Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə sentyabrın 1-də başlanılacaq

MM vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtın dəyişdirilməsini nəzərdə tutan layihəni qəbul edib.

"Olaylar" xəbər verir ki,  Milli Məclisinin növbədəkənar sessiyasının  sonuncu plenar iclasında "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt dəyişdirilir. Vəsiqələrin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq. Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılırdı.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31