Azərbaycandan Ermənistana və dünya birliyinə üç mühüm mesaj
29 İyun 2018 14:36 SiyasətBu günlərdə bütün dünyanın diqqəti Azərbaycana hakim kəsilmişdi desək yanılmarıq. Təhlükəsizliyimizin təminatı, qürur mənbəyimiz Azərbaycan Ortdusunun yaranmasının 100 illiyi bütün ölkə boyu təntənəli şəkildə qeyd olundu. Yubiley tədbirlərinin ən yadda qalanı paytaxtda bütün qoşun növlərinin iştirakı ilə hərbi paradın keçirilməsi oldu. Məlumat üçün qeyd edək ki, hərbi paradda Azərbaycanın hərbi arsenalına yeni daxil edilən hərbi texnika, silah-sursat da nümayiş olunub. Xüsusilə, zirehli avtomobillər üzərində quraşdırılmış "SPAYK-LR", silahlanmaya yeni qəbul edilmiş daha güclü "SPAYK-ER" tank əleyhinə idarə olunan raket kompleksləri paradı izləyənlərin böyük marağına səbəb olub. Bu məqamda bir faktı qeyd etmək yerinə düşər ki, 2016-cı ilin aprel döyüşləri zamanı bu silah vasitəsilə 30-dan artıq düşmən tankı və digər zirehli döyüş texnikası məhv edilib. Üzərində pilotsuz uçuş aparatları əleyhinə qurğu yerləşdirilmiş zirehli avtomobillər, mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunmuş "MARAL-1" və "MARAL-2" zirehli avtomobilləri də paradda nümayiş olunub ki, həmin hərbi texnika da Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin zavodlarında istehsal olunur.
Ağır hərbi texnika istehsalında yenilik hesab edilən zirehli transportyor "BTR-82A"nın xüsusiyyətləri onu bütün növ qoşunlarda, həmçinin desant və kəşfiyyat bölmələrində istifadə etməyə imkan verir.
Hərbi paradın ən yadda qalan məqamlarından biri hərbi hava qüvvələrinin qırıcı təyyarələrinin və hərbi vertolyotlarının nümunəvi uçuşları olub. Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi parad Azərbaycan xalqında bir daha əminlik yaradıb ki, paradda nümayiş etdirilən silah sistemləri və hərbi texnikalarla Azərbaycanın hava məkanı düşmənin istifadəsində olan istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq.
Qeyd edək ki, Azərbaycanın Hərbi Hava Qüvvələri hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malikdir. Qırıcı-bombardmançı aviasiya bütün hündürlüklərdə hava hədəflərini məhv etmək, yerləşdiyi məkandan asılı olmayaraq yerüstü obyektlərə və hədəflərə zərbələr endirmək iqtidarındadır.
Ordumzuun 100 illiyi ərəfəsində Azərbaycan xalqında Silahlı Qüvvələrə olan inamı, qələbə ümidini artıran digər bir məqam Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hərbi paraddakı geniş və əhatəli, eyni zamanda xəbərdarlıq dolu çıxışı oldu. Hərbi paradda çıxış edən Azöərbaycan Prezidenti bildirib ki, ordumuzun ən müasir silahlar, texnika ilə təchiz edildiyini bir daha diqqətə çatdıraraq bildirib ki, son illər ərzində ən müasir texnika və silahlar alınıbdır: "Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir. Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin. Ona görə edirik ki, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur".
Dövlət başçısının çıxışına diqqət yetirsək aydın şəkildə görərik ki, əslində Azərbaycan Prezidentinin hərbi paradda səsləndirdiyi fikirlər həm dünya birliyi, həm işğalçı Ermənistan, həm də ona havadarlıq edən dövlətlər, təşkilatlar üçün növbəti xəbərdarlıq mesajıdır. İstər hərbi paradda nümayiş olunan hərbi texnika və silah-sursatlar, istərsə də dövlət başçısının səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan mövcud vəziyyətlə heç vaxt barışmayacaq və nə qədər gec deyil həm işğalçı ölkə, həm də dünya birliyi bunu dərk etməlidir: "Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır".
Prezidentin səsləndirmiş olduğu bu ifadələr birbaşa işğalçı Ermənistan rəhbərliyinə ünvanlanıb desək yanılmarıq. Dövlət başçısı açıq şəkildə İrəvanı xəbərdar edib ki, qısa müddətdə danışıqlar prosesinə maraqlı olmalıdır. Əks təqdirdə düşmən üçün Aprel dərsi, Güngüt zəfəri təkrarlana bilər.
Azərbaycan Prezidentinin çıxışında qeyd etdiyi məqamlar vurğuladığımız kimi beynəlxalq birlik, Ermənistana dəstək duran tərəflər üçün də bir mesajdır. Xüsusilə, dövlət başçısının çıxışında BMT qətnamələri ilə bağlı məqam diqqət çəkicidir. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl BMT baş katibi ilə Rusiyanın xarici işlər naziri arasında keçirilən görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı təşkilıatın qəbul etdiyi qətnamələrə diqqət çəkilərək bildirilmişdi ki, həmin qətnamələr müharibə şəraitində qəbul edildiyi üçün bu gün onlar işlək vəziyyətdə deyil. Azərbaycan Prezidenti isə hərbi paradda çıxışı zamanı bu iddianın kökündən yalnış olduğunu vurğulamaqla bir növ məlum istəkdə olanlara qəti və net olaraq öz mesajını verdi: "BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir və orada da göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir və öz qüvvəsini itirməyib".
Nəhayət, iyunun 26-da keçirilən hərbi parad vasitəsilə Azərbaycanın dünyaya, eləcə də işğalçı Ermənistana verdiyi üçüncü bir vacib mesajı ondan ibarət idi ki, hər bir məsələdə olduğu kimi Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə də Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadır. Hərbi parad zamanı Türk şahinlərinin həyata keçirdiyi nümunəvi uçuşlar da bunun əyani sübutu idi ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı təkcə sözdə deyil, həm də əməldədir.
Göründüyü kimi, Azərbaycan növbəti dəfə həm dünya birliyi, həm də işğalçı ölkəyə öz mesajını ünvanladı. Özü də bu dəfə edilən xəbərdarlıq mesajını həyata keçirməyə qadir güc, qüvvə ilə bərabər. Artıq rəsmi Bakının xəbərdarlıq mesajından nəticə çıxarmaq isə qarşı tərəfin diqqət edəcəyi məsələdir. Əks təqdirdə işğalçı ölkəyə Ordumuz yeni Aprel sürprizləri bəxş edəcək.
Süleyman