görə mənə təəccüblə baxdı. O, bilmirdi ki, bu gün mənim ad günümdür. Çünki təmtarağı sevmirəm. Dünən ailəmlə birlikdə Bakıdan kənara çıxdım, ad günümü birlikdə qeyd etdik, bununla da doğum günü məclisi bitdi. Ad günümü sadəcə təqvim ili kimi qəbul edirəm. Bu, o deməkdir ki, bir yaşda böyüdüm. Bu gün ad günü olan hər bir kəsi təbrik edirəm. Və ən əsası mən nə qədər şanslıyam ki, ad günüm Azərbaycanın peşə bayramı ilə eyni günə təsadüf edir. Asayişin qorunmasında böyük xidmətləri olan, vətəndaşlarımızın qulluğunda olan polis dostlarımı, Ramil Usubovu təbrik edirəm. 

- Yaş sizin üçün nədir?

- Yaş mənim üçün var-dövlətdir. Hər yaşıma sevinirəm. Yaşımın çoxalmasını böyük var- dövlət hesab edirəm. Bu, bizim yaşadığımız həyatın növbəti bir pilləsidir, insanlara dəyərli olmaq hissini yaşamaqdır. 

-61-in kürəyini yerə vurmaq, bu günə çıxmaq çətin olmadı ki?

-Yox, hiss etmədim necə gəldi çatdı. 

-Geriyə sayım etsək, ən çox hansı illərinizdə dayanardınız?

- Mən hər bir günümü - çətinliyimi, uğursuzluğumu, nəyinsə alınmadığını belə qiymətləndirirəm. Onlar olmasaydı, bugünkü 61 də olmazdı. 

-Nəvələriniz varmı?

- Hələ yoxdur. O xoşbəxtlik qapımı döyməyib. Yoldaşımın "təbrik edirəm" sözü mənim üçün ən böyük hədiyyədir. O, həmişə mənə qarşı diqqətlidir. Qızım məxsusi təbrik hazırlamışdı, onu yüksək qiymətləndirirəm. Oğlum və gəlinim isə mənə ağ rəngdə, qısaqol köynək alıblar. Necə də hiss etmişdilər ki, o mənə bu gün gərəkdir. 


AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31