Ermənistan Azərbaycanın hərbi gücündən ciddi təşviş keçirir
2 İyul 2018 13:38 Siyasətİyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi parad cəmiyyətimizin əsas müzakirə mövzusudur. Azərbaycan Ordusunun qüdrətini və maddi-texniki təminatı ilə bağlı uğurlarımızı əyani şəkildə nümayiş etdirən bu paradda Prezident, Ali Baş Komandan İlham Əliyevin geniş nitqində müxtəlif məsələlər yer aldı. 26 iyun paradı xalqa, cəmiyyətə ordumuzun, gücü, qüdrəti, potensialını göstərməklə yanaşı, eyni zamanda xalqda işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyi ümidini də yaratdı. Təsadüfi deyil ki, cəmiyyətin əksər təbəqələri də məhz belə düşünür. Millət vəkili Sahibə Qafarova deyir ki, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda söylədiyi çox parlaq və dərin məzmunlu nitqində həm Ordumuzun inkişaf tarixinə, mövcud vəziyyətinə dair əhatəli təhlillər apardı, həm də Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələr, hədəflərimiz barədə mühüm mesajlar verdi: "Ümid edirəm ki, istər beynəlxalq ictimaiyyət, istərsə də, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan dövlətinin rəhbərliyi bu mesajlardan düzgün nəticə çıxaracaqlar. Çünki bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu atıq öz müsbət nəticələrini verməkdədir. Həm ordumuzun maddi-texniki təminatı yüksək səviyyədədir, həm də şəxsi - heyətdə müsbət əhval-ruhiyyə hökm sürür. Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirmək, ölkəni bütün hədələrdən müdafiə etmək qüdrətinə malikdir. Heç də təsadüfi deyil ki, beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ordumuz dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Azərbaycan ordusu peşəkarlıq və döyüş hazırlığı səviyyəsinə görə də müsbət mənada seçilir, çox güclü hərbi texnika, müasir silahlarla təmin olunub. Yeri gəlmişkən, iyunun 26-da keçirilən möhtəşəm hərbi paradda bu texnikaların sadəcə bir qismi nümayiş etdirildi". Millət vəkili bildirib ki, sözügedən parad Azərbaycanda aparılan ordu quruculuğu siyasətinin nə qədər effektiv və uğurlu nəticələrlə müşayiət olunuduğunu təsdiqlədi: "Ali Baş Komandan İlham Əliyevin paradda vurğuladığı kimi, bu gün ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünyanın nadir ölkələrindəndir". Paradda dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı verdiyi mühüm mesajlara da toxunan millət vəkilinin sözlərinə görə, Cənab Prezident Ordumuzun qüdrətinin, sahib olduğu imkanların yüksək olduğunu əsas gətirərək bildirdi ki, biz düşmənin bütün strateji hədəflərini məhv etməyə qadir bir güclü ordu yaratmışıq: "Hazırda Ali Baş Komandanın paradda bu istiqamətdə verdiyi məsələlər Ermənistan mediasında və cəmiyyətində də ciddi müzakirə olunur". Millət vəkili problemə toxunarkən onu da qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapması üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil: "Bunun üçün qarşı tərəf və münaqişənin nizamlanmasında müəyyən funksiyaları üzərinə götürən vasitəçi tərəflər də səmimiyyət ortaya qoymalıdırlar, əks təqdirdə, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur. Status-kvonu formalaşdıran səbəblərə nəzər saldıqda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayondan qoşunlarını çıxarmaq istəməməsi və hər vəchlə danışıqlar prosesini pozmağa çalışması, eyni zamanda, beynəlxalq ictimaiyyətin yetəri qətiyyəti ortaya qoymaması və işğalçı dövlətin özünü cəzasızlıq mühitində hiss etməsi kimi amillər özünü qabarıq göstərir. Lakin təbiidir ki, status - kvo əbədi ola bilməz və münaqişə mütləq şəkildə ədalətli həllini tapmalıdır. Azərbaycan sülh danışıqlarına sadiqliyini nümayiş etdirsə də, yekun da bu danışıqlar bir nəticə verməsə Azərbaycan özünün beynəlxalq sənədlərlə təsdiq olunmuş hüquqlarından istifadə edərək öz ərazi bütövlüyünü həll etmək üçün digər yollara da müraciət edəcək. Bu zaman, hərbi paradda bir daha öz təsdiqini tapan Azərbaycan Ordusunun gücü öz sözünü deyəcək. Azərbaycan xalqı da ordumuzun istənilən vəzifəni icra eməyə hazır və qadir olduğuna əmindir. Bu isə həm də o deməkdir ki, Azərbaycan dövləti və xalqımız heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək". Sahibə Qafarovanın qənaətincə, 2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması sübuta yetirdi ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək və qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra etmək əzmində və qüdrətindədir: "Həm aprel döyüşləri, həm də Naxçıvan əməliyyatlarının ifadə etdiyi başqa bir məqam ondan ibarətdir ki, Ermənistanın öz ordusu ilə bağlı yaydığı mif də artıq darmadağın edilib. İndi erməni xalqı illərdir ki, onlara güclü orduya malik olmaları ilə bağlı uydurulan yalanların sabun köpüyündən başqa bir şey olmadığını dərk edir və bundan da ciddi şəkildə təşviş keçirirlər. Hər halda son günlərdə Ermənistan cəmiyyətində müşahidə olunan ab-hava, ümidsizlik, onların Azərbaycan Ordusunun və dövlətinin qüdrəti ilə barışdıqlarını göstərir".
Məhəmməd